Ucarda bir ailə kömək istəyir - EVLƏRİ UÇUB
Ailə başçısı yazır ki, ailəsinə məxsus Ucar rayonu Lək kəndində yerləşən yaşayış evi bir həftə əvvəl uçquna məruz qalıb. Hazırda ailə 3 azyaşlı uşaqla birgə yağışın altında yaşamağa məcbur olub. Maddi imkanları ev tikdirməyə imkan vermir.
Müraciət müəllifi qeyd edir ki, yuyucu sexlərində (moykalarda-red) işləyib, sonradan xəstələndiyi üçün işsiz qalıb. Bu səbəbdən, ailənin dolanışığını da təmin edə bilmir. Atasını itirmiş Ucar sakinin anası Piriyeva Aytəkin Bəhrəm qızı isə 2-ci qrup gözdən əlildir. Onun aldığı 125 manat təqaüdün ümüdünə qalıblar.
Ailədə uşaqların böyüyünün 6 yaşı, ortancılın 5, kiçiyinin isə 1 yaşı var. Həyat yoldaşı azyaşlı uşaqlara baxdığı üçün evdar qadındır.
Samir Piriyev deyir: "Artıq yağışın altında açıq havada yaşamaqdan azyaşlı uşaqlarım ciddi şəkildə xəstələniblər. Bizim yaşam tərzimizi gəlib gözləri ilə görən olsa dəhşətə gələr. Ailəmiz xəstəlikdən məhv olmaq təhlükəsi ilə üz-üzədir. Aidiyyatı orqanlar kömək etmirlər. Baxmayaraq ki, bu barədə Ucar rayon rəhbərliyinə və kənd bələdiyyəsinə müraciətlər etmişik. Yan hasarı uçmuş bir otağın içində təhlükə altında yaşamaq çox qorxuludur. Həmin otaq da hər an uça bilər. Çıxılmaz vəziyyətdə qalmışıq".
Biçarə ailə başçısı mərhəmətli, humanist insanlardan yardım istəyir. Allah xatirinə və 3 azyaşlı uşaqlarına görə ailəyə maddi köməklik göstərilməsini xahiş edir. O ümid edir ki, bəlkə bu yolla kiçik bir daxma tikib orda insan kimi yaşamağa davam edəcəklər.
Köməklik göstərmək istəyənlər onun özü ilə bu telefonla əlaqə yarada bilərlər - (050) 751-60-16
"Demokratik.Az" saytı bu durumda Ucar icra hakimiyyətini və əlaqədar qurumları biganəliklərindən dolayı qınayır, bu məsələni nəzarətə götürmələrini xahiş edir.
Demokratik.Az