Serj Sərkisyan sabiq naziri qabağa verdi

  • 12 noy 2018, 15:42

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyası növbədənkənar parlament seçkisinə qatılmaq qərarı verib.

Noyabrın 1-də Ermənistan parlamenti buraxılıb. Növbədənkənar parlament seçkisi dekabrın 9-da keçiriləcək.

Novator.az-ın məlumatına görə, Respublika Partiyası Şurasının noyabrın 11-də keçirilən birgə iclasında seçkiyə qatılmaq qərarı çıxarılıb. Partiyanın namizədlər siyahısına sabiq müdafiə naziri Vigen Sərkisyan başçılıq edəcək.

Vigen Sərkisyan noyabrın 11-də partiya sədrinin birinci müavini seçilib. Əvvəllər bu postu sabiq baş nazir Karen Karapetyan tutub. Karen Karapetyanla Serj Sərkisyanın parlament seçkisinə qatılmayacaqları bəyan olunub.

Serj Sərkisyan 1990-cı ildə yaradılmış Respublika Partiyasına 2007-ci ildən sədrlik edir.

1975-ci il təvəllüdlü Vigen Sərkisyan Sankt-Peterburq Mülki Xidmət Akademiyasını, Yerevan Dövlət Universitetini və Filetser Hüquq və Diplomatiya Məktəbini (ABŞ) bitirib.

1995-1998-ci illərdə Ermənistan parlamenti sədrinin köməkçisi, 2003-2009-cu illərdə Ermənistan prezidentinin köməkçisi, 2009-2011-ci illərdə Prezident Administrasiyası rəhbərinin müavini olub. 2011-ci ildən Prezident Administrasiyasına rəhbərlik edib.

2000-2003-cü illərdə müdafiə nazirinin referenti kimi hərbi xidmət keçib.

2016-cı ilin oktyabrından 2018-ci il mayınadək müdafiə naziri olub.

Ermənistanın indiki parlamenti 2017-ci il aprelin 2-də seçilib. Respublika Partiyası 105 nəfərlik parlamentə 58 mandat qazanaraq hökumət qurmaq hüququ əldə edib. 2008-ci ildən prezident olan Serj Sərkisyan bu il aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verib. Xalq etirazlarına Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyan başçılıq edib. O, mayın 8-də baş nazir postuna keçib.

Nikol Paşinyan və onun hökuməti oktyabrın 16-dan istefadadır. Prezident Armen Sərkisyan hökuməti müvəqqəti olaraq əvvəlki heyətə tapşırıb.

İstefa növbədənkənar parlament seçkisi planının tərkib hissəsi olub. Baş nazir istefa verdikdən sonra iki həftə ərzində hökumətin yeni başçısı seçilmədiyi üçün parlament konstitusiyanın hökmü ilə buraxılıb.

Hazırda Vətəndaş Sazişi Partiyasının və müttəfiqlərinin "Çıxış” bloku parlamentdə 9 mandata sahibdir. Respublika Partiyasının parlament fraksiyası 50 nəfərdən, böyük əksəriyyəti Çiçəklənən Ermənistan Partiyasının üzvləri olan Sarukyan bloku 31 nəfərdən, Daşnaksütun Partiyasının fraksiyası 7 nəfərdən ibarətdir. 8 deputat heç bir fraksiyaya qatılmır.

Oxşar xəbərlər