Amaliya Pənahova ilə vida mərasimi keçirilib - Fotolar

  • 09 noy 2018, 13:34

Akademik Milli Dram Teatrında xərçəng xəstəliyindən dünyasını dəyişən xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir.

Musavat.com  xəbər verir ki,  mərasimdə mərhum aktrisanın ailə üzvləri,  mədəniyyət naziri Əbülfəs Qarayev, xalq artistinin sənət dostları və pərəstişkarları iştirak edir.

Mərasimə qatılan əməkdar artist Teymur ƏmrahAmaliya Pənahovanın vəfatının böyük itki olduğunu bildirib: "Yaxınlarına, ailəsinə səbr diləyirəm. Böyük itkidir. Azərbaycan teatrına töhfələr verib. Allah rəhmət eləsin”.

Xalq artisti Nurəddin Mehdixanlı aktrisanı fədakar adlandırıb: "Hər zaman gənclərə dəstək olub, yanlarında olub. Çox çətin dövrdə Bakı Bələdiyyə Teatrını yaratdı, sənətdən uzaqlaşan şəxsləri ora dəvət etdi. O həm sənətçi, həm də insan olaraq özü üçün yaşamayıb. Amaliya Pənahovanın yeri hər zaman görünəcək. O, fiziki mənada uzaqlaşıb. Amaliya xanım hər zaman bizimlə olacaq”.

Mədəniyyət naziri Əbülfəs Qarayev xalq artistinin həyat və yaradıcılığı barədə məlumat verib. O, Pənahovaya  Allahdan rəhmət diləyib.

Xalq artisti Rafael Dadaşov mərhum həmkarı Amaliya Pənahovadan danışaraq deyib ki, xalq artistinin yaradıcılığı  onun üçün  məktəb olub:

"Mən hamını başa düşürəm. Yaş etibarılə mənə üz tutursuz. Cavanların təcrübəsi, səlahiyyəti yoxdur ki, nə isə desinlər. Amaliya Pənahova ilə müştərək işlər görmüşük. Onunla səhnədə olanda mən özümü yığışdırırdım. Çalışırdım ki, ona layiqli tərəf-müqabilim olum. Şəxsən mənim üçün o, bir məktəb idi. Amaliya xanım gözəl ömür yaşadı. Hər dəfə rastlaşanda mənə heyfsləndiyini deyirdi. Çünki o, rəhbəri olduğu Bakı Bələdiyyə Teatrında məni görmək istəyirdi. Nəsil qalmadı! Kimdən danışacağıq? Ağız dolusu danışacaqlarımız adamlar azdır. Pərişanam! Kədərliyəm, Allah rəhmət eləsin!”

Xalq artisti Hacı İsmayılov da xalq artisti haqqında təəssüratlarını bölüşüb. O bildirib ki, aktrisa xalqın sevgisini qazanıb:

"Xalqın sevgisini qazanmaq hər aktrisaya qismət olmur. Bura gələnlər ona olan sevginin böyüklüyünü göstərir. Ağbirçək ananın əlində gül dəstəsi mərasimə qatılması xalqın sevgisidir. Özünə nə qədər əmin olmalısan ki, xəstə-xəstə tamaşa təşkil edəsən. Hər adama nəsib olmur. O axıra qədər Bələdiyyə Teatrını yaşatdı. O 19 yaşında sənətə gəlib və ulduz kimi parlayıb. Ona baxıb neçə-neçə gənc qız bu sənətə gəlib. Artistin ömrünün uzunluğu gördüyü işlərdən asılıdır. Amaliya Pənahova hələ uzun illər xalqın qəlbində yaşayacaq. Allah ona rəhmət eləsin".

Xalq artisti Azərpaşa Nemətov öz növbəsində xalq artistinə rəhmət diləyib:
 
"Dövrümüzün ən mükəmməl aktirsası idi. Bu bizim üçün çox ağrılıdır. 10 gün qabaq onunla görüşüb, teatrı gəzmişdik. Həmişə çalışırdı ki, nəsə eləsin. Onun buraxdığı izlər təkrarolunmazdır. Amaliyanı cavanlıqdan tanıyırdım. Onun "Nargilə” obrazı bütün sevənləri sarsıtmışdı. Onu rejissor Tofiq Kazımov kəşf etmişdi. Biz onunla tez-tez zəngləşir, danışırdıq. Ona deyirdim ki, "Azdrama" sənin sənin doğma teatrındır.

O, hərbi bölgələrdə öz kollektivi ilə tamaşalar oynayırdı. Sakit dayanmırdı, bu, Milli Məclisdə deputat olduğu dövrdə də belə idi. Həm rejissor, həm aktrisa kimi çox böyük idi. Bunlar yaddaşımızdadır. İllər keçəcək, oynadığı tamaşalar, filmlər yenə də göstəriləcək. Onun böyük sənəti əbədiyyətdə də özünə yer tapacaq. O, böyük bir dövrün, epoxanın sənətkarıdır. Ailə üzvlərində başsağlığı verirəm. Bu gün hamı məyusdur. Son dəfə onu bu səhnəyə çıxardıq. Ruhu şad olsun!”

 Amaliya Pənahovanın oğlu İlqar Muxtarov vida mərasiminə gələnlərə təşəkkür edib: 

"Çox sağ olun ki, gəlmisiniz. Ailəmiz üçün böyük itkidir. Prezidentimiz İlham Əliyevə və vitse-prezidentimiz Mehriban Əliyevaya dəstəyə görə təşəkkür edirəm. Mədəniyyət naziri Əbülfəs Qarayevə gəldiyi üçün  təşəkkür edirəm. İnanıram ki, Bələdiyyə Teatrı uzun illər yaşayacaq və anamın adını yaşatacaq. Bir daha minnətdarlığımı bildirirəm".

Bundan sonra xalq artisti Amaliya Pənahova ilə vida mərasimi başa çatıb. Onu son mənzilə yola salmaq üçün gələnlər ayaqüstə alqışlayaraq aktrisa ilə vidalaşıblar.

Qeyd edək ki, Pənahova "Qurd qapısı" qəbirstanlığında həyat yoldaşının yanında dəfn olunacaq.

Könül,
Fotolar: Elçin Əkbərov,
Musavat.com


 
Oxşar xəbərlər