Bakıda taksilərin sayı üç dəfə azaldılacaq

  • 06 noy 2018, 15:19

Azərbaycanda rəqabətli xidmət bazarının olduğu ən böyük sektor taksi fəaliyyətidir. 

Oxu.Az xəbər verir ki, hazırda Azərbaycanda 37 taksi şirkəti fəaliyyət göstərir.

Onların fəaliyyəti hamını razı salmasa da, bu sahənin inkişaf etdiyi aydın görünür. Bəzi mütəxəssislər isə avtobus daşımaçılığında olduğu kimi, səhmləri dövlətə məxsus müasir bit taksi şirkətinin yaranmasını təklif edirlər. 

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli taksilərin dövlət şirkətinə məxsus olmasının tərəfdarı olmadığını vurğulayıb. Onun fikrincə, bu, rəqabətli mühiti aradan qaldıracaq. 

"Amma təbii ki, taksilər nəzarətdə olmalıdır. Bunun üçün işlərə başlamışıq. Yaxın günlərdə bununla bağlı hökumətə təkliflərimizi göndərəcəyik. Birincisi, bundan başlamaq lazımdır ki, bu gün Bakıda 22-25 min arası taksi fəaliyyət göstərir. İstanbulda 18 min taksi var. Əhalisi isə Bakıdan çox, 15 milyondur. Bizim hesablamalarımıza əsasən, Bakıda 8500 taksi fəaliyyət göstərməlidir”. 

İcra qurumu hesab edir ki, taksi fəaliyyətinin bütün parametrləri qanunvericilikdə göstərilib və hökumətə təklif verilib. Təkliflər qəbul olunduqdan sonra taksi fəaliyyəti ciddi şəkildə nəzarətə götürüləcək.

Hava limanı taksi konsepsiyası isə ayrı olacaq, çünki hava limanı ölkəmizin qapısıdır. İnsanların ölkəyə ayaq basdığı andan etibarən aldadılmasının qarşısı alınmalıdır.

Bu layihə üzrə işlərə başlanılıb və proqram təminatı üzrə işlər yekunlaşmaq üzrədir. Rəsmi proqram təminatı imkan verəcək ki, bütün taksilər qeydiyyatdan keçdikdən sonra göstərdikləri xidmət səviyəsinə görə vətəndaşlar tərəfindən onlara ballar verilsin. Bu isə imkan verəcək ki, ictimai nəqliyyatla bağlı ictimai qınaqlara daha tez reaksiya verilsin və tədbirlər görülsün. 

Unutmaq olmaz ki, taksi fəaliyyəti ictimai nəqliyyatın nisbətən lüks növü hesab edilir, ona görə də ciddi problemlər ortaya çıxmasın deyə, aidiyyəti qurumlar bu işləri mərhələli şəkildə həyata keçirməyə çalışırlar. Taksilərin avtobus dayanacaqlarında parklamasına gəlincə, təklif olunur ki, cərimə sistemi dəyişdirilsin. 

"Bizim əməkdaşlarımız planşetlər vasitəsilə cərimələrin tətbiqinə başlayıb. Cərimələmədə müəyyən boşluqlar var idi. Onu da hazırlayıb hökumətə göndərmişik. Bəzən bir nəqliyyat vasitəsi qeyri-qanuni parklama yerində dayanır. Siz onu cəmisi bir dəfə cərimələyə bilərsiniz.

Bizim təkliflərimizdə dəyişikliklər nəzərdə tutulub. Nəqliyyat vasitəsi bir ay ərzində dəfələrlə dayanma-durmanın tələblərini pozubsa, cəriməsi artacaq, daha çox təkrarlanacağı təqdirdə sürücülük vəsiqəsinə xitam veriləcək”.

Oxşar xəbərlər