MTN generalları məhkəmə hakimini dəyişə bilmir

  • 31 okt 2018, 08:17

Hakim hansı hallarda işə baxa bilməz və özü-özünə etiraz etməlidir...

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Elşad Əzizovun apelyasiya şikayətləri üzrə məhkəmə prosesi davam edir.

Xəbər verildiyi kimi, oktyabrın 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə Sübahir Qurbanovun vəkili Adil İsmayılov vəsatətlə çıxış edib. Vəkil vəsatətindən məhkəmə heyətinə etiraz etdiyini deyib. O bildirib ki, hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi məhkəmə heyəti "MTN işi” üzrə digər təqsirləndirilən - ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun şikayətinə baxıb. Adil İsmayılovun sözlərinə görə, bu işin bəzi epizodları Akif Çovdarovun cinayət işindəki epizodlarla eynidir. Bu səbəbdən vəkil məhkəmə heyətinə etiraz edib. Məhkəmə etirazla bağlı qərar qəbul etmək üçün işinə fasilə verib...

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində hakim tərəfindən işə baxılmasına yol verilməməsi 18-ci maddə ilə tənzimlənir.

Maddədə deyilir: Hakim aşağıdakı hallarda işə baxa bilməz və özü-özünə etiraz etməlidir:

Proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin valideyni, övladı, nəvəsi, babası (nənəsi), qardaşı (bacısı), əmisi (dayısı, bibisi, xalası), əmisi (dayısı, bibisi, xalası) uşağı, bacanağı (baldızı) olduqda;

Proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin rəsmi və ya faktiki əri (arvadı) olduqda və ya olmuşdursa;

Bu məcəllənin 18.1.1-ci maddəsində sadalanan şəxslər hakimin arvadı (əri) ilə müvafiq qohumluq əlaqələrində olduqda;

Proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin kürəkəni (gəlini), qayınatası (qayınanası) olduqda.

 Maddə 19-da isə hakimə etiraz olunması üçün əsaslar bunları nəzərdə tutur:

 Hakimə aşağıdakı hallarda etiraz oluna bilər:

Bu məcəllənin 18-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda;

O, inzibati icraatda, o cümlədən şikayət instansiyasında mübahisələndirilən inzibati aktın qəbul və ya təsdiq olunmasında iştirak etdikdə;

O, məhkəmə tərkibi müşavirəyə çıxana kimi mübahisə ilə bağlı işin mümkün nəticəsi barədə məhkəmə baxışından kənar istənilən formada mövqe bildirdikdə (və ya açıq bəyanat verdikdə);

O, inzibati məhkəmə icraatında maraqlarına toxunulan qurumun əvvəllər nümayəndəsi olduqda;

O, işin nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olduqda və ya onun qərəzsizliyinə şübhə doğuran sair hallar olduqda.

Etiraz haqqında vəsatət yazılı formada, məhkəmə iclasının gedişində isə şifahi formada verilə bilər. Vəsatətdə etiraza səbəb olan əsaslar göstərilməlidir.

Etiraz haqqında vəsatət, etiraz etmək üçün əsasın proses iştirakçısına məlum olduğu andan dərhal, üzrlü səbəbdən bunun dərhal mümkün olmadığı hallarda isə 3 gün müddətində verilə bilər.

Bəs MTN generallarının apelyasiya şikayətinə baxan hakim kimdir?

Sahibxan Mirzəyev 1954-cü ildə anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Hüquq fakültəsini bitirib.

1979 -2000-ci illərdə DİN-in əməkdaşı olub. Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi işləyib. Bundan sonra o, ədliyyə sisteminə keçib. 2000-2007-ci illərdə Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hakimi olub. 2007-ci ildən isə Bakı Apelyasiya Məhkəməsinin hakimidir. 2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvüdür.

Sahibxan Mirzəyev həqiqətən də "MTN işi” üzrə prosesdə yeni hakim deyil. Akif Çovdarov, Səlim Məmmədov,  Akif Əliyev və  Orxan Osmanovla yanaşı o,  MTN-in  Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində olan hökmdən verilən apelyasiya şikayətinə də baxıb. Qərara əsasən, apelyasiya şikayəti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.

MTN Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevin ailə üzvləri üzərinə həbs qoyulan əmlakının geri qaytarılması üçün məhkəməyə müraciətlərinə də  Sahibxan Mirzəyevin icraatında baxılıb.

"Yeni Müsavat”

Oxşar xəbərlər