Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü

  • 18 okt 2018, 08:16

Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində Politexnik Kollecinin binasında baş verən partlayış nəticəsində 19 nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb.

Rusiya KİV-də yayılan ilkin məlumatda bildirildi ki, şahidlər binanın yaxınlığında naməlum şəxs görüb. Bəzi şahidlərin sözlərinə görə, o, pəncərədən içəri hansısa əşyanı atıb, digərlərinin sözlərinə əsasən, içəriyə daxil olub və oraya nəsə yerləşdirib.

Şahidlər qeyd ediblər ki, partlayışdan əvvəl kollecdən atəş səsləri eşidilib. Müşahidə kameralarına da hadisəni törətməkdə şübhəli bilinən 20-25 yaşlı şəxs görüntülənib. Terrorçunun əlində silah və partlayıcı maddə olub.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Krımda terror aktı baş vermiş kollecin tələbələrindən biri jurnalistlərə deyib: "Düzü, gecə yatmamışdım deyə, dərsdə yuxu aparmışdı, elə bu da məni xilas etdi. Möhkəm səs-küydən ayıldım. Kabinetdən dəhlizə baxanda gördüm ki, əlində silah olan bir nəfər hamını güllələyir.

Qapını bağladım ki, bəlkə məni görməz. 10 dəqiqə sonra xüsusi təyinatlılar gəldi və mən kabinetdən çıxdım. Atəş açanın başına gələnlərdən xəbərim yoxdur. Partlayış baş verən dəhlizdə şüşələr sınmışdı, döşəmədə çoxlu meyit vardı. Bütün divarlar qaralmışdı".

Rusiya Milli Antiterror Komitəsi hadisədən bir neçə saat sonra elan etdi ki, Krımda baş vermiş partlayış terror aktıdır.

 

 

 

Kollec direktoru isə mətbuata açıqlamasında deyib ki, hadisədən yarım saat əvvəl iş dalınca harasa gedib. O deyib:"Binada olsaydım indi mənim də meyitim qalmışdı. Mənim Nadyamı, anasını da öldürdülər. Avtomatla yuxarı mərtəbəyə qaçıblar, otaqların qapısını açıb hamını güllələyiblər. Əsl terror aktıdır... Eyni Beslandakı kimi... Uşaqlar ölüblər, əməkdaşlar həlak olublar”.

Məlumatlara görə, terrorçu  binaya daxil olaraq gücü trotil ekvivalenti ilə təxminən 300 qram olan bombanı partladıb. Partlayış nəticəsində panika yaranıb və tələbələr qaçmağa çalışıb. Bu dəfə terrorçu onları avtomatla qırmağa başlayıb, yaralılara da aman verilməyib.

Ölənlərin əksəriyyəti texnikum tələbələri olan yeniyetmələrdir.

Krım başçısı Sergey Aksyonov əlavə edib ki, terror aktını törətmiş 22 yaşlı gənc həmin kollecin tələbəsi olub və o, faciəni törətdikdən sonra özünü də öldürüb.

Hadisə ilə əlaqədar Krımda üç günlük matəm elan edilib.

Oxşar xəbərlər