“Əlillərin binası”nın ərazisi satılıb? – Nazirlikdən cavab
Bizimyol.info-ya müraciət edən birinci qrup Qarabağ əlili Bədəlsoy Məğrur Ağamalı oğlu bildirib ki, Qarabağ əlilləri və şəhid ailələrinə Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 46 ünvanında tikilən evi Nərimanov RİH, BŞİH və Nazirlər Kabinetinin İşlər İdarəsinin vəzifəli şəxsləri zəbt edib, yerində villalar, kommersiya obyektləri tikiblər.
36 sotda tikilməli olan kompleksdən cəmi 8 sotda 4 qatlı ev tikilib. Binanın daxili hündürlüyü ən azı 2.70 metr olmalı olduğu halda, əlillər üçün tikilən evdə bu normaya əməl edilməyib və 2,50-2.60 metr hündürlüyündə tikilib. Əlillər evi layihədə Ə. Rəcəbli küçəsinin qırağında nəzərdə tutulsa da, Nərimanov RİH məmurları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məmurları ilə cinayət əlaqəsinə girərək binanın yerində "Nobel Elektrik”, "Hilal Elektrik”, "Omid”, "Net Elektrik” kommersiya obyektləri tikiblər.
Əlillər evi 4 yandan 1 metrlik məsafədən məmur villaları, obyektləri ilə hasarlanıb. Evin pandüsü, kanalizasiyası, TV ötürücüsü, istirahət, uşaqlar üçün oyun meydançası da yoxdur. Qaz 4 ildən sonra çoxsaylı etirazlardan sonra verilib. Amma yenə də qazdan istifadə edə bilmirik. Çünki təhlükəsizlik qaydalarına əməl edilməyib. Elektrik enerjisindən istifadə etmək zorundayıq, bu da pensiyamızı aparır. Burada bir dənə də olsun ağac, yaşıllıq yoxdur. Heç piyada keçidi, svetofor da qoyulmayıb. 7 il qabaq Nəqliyyat Nazirliyinin "Omid”in qarşısında quraşdırdığı dayanacaq köşkünü bir gecənin içində oğurlayıb, hələ də yerinə qoymurlar. Bina 4 yandan hasarlandığından fövqəladə hallarda təcili yardım, yanğın təhlükəsizliyi maşınları girə bilmir. Amma Fövqəladə Hallar Nazirliyi, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər bağlantılı qurumlara edilən şikayətlər qanuna zidd olaraq barəsində şikayət edilən Nərimanov RİH və BŞİH-ə göndərildiyindən səmərə vermir. Əksinə, evi zəbt edənlər yeni hasarlama, tikinti işlərini sürətləndirirlər.
Birinci qrup Qarabağ əlili Bədəlsoy Məğrur Ağamalı oğlunun müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilən informasiya sorğusuna cavab verilib. Cavabda bildirilib: "Sorğunuzda qeyd etdiyiniz yaşayış binası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhəri Nərimanov rayonu, 1957-ci məhəllə, Əhməd Rəcəbli prospekti 46v saylı ünvanında əlil və şəhid ailələri üçün 4 mərtəbəli, 3 girişli, 36 mənzilli olmaqla inşa edilib. Yaşayış binasının tikinti-quraşdırma işləri 25.04.2009-cu ildə başa çatdırılıb. Bütün mənzillər iki otaqlı olub.
Sorğuda binanın istismara qəbul edilən zaman müvafiq tələblərə cavab verməməsi barədə qeyd olunanlara cavab olaraq bildiririk ki, yaşayış binasının istismara qəbul olunması barədə Dövlət Qəbul Komissiyasının 15.05.2009-cu il tarixli aktı tərtib edilib. Qəbul aktına əsasən yaşayış binası həmin vaxt istismara qəbul edilib. Dövlət Qəbul aktında binanın soyuq və isti su təhcizatı, kanalizasiya, istilik təchizatı, enerji təhcizatı və rabitə üzrə xarici və daxili kommunikasiyaların obyektin normal istismarını təmin etdiyi istismar təşkilatları tərəfindən qəbul olunduğu qeyd olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12.05.2010-cu il tarixli sərəncamına əsasən həmin yaşayış binası Nazirliyin balansından çıxarılaraq əvəzsiz olaraq Nərimanov Rayon İcra Hakimiyətinin balansına verilib”.