Sirri açılmayan Pasxa adası – FOTO

  • 19 sen 2018, 12:42

Çili sahillərindən 3 min 600 km uzaqlıqda yerləşən və buna görə dünyanın quruya ən uzaq nöqtəsi olan Pasxa adası sirli quruluşu ilə turistləri özünə cəlb edir.

Oxu.Az xəbər verir ki, hər tərəfi nəhəng heykəllərlə dolu adanı ilk dəfə 1687-ci ildə dəniz qulduru Edvard Devis və adamları görüb.

Ancaq adaya ilk ayağı dəyən avropalı hollandiyalı dənizçi Yakob Roqqeven olub. Ada öz adını da buradan alıb. Roqqeven və adamları adaya Pasxa bayramı ərəfəsində - 5 may 1722-ci ildə gəlib.

Adadakı nəhəng heykəllər bu dəvətsiz qonaqları heyrətləndirib. Belə ki, ibtidai icma quruluşunun hökm sürdüyü adada insanlar çılpaq olub və o nəhəng heykəllərin inşası üçün şərtlər uyğun olmayıb.

Roqqevenin səyahətindən 300 il keçsə də, çoxu sahilə düzülmüş bu nəhəng heykəllərin sirri hələ də açılmayıb.

Adanın dünyaca məşhur heykəlləri "Moai” adlandırılır. Pater Sebastian Enqlert tərəfindən 638 ədədi nömrələnərək kateqoriyalaşdırılmış heykəllərin əvvəllər 1000-dən çox olduğu təxmin edilir.

Aparılan araşdırmalara rəğmən, nə məqsədlə hazırlandığı bilinməyən heykəllərin miladi təqvimin 1000-1600-cü illəri arasında inşa edildiyi güman edilir.

Ehtimallara görə, bu daş heykəllər yerlilərin ruhlarla əlaqə vasitəsi olub. Ən uzun "Moai”yə Paro deyilir, uzunluğu 10 metr, ağırlığı 82 tona bərabərdir. Ən ağır "Moai” 86 tondur və tamamlanmayıb. Əgər inşası tamamlansaydı, 21 metr uzunluğa, 270 tona malik olacağı təxmin edilir.

Orta ölçülü "Moai”nin hündürlüyü 11 metr, ağırlığı təxminən 55 tondur. Heykəllər adanın şərqindəki Rano Raraku vulkanının daşlarından yonulub. "Ahu” adı verilən platformalar üzərində yerləşdirilmiş heykəllərin üzləri yaşayış massivlərinə baxır.

Vulkanik quruluşlu adada dörd min insan yaşayır. Yüksəkliyi 13 km olan bir üçbucaq formasındakı adanın ölçüsü 162,5 km²-dir.

Adaya Çilidən beş saatlıq uçuşla çatmaq mümkündür. Tahitidən də gedişlərin mümkün olduğu adada turistlərin yerləşməsi üçün üç ulduzlu hotellər mövcuddur.

 

Oxşar xəbərlər