Azərbaycanda da marixuana leqallaşa bilərmi? - iki rəy

  • 01 avq 2018, 10:44

Hüquqşünas: "”Gürcüstanda qəbul olunub, bizdə də qəbul edilməlidir" kimi yanaşma da doğru deyil, tədqiqat aparılmalıdır"; İqtisadçı: "Gürcüstanda marixuanadan istifadə leqallaşandan sonra ora gedən turist sayında ciddi artım olacaq”

Gürcüstanda marixuanadan istifadə ilə bağlı bütün sanksiyalar ləğv olunub. APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Konstitusiya Məhkəməsi qərar qəbul edib.

Məhkəmə  "Girçi” Partiyasının üzvləri Zurab Caparidze və Vaxtanq Meqrelişvilinin iddiasını təmin edərək, həkim təyinatı olmadan marixuananın istifadəsi ilə bağlı bütün sanksiyaları qeyri-konstitusion elan edib.

İddiaçılar bildiriblər ki, marixuanadan istifadə şəxsiyyətin azad inkişafı ilə bağlı hüququdur və marixuanadan ziyan yalnız onu istifadə edən şəxsə dəyə bilər və bununla bağlı məsuliyyəti həmin şəxs daşıyır.

Qərarı şərh edən Z. Caparidze bildirib ki, Gürcüstanda marixuanadan istifadə tam leqallaşdırılıb: "Məhkəmənin bu qərarı ilə Gürcüstan daha azad ölkəyə çevrildi. Marixuanadan istifadəyə görə inzibati cəzalar ləğv olunub. Artıq marixuanadan istifadəyə görə Gürcüstanda heç kəs cəzalandırıla bilməz”.

Hazırda ABŞ, Argentina, Avstraliya, Belçika, Braziliya, Kamboca, Kolumbiya, Kosta-Rika, Xorvatiya, Çexiya, Ekvator, Estoniya, Fransa, Hindistan, İran, Pakistan, Şimali Koreya, Uruqvay, İspaniya kimi dünyanın müxtəlif yerlərində çətənənin istehsalı və istehlakına müxtəlif ölçülərdə icazə verilir.

Azərbaycanda  da marixuananın leqal istifadəsi məsələsi zaman-zaman gündəmə gətirilir. Hazırda ölkə həbsxanalarında xeyli sayda məhbus var ki, narkotik vasitə istifadə etdiyinə görə həbs olunub. Ekspertlər bildirirlər ki, əslində həmin şəxsləri həbs etməkdənsə, müalicəyə, reabilitasiyaya yönəltmək lazımdır. Hazırda Azərbaycanda qanunvericiliyə görə, bütün növ narkotik vasitələrin istifadəsi qadağandır.

Marixuana çətənə bitkisinin qurudulmuş çiçəkli baş qismindən və yarpaqlarından əldə edilən, tütünə bənzəyən, yaşımtıl və ya qəhvəyi bir maddədir. Toz marixuana, kənaf bitkisinin çiçəkli baş qisminin qara və ya qəhvəyi ifrazatının toza çevrilmiş və ya qəlib halıdır.

İqtisadçı ekspert Natiq Cəfərli məsələni şərh edərək bildirdi ki, Gürcüstanda marixuanadan istifadə leqallaşdıqdan sonra ora gedən turist sayında çox ciddi artım olacaq: "Azərbaycan turizmdən hiss ediləcək gəlir götürmək istəyirsə, hər il ölkəyə, azı, 7-8 milyon turist gəlməlidir. Bu saya nə biznes, nə hökumət, nə də cəmiyyət hazır deyil. Halbuki bu sistemlə ölkənin turizm və aqrar sahədən başqa heç bir perspektivi yoxdur”.

Azərbaycanda marixuana leqallaşa bilərmi? Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev dedi ki, hər ölkə özündə tədqiqat aparır və müəyyən edir ki, orada narkotik istifadəçiləri daha çox hansı maddəni qəbul edirlər: "Bununla həm də tendensiyanı müəyyənləşdirirlər. Əgər ölkədə daha çox ağır narkotiklərdən istifadə olunursa, orada belə təsəvvür yaranır ki, yüngül narkotik maddə qanuni olsa, insanlar daha çox ondan istifadə edərlər. Belə olan zaman onlar marixuananın istifadəsini sərbəstləşdirirlər. Məsələn, Hollandiyada bu cür oldu. Onlar uzun müddət tədqiqat apardılar və müəyyən etdilər ki, ağır narkotik qəbul edənlər bunu əlacsızlıqdan edirlər. Çünki marixuananı da, ağır narkotik maddəni də tapmaq eyni cür çətindir. Bir müddət sonra tədqiqat apardılar və gördülər ki, güclü narkotik istifadəçiləri daha çox marixuanaya üstünlük verirlər. Yəni ağır narkotiklər daha az istifadə olunur. Bu,  həm də məsuliyyət yaratmır. Ola bilər ki, Azərbaycanda da oxşar hal olsun. Yəni tədqiqatların nəticəsində belə bir şey görünsə, yəqin ki, bizdə də o cür qanun qəbul edilə bilər ki, marixuananın satışı leqallaşsın”.

Hüquqşünasın sözlərinə görə, Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinin dekriminallaşdırılması ilə bağlı müzakirələr olub:

"Qərar qəbul olundu ki, ilk dəfə bu maddə ilə məhkumluq yaranmır. Onlar ilk dəfə müalicəyə göndərilir. Əgər şəxs narkotikdən istifadəyə davam edirsə, artıq cinayət məsuliyyəti yaradır. Qanuna bu cür dəyişiklik qəbul olundu. Hazırda bu maddə ilə ilk dəfə kimə ittiham elan olunubsa, onlar müalicəyə göndərilir. Hesab edirəm ki, bu, yaxşı haldır. Məsələ ilə bağlı uzun müddət idi ki, müzakirələr aparılırdı. Eyni zamanda marixuana ilə bağlı da uzun zamandır ki, danışıqlar var. Ola bilsin ki, qorxurlar ki, marixuananın azad satışı narkomanların sayını daha da artıra bilər. Bu risk də mövcuddur. Bu baxımdan mütəxəssislərin rəyini gözləmək lazımdır.

Hər halda, məsələ ilə bağlı dünyada təcrübə var ki, bu barədə də yuxarıda danışdıq. Marixuana sağlamlıq üçün ağır narkotik maddə kimi ciddi zərərli deyil. Ancaq ”Gürcüstanda qəbul olunub, bizdə də mütləq qəbul edilməlidir" kimi yanaşma da doğru deyil. Buna, hər halda, cəmiyyət də hazır olmalıdır. Eyni zamanda biz tendensiyanı gözləməliyik. Aparılan tədqiqat nəticəsində görünsə ki, birdən-birə marixuananın leqallaşması narkotik istifadəçilərinin kütləvi artımına səbəb ola bilər, o zaman ayrı qərarlar lazımdır. Bəzi ölkələrdə ancaq gecə barlarında bu maddədən istifadə etməyə icazə verilir. Bu, prosesin kütləvi yayılmasının qarşısını alan bir amildir. Belə nüanslar da mütləq nəzərə alınmalıdır".

Əli RAİS,
"Yeni Müsavat”

Oxşar xəbərlər