Sərhəddə atışma: Elçin Quliyev hadisə yerinə getdi

  • 21 iyun 2018, 14:45

Dövlət Sərhəd Xidməti (DSX) Cəlilabad rayonu ərazisində İranla sərhəddə baş vermiş insident barədə məlumat yayıb.

DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, 2018-ci ilin 21 iyun tarixində saat 02:45 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonunun Bay­xanlı kəndinin yaxınlığın­dakı sərhəd zastavasının xid­mə­ti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib

Sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb.

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd nar­yadının qanuni tələbinə və xəbər­darlıq atəşinə tabe ol­ma­yan sərhəd pozu­cu­ları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib. Baş vermiş hadisə zamanı sərhəd naryadının başçısı Balakən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Kurupov Ramazan Məmməd oğlu döş qəfəsi, əl və ayaq nahiyələrindən güllə yaraları alıb. Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar.

Əsgər R.Kurupov digər sərhəd naryadı tərəfindən ilkin tibbi yardım gös­tərildikdən sonra təcili olaraq Cəlilabad rayon mərkəzi xəstəxana­sına təxliyə edilib. Xəstəxananın və DSX hərbi hospitalının hadisə ilə əlaqədar Cəlilabad rayonuna ezam olunmuş həkimləri tərəfindən əsgər təcili əməliyyat olunub.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər əraziyə gəlmiş, hadisə yerinə baxış keçirmiş, əməliyyat-axtarış tədbirlərinin davam et­di­ril­məsinə dair zəruri tapşırıqlar verib.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Cəlilabad rayon icra hakimiyyətinin başçısı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri Cəli­labad rayon mərkəzi xəstəxanasında əsgər R.Ku­rupova baş çəkmiş, səhhətinin vəziyyəti ilə maraqlanıblar.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhədçi əsgəri təcili əməliyyat edərək onun həyatını xilas etmiş tibb heyətinə, həmçinin əsgərin əməliyyatı üçün qan vermiş DİN-in Cəlilabad rayon şöbəsi­nin əməkdaşlarına dərin minnətdarlığını bildiriblər.

Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə əsgər Kurupov Ramazan Məmməd oğlu xidməti vəzifələrinin icra­sında göstərdiyi şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

Hadisə ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir. Fakt üzrə Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb.

Demokratik.Az

Oxşar xəbərlər