Zaqatalada zəlzələ XOFU - təkanlar dayanmır

  • 08 iyun 2018, 08:22

Qurban Yetirmişli: "Ərazidə bu günlərdə  5-6 bal gücündə zəlzələnin baş verməsi gözlənilmir”

Zaqatala rayonunda zəlzələdən sonra dəymiş zərər hesablanır. Əhali arasında ciddi xəsarət alan olmasa da, təbii hadisə onlara psixoloji təsir edib.

Ərazidəki ümumi vəziyyət barəsində Zaqatala Rayon İcra Hakimiyyətindən "Yeni Müsavat”a bildirilib ki, insanlar artıq evlərində gecələyirlər. Hadisədən həyəcanlanıb evlərində gecələmək istəməyənlərlə söhbət aparılıb:

"Hadisə ilə bağlı yaradılmış xüsusi komissiya  işləyir, akt tərtib olunur. Dəymiş ziyanla bağlı müvafiq hesablamalar  Fövqəladə Hallar Nazirliyinə göndəriləcək”, - deyə bildirilib.

Məlumatlara görə, zəlzələ nəticəsində rayonda bir neçə evdə çatlar yaranıb.  Zəlzələdən sonra bir neçə kənd sakininə məxsus çay daşından inşa edilmiş mal tövlələrinin divarında uçqun baş verib, bir neçə yaşayış evinin divarlarında xırda çatlar əmələ gəlib.

Bildirilib ki, episentrə yaxın bir sıra yaşayış məntəqələrində 2012-ci il zəlzələsindən sonra evlərin divarlarında yaranan xırda çatlarda genişlənmə qeydə alınıb. Buradan belə görünür ki, 2012-ci ildə zəlzələdən sonra həmin evlər lazımi qaydada təmir olunmayıb...

Zəlzələdən sonra insanlar arasında yaranan stress və qan təzyiqi səbəbindən Qax və Zaqatala mərkəzi rayon xəstəxanalarının (MRX) təcili yardım şöbələrinə çoxlu sayda müraciətlər olub. Öyrəndik ki, hazırda rayonda səhiyyə, güc strukturları gücləndirilmiş iş rejimində çalışırlar. Rayonun kommunal xidmətlərlə təminatında isə ciddi problem yoxdur.

Qeyd edək ki, hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da gedib. Nazirlə birlikdə Zaqatalaya həmçinin mütəxəssislər, o cümlədən Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli də səfər edib.

Zaqatalada bu cür zəlzələnin baş verməsi ilk dəfə deyil. Belə ki,  2012-ci il mayın 7-də də Zaqatala rayonunda 6.5 bal gücündə zəlzələ baş vermişdi. Nəticədə ölən olmasa da, 30 nəfər yaralanıb, bəzi evlər dağılmışdı.

O zaman da hadisədən bir gün sonra fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə zonasına gedib, yerli icra nümayəndələri ilə birgə zəlzələ bölgəsinə baxış keçirmişdi. Həmçinin Zaqatala, Balakən və Qax rayonlarında Fövqəladə Hallar Nazirliyinin operativ qərargahları yaradılmışdı.

Hazırkı durumla bağlı "Yeni Müsavat”a danışan Qurban Yetirmişli bildirib ki, ərazidə vəziyyət qaydasındadır: "Elə də böyük dağıntılar yoxdur. Sadəcə olaraq, köhnə, yaxşı tikilməyən hasarlar uçub. Bu hasarların da çoxu çay daşından inşa edilib. Eyni zamanda bu cür materialdan tikilən evlərdə də çatlar əmələ gəlib. Həmçinin bəzi evlərdə olan köhnə çatlar böyüyüb. Orada olan zaman bir evdə uçqun gördük. Öyrəndik ki, ev çay daşından tikildiyi üçün divarının biri uçub.  Lakin rayonda elə böyük güclü dağıntı yoxdur. 2012-ci ildə olan zəlzələ ilə indikinin arasında fərq böyükdür. Çünki əksər binalar davamlıdır. O zaman zəlzələ baş verdikdən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən binalar tikildi. Bu binalarda heç bir çat yoxdur. İndiki episentrdə dağıntılar çox cüzidir”. /"Yeni Müsavat”/

Yetirmişli deyib ki, zəlzələ baş verən gündən bu günə qədər 100-ə yaxın xırda təkanlar olub: "Hazırda isə bir qədər sakitlikdir. Ola bilsin ki, zəif təkanlar baş versin. Ancaq bunların heç biri hiss edilməyib. Mümkündür ki, bundan sonra 2-3 bal gücündə hiss edilən zəlzələ qeydə alınacaq. Lakin bu baş verməyə də bilər. 5,5-6 bal gücündə zəlzələnin baş vermə ehtimalı isə yoxdur”.

Zəlzələ və digər bu kimi təbii fəlakətlər sonrası vətəndaşa dəymiş zərər necə ödənilməlidir?

Sabiq maliyyə naziri Fikrət Yusifov  "Yeni Müsavat”a bildirib ki, hökumət zəlzələnin nəticələrinin maksimum şəkildə aradan götürülməsi istiqamətində addımlar atır: "Dövlət büdcəsində belə hallar üçün xüsusi fondlar nəzərdə tutulub. Şübhə etmirəm ki, yaxın günlərdə zəlzələ nəticəsində dəymiş zərərin miqyasları müəyyən edildikdən sonra cənab prezident müvafiq büdcədən vəsaitlər ayıracaq. Hesab edirəm ki, bu vəsaitlər də təyinatı üçün xərclənəcək. Bütün hallar üçün bu, büdcə vəsaiti olduğuna görə prezidentin sərəncamı ilə ayrılsa da, Maliyyə Nazirliyi nəzarət edir ki, vəsait təyinatı üzrə düzgün xərclənsin. Bu, birbaşa olaraq Maliyyə Nazirliyinin səlahiyyətində olan məsələdir. Ona görə də həm işin gedişatında, həm də işlər başa çatdıqdan sonra nazirlik bu məsələləri araşdırmalıdır. Vəsaitin səmərəli istifadə edilməməsi barədə faktlar ortaya çıxarsa, bu barədə hüquq-mühafizə orqanlarına təqdimat olunur. Hesab etmirəm ki, bu məsələdə hər hansı bir təşkilat vəsaitlərin təyinatından yayındırılması halına yol verər. Bu, çox böyük məsuliyyətsizlik olardı. Ziyanın ən qısa zamanda aradan qaldırılması üçün dövlət vəsait ayırırsa, bu vəsait öz təyinatı üzrə səmərəli qaydada xərclənməlidir”.

Oxşar xəbərlər