Akif Çovdarovun yeni məhkəməsi başlayır

  • 27 apr 2018, 10:13

Sabiq MTN generalının şikayətinə  niyə 6 aydan sonra  baxılır?

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin barəsindəki verilən apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayətin indiyədək göndərilmənəsinə səbəb Akif Çovdarovun məhkəmənin iclas protokolları ilə tanış olmaq istəyi olub.

İş yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsində icraata veriləcək. Apelyasiya şikayəti ötən il, noyabrın 11-də verilib. Şikayətin verilməsindən 6 aya yaxın vaxt keçir. Formal səbəb Akif Çovdarovun məhkəmə iclas protokolları ilə tanış olması göstərilir. Bəs, əsl səbəb nədir? Niyə apelyasiya şikayətinə baxılması birdən-birə 6 ay uzadılıb? Azərbaycan məhkəmələrinin praktikasında barəsində məhkəmə hökmü çıxmış şəxsin məhkəmənin iclas protokolları ilə 6 ay tanış olması halı varmı?

Tanınmış vəkil Cavad Cavadov deyir ki, qanunda məhkəmənin iclas protokolları ilə tanış olmaq üçün konkret müddət göstərilməyib: "Akif Çovdarov həbsdədir, həbsdə olduğuna görə məhkəmənin iclas protokolları ilə ardıcıl tanış olmaq imkanları məhduddur. Çünki iclas protokolları ilə tanış olmaq üçün onu hər dəfə saxlandığı Bakı İstintaq Təcridxanasında Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirməlidirlər. Eyni zamanda Akif Çovdarovun çoxsaylı maddələr və epizodlar üzrə təqsirləndirildiyini, işin həcmini nəzərə almaq lazımdır. Bütün bunlarla yanaşı belə qənaət formalaşır ki, məhkəmənin iclas protokolları ilə tanış olma müddətinin uzadılması marağı olub. Noyabrın 11-dən aprelin 25-nə qədər məhkəmə iclas protokolları ilə tanış olma ağlabatan müddət anlayışına sığmır. Yəni bu müddəti ağlabatan müddəti adlandırmaq olmaz”.

Baş verənlərin Akif Çovdarova məhkəmə sisteminin loyal münasibətdə olmasından qaynaqlanması haqda fikirlər dolaşır. Cavad Cavadov həmin fikirlərin nə dərəcədə həqiqət olması sualına belə cavab verib: "Akif Çovdarovun bu qədər vaxtda onun məhkəmənin iclas protokolları ilə tanış olması belə fikirlər doğura bilər. Azərbaycan məhkəmələrini praktikasında belə bir hala rast gəlməmişəm ki, 5-6 ay məhkəmənin iclas protokolları ilə tanış olmaq üçün barəsində məhkəmə hökmü çıxarılmış şəxsə müddət verilsin. Belə bir halın şahidi olmamışıq. Akif Çovdarovun məhkəmə iclas protokolları ilə tanış olmaq hüququ var, amma praktikada belədir ki, genişhəcmli işlərdə bir qayda olaraq məhkəmənin iclas protokolları ilə vəkillər tanış olur. Lazım olan qeydlər verilir. Akif Çovdarov həbsdədir, onu hər dəfə protokollarla tanış olmaq üçün məhkəməyə gətirirlər. Ola bilər ki, o, hər dəfə 5-6 səhifə protokolla tanış olur və yorulduğunu deyib növbəti dəfə oxuyacağını deyir. Bunu qanun qadağan eləmir. Amma qanunda ağlabatan müddət anlayışı da var. Belə görünür ki, ağlabatan müddət anlayışının sərhədlərini bir qədər geniş götürüblər. Akif Çovdarovun hüquqlarından bir qədər sui-istifadə etməsinə yol verilməsi sezilir”.

Belə xəbərlər də dolaşır  ki, Akif Çovdarov, sadəcə, Bakı İstintaq  Təcridxanasında ona yaradılan şəraitə görə orada maksimum uzun müddət qalmaq istəyir. Mümkündürmü ki, buna görə onun məhkəmənin iclas protokolları ilə tanış olması bu qədər uzanıb?

Cavad Cavadovun suala cavabı belə oldu: "Akif Çovdarov hüquq-mühafizə orqanlarında xidmət edib və belə şəxslər üçün ayrıca  - 9 saylı cəzaçəkmə müəssisəsi var. Orada saxlama şəraiti digər cəzaçəkmə müəssisələrindən o qədər də fərqlənmir. Orada fövqəl-imtiyazlar da yoxdur. Sadəcə, kontingent bir qədər fərqlidir, orada saxlanılanlar əvvələr hüquq-mühafizə orqanlarında çalışmış şəxslərdir. Bakı İstintaq Təcridxanasında saxlama şəraitinin 9 saylıdan daha yaxşı olduğunu söyləmək olmaz. O baxımdan ki, orada sərbəstlik bir qədər çoxdur. Təcridxanada şəxs kamerada saxlanılırsa, cəzaçəkmə müəssisəsində  bir qədər hərəkət sərbəstliyi var. Akif Çovdarovun Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılması ilə bağlı mətbuatda yazılar vardı. Əgər sanitar-tibb hissəsində saxlayırlarsa, orada vəziyyət cəzaçəkmə müəssisəsindən daha yaxşı, daha rahatdır”.

Cavad Cavadov Akif Çovdarovun məqsədli şəkildə məhkəmənin iclas protokolları ilə uzun müddət tanış olmasının digər səbəblərinin olmasını da istisna etmir: "Burada hüquqdan sui-istifadə etmə, ləngidilməyə oxşayan vaxt uzadılması var. Bu sezilir. Mümkündür ki, hansısa gözləntiləri var. Məqsəd, məram nədir, bunu söyləmək çətindir”.

Xatırladaq ki, oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov və digərlərinə hökm elan olunub. Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib. Az qala Cinayət Məcəlləsindəki maddələrin yarısı ilə ittiham olunan Akif Çovdarova 12 ilə cəza verilməsi də sıradan bir hal deyil.

Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrumetmə), 179.3.1, 179.3.2 (mənimsəmə və ya israfetmə), 181.3.1, 181.3.2 (quldurluq), 182.3.1, 182.3.2 (hədə-qorxu ilə tələbetmə), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma), 311.3.4 (rüşvət alma), 313 (vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (1 qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Hökmə əsasən, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndərilməsi barədə xüsusi qərar da çıxarıb. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub./Yeni Musavat/

Demokratik.Az

Oxşar xəbərlər