Qənirə Paşayeva MM-də təkliflə çıxış edib

  • 25 apr 2017, 16:25

Bu gün Milli Məclisdə "Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında" və "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub olan və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı" haqqında qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı gözün buynuz qişası toxumalarının ölkəyə gətirilməsinə icazə verilməsinin önəmli bir hadisə olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, bununla gözün buynuz qişası köçürülməsini gözləyən yüzlərlə insanımızın problemi öz həllini tapacaq. Eyni zamanda bu əməliyyat üçün vətəndaşlarımız artıq xarici ölkələrə üz tutmaycaq, öz ölkəmizdə bu əməliyyatlar həyata keçiriləcək.Millət vəkili Qənirə Paşayeva bildirib ki, bundan sonra çox vacibdir ki, ürək və qan-damar əməliyyatlarında istifadə olunan toxumaların, homoqreftlərin, qapaqlar və damarların, yəni toxumaların ölkəyə gətirilməsinə də icazə verilsin: "Ölkəmizdə cənab Prezidentin də açılışında iştirak etdiyi Bakıda "Ürək Mərkəzi"nin açılışı oldu. Bu gün ölkəmizdə yüksək səviyyədə ən mürəkkəb ürək əməliyyatları həyata keçirilə bilər. Ürək qapağının infeksiyalaşması, endokardit, uşaqlarda bir sıra mürəkkəb ürək əməliyyatlarında və s. bu kimi əməliyyatlarda istifadə olunan toxumaların, homoqreftlərin ölkəyə gətirilməsinə icazə verilməsi çox vacib məsələdir və bu, ən mürəkkəb ürək əməliyyatlarının həyata keçirilməsinə öz müsbət təsirini göstərə bilər. Eyni məsələ oynaq toxumaları ilə də bağlıdır." Millət vəkili Qənirə Paşayeva bildirib ki, bir sıra ölkələrdə homoqreftlərin və bir sıra toxumaların satışı rəsmi şəkildə həyata keçirilir və onların rəsmi qaydada ölkəyə gətirilməsi bu istiqamətdə vacib əməliyyatların həyata keçirilməsi üçün həyati vacibdir və bu məsələlərə də parlament səviyyəsində baxılıb qanunvericilikdə bu istiqamətdə də əlavə və dəyişikliklərin olması vacibdir:"Biz çalışmalıyıq ki, vətəndaşlarımız orqan və toxuma köçürülməsi əməliyyatları üçün xarici ölkəyə üz tutmasın və öz ölkəmizdə bu əməliyyatları həyata keçirə bilsinlər. Bunun üçün də qanunvericilikdə bu istiqamətdə əlavə və dəyişiklərin edilməsinə ehtiyac var."


 

Demokratik.Az

Oxşar xəbərlər