Birinci devalvasiyadan ötən 2 ildə nələr itirdik, nələr qazandıq...

  • 23 fev 2017, 10:55

Bank və iş sektorunda durum pisləşdi, bəzi xarici şirkətlər ölkədən getdilər, əhalinin gəlirləri azaldı; yeganə müsbət cəhət iqtisadiyyatda islahatlara başlanılmasıdır...

2015-ci il fevralın 21-də baş verən devalvasiyadan iki il ötür. İki il öncə Mərkəzi Bank İdarə Heyətinin qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edildi. Milli valyuta ABŞ dollarına nisbətdə 30% ucuzlaşdı.

Mərkəzi Bank bu qərarını milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə həyata keçirdiyini izah etdi. Lakin 1999-cu ildən sonra milli valyutanın sabit məzənnəsinə, yaxud məzənnə ilə bağlı kiçik dəyişikliklərə öyrəşmiş azərbaycanlılar, eləcə də maliyyə bazarları üçün bu qərar şok effekti verdi.


Bundan sonrakı iki ildə də manat dəyərsizləşməkdə davam etdi...

Bəs görəsən, ötən iki ildə iqtisadiyyatımızda nələr baş verdi?


"Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, bu devalvasiyadan sonra da manat 58 faizə yaxın dəyər itirdi: "Azərbaycan iqtisadiyyatının xüsusilə də 2005-ci ildən sonrakı inkişafı, hökumətin daha çox üstünlük verdiyi model onu deməyə əsas verirdi ki, növbəti dövrlərdə hər hansı formada resursların itirilməsi ilə üz-üzə qalacaq. Məhz 2015-ci ilin fevralında baş verən devalvasiyada daha çox neft qiymətlərinin ucuzlaşmasından qaynaqlanan riskin nəticəsi olaraq ortaya çıxdı. Bundan sonra nələr baş verdi? Azərbaycan manatı ötən iki il ərzində öz dəyərini təxminən 57-58 faiz itirdi. Paralel olaraq biznesin və vətəndaşın borcları kifayət qədər artdı. Ölkədə çox sürətli dollarlaşma prosesi başladı ki, nəticədə valyuta tələbinin artması, manat üzərində təzyiqi daha da artırdı. Bundan başqa, biznesin gəlirliliyi kifayət qədər aşağı düşdü. Bunun nəticəsi olaraq, bir sıra xarici kapitallı şirkətlər belə öz fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldılar. Xüsusilə ən böyük zərər tikinti sektorunda hiss olundu. Bu sektorda çox böyük kiçilmə var. Çünki bu sektorun maliyyə qaynağı neft gəlirləri idi. Əhalinin həm dövlət, həm də qeyri-dövlət sektorunda çalışan hissəsi üçün gəlirlər kəskin şəkildə azaldı. Dövlət sektorunda müəyyən mənada paketlərin dayandırılması, il-leqal gəlirlərin həcminin aşağı düşməsi, rüşvətin həcminin azalması, korrupsiya imkanlarının məhdudlaşması bu sektorda çalışanların gəlirlərini məhdudlaşdırdı”.

İqtisadçının sözlərinə gör, qeyri-dövlət sektorunda isə alıcılıq imkanlarının azalmasından qaynaqlanaraq daha çox yerli istehsalın zəifləməsi, dəyər zəncirinin bütün halqalarında kiçilmənin baş verməsi məşğulluq səviyyəsini kəskin şəkildə azaldan amilə çevrildi: "Əhalinin gəlirləri azaldı. Faktiki olaraq, 2016-cı ilin rəsmi statistik məlumatlarına görə, əhalinin real gəlirlərində təxmini 3,7 faizlik azalma var. Bu, rəsmi statistikadır. Ancaq bizim müşahidələrimiz onu göstərir ki, göstəricilər bundan qat-qat artıqdır. Hətta bəzi hallarda əhalinin gəlirlərini 2014-cü illə müqayisə etsək, bu zaman görərik ki, gəlirlərdə 20-25 faiz arasında azalma var. Eyni zamanda inflyasiya səviyyəsi uzun müddətdən sonra yenidən ikirəqəmli həddə yüksəldi ki, bu da alıcılıqda, əhalinin gündəlik həyat tərzində öz təsirini göstərir. Rəsmi statistika 12 faizlik inflyasiya desə də, müşahidələr onu göstərir ki, təkcə 2016-cı ildə ərzaq sektorunda inflyasiya səviyyəsi 30 faizdən çox olub. 
Hazırda baş verən inflyasiya manatın məzənnəsinin ucuzlaşması nəticəsində yaranmış idxal inflyasiyasıdır. Bu qaçılmazdır. Bunun qarşısını almaq mümkün deyildi. Proses gündən-günə dərinləşməkdədir, bundan sonrakı dövrlərdə də əhalinin həyat səviyyəsinin, sosial-iqtisadi vəziyyətinin daha da çətinləşəcəyinə işarə edir".

Rəşad Həsənov onu da vurğuladı ki, devalvasiyadan ən çox bank sektoru təsirləndi və bu sektorda ciddi təlatümlər yaşadı: "Ötən il ərazində hər 4 bankdan birinin bağlanması kifayət qədər ciddi bir göstərici idi. Əgər digər banklarında maliyyə hesabatlarına, beynəlxalq maliyyət qiymətləndirmə institutlarının açıqlamalarına diqqət etsək görərik ki, yerdə qalan bankların da vəziyyəti ürəkaçan deyil. Onların da konsolidasiyası istiqamətində cəhdlər baş tutmur. Bütövlükdə götürəndə iqtisadiyyatın əsas kapital dayağı hesab olunan sektor bank-maliyyə sektorudur. Hazırda banklar passiv bir rejimə keçib. Kreditləşmə məhdudlaşdırılıb. Burada hökumət səviyyəsində həyata keçirilən monetar siyasətin də təsiri var ki, bu da dövriyyədə manat kütləsinin artmaması və nəticədə valyuta bazarlarında valyuta tələbinin nisbətən tənzimlənməsi cəhdidir. Lakin biznesin gəlirlərinin azalması bu sahəyə yönələn kreditlərin qayıtmamasına səbəb olur. Eyni zamanda əhalinin gəlirlərinin azalması da istehlak təyinatlı kreditlərin geri qayıtmamasına gətirib çıxarır ki, bu da son nəticədə bankların kredit siyasətinin məhdudlaşdırılmasına səbəb olur”.

Ekspert diqqətə çatdırdı ki, son iki ildə iqtisadiyyatda çox ciddi geriləmələr müşahidə olundu: "Sonuncu dəfə Azərbaycan iqtisadiyyatında 1994-cü ildə geriləmə qeydə alınmışdı. Ötən 22 il ərzində ilk dəfə 2016-cı ildə iqtisadiyyat rəsmi olaraq 3,8 faiz, ancaq qeyri-rəsmi qiymətləndirsək, ən azı 10 faiz kiçilmə ilə üzləşdi. Bunlar kifayət qədər ciddi göstəricilərdir və 2005-2014-cü illər ərzində həyata keçirilən doğru olmayan fiskal-monetar siyasətin nəticəsi olaraq ortaya çıxdı”.

Manatın devalvasiyasından sonra hökumətin həyata keçirdiyi islahatlara da toxunan Rəşad Həsənov bunun zərurətə çevrildiyini bildirdi: "Artıq Azərbaycan iqtisadiyyatını köhnə qaydalarla idarə etmək mümkün deyil. Çünki köhnə qaydalar çox sadə idi, neft pulları daxil olurdu və pullar iqtisadiyyata yönəldilirdi. Azərbaycan iqtisadiyyatı daha çox istehlak iqtisadiyyatı idi. 2008-ci ildə ölkə iqtisadiyyatının təxminən 56 faizini cəmi 100 min nəfərin fəaliyyət göstərdiyi neft sektoru yaratmışdı. Ölkənin digər 4,5 milyon nəfərlik əmək qüvvəsinin yaratdığı əlavə dəyərin iqtisadiyyatda payı cəmi 43 faiz idi. Bu da o deməkdir ki, əslində Azərbaycan iqtisadiyyatı heç də real istehsala söykənən iqtisadiyyat deyildi. Neftin qiymətinin ucuzlaşmasının Azərbaycan üçün müsbət dəyərləndirilə biləcək yeganə cəhəti varsa, o da islahatlara yol açmasıdır. Son illər bu istiqamətdə addımlar atılır. Ancaq müşahidələr onu göstərir ki, institutsional islahatların sferası, səmimiliyi nisbətən zəifdir. Hökumət ilk növbədə xarici investisiyaya çox böyük ehtiyac duyacaq. Belə bir şəraitdə Azərbaycanın beynəlxalq aləmdəki reputasiyasının üzərində çox ciddi işlənməsinə ehtiyac var. Azərbaycanın məhkəmə sistemi qaydasına salınmalıdır. Xarici və yerli investoru biz inandıra bilməliyik ki, dövlət olaraq dəyişdik, bundan sonra biznesə kənar müdaxilə olmayacaq. Məmur müdaxiləsi olmayacaq, oliqarx biznesi məhdudlaşacaq, biznes və idarə etmə bir-birindən kənarlaşdırılacaq. Bu istiqamətdə hələ ki ciddi səylər müşahidə olunmur. Həyata keçirilən bir çox islahatlar sanki dekorativ xarakter daşıyır. Ancaq ümid edək ki, növbəti dövrlərdə biz heç də təsəvvür etdiyimiz kimi xəyal qırıqlığına uğramayacağıq, səmimi davranışları müşahidə edəcəyik. Ümid edək ki, gələcəkdə neftin ucuzlaşmasının və son iki ildə yaşanan ağrı-acının yeganə müsbət cəhətini Azərbaycan iqtisadiyyatında islahatlara başlanılması olaraq qiymətləndirə biləcəyik”.

Nərgiz LİFTİYEVA

Oxşar xəbərlər