SOCAR İstiqrazlarına necə zəmanət verir? - VİDEO

  • 31 yan 2017, 14:32
Azərbaycanda ən kütləvi qiymətli kağız olan SOCAR istiqrazlarına verilmiş zəmanətin necə işlədiyi açıqlanıb. Bununla bağlı yayılan videorolikdə istiqrazların zəmanət mexanizminin necçə çalışdığı və bu mexanizmin istiqraz sahiblərini necə qoruduğu izah edilir. 

Belə ki, adi hallarda istiqrazları buraxan qurum onları müəyyən müddətdən, məsələn 5 ildən sonra bəlli bir qiymətə alacağına zəmanət verir. Həmin vaxtadək istiqrazlar birjada alınıb satılır və onların qiymətləri artıb-azalır. 

Bu o deməkdir ki, əgər istiqraz sahibi onu vaxtından əvvəl satmaq istəsə, istiqrazı emitentin özünə deyil, bazardakı digər alıcıya satmalı və həmin vaxt bazarda mövcud olan qiymətlə razılaşmalıdır. Yəni istiqraz sahibi alıcı tapsa da, istiqrazı dəyərindən ucuz satıb zərərə düşə bilər. 

SOCAR istiqrazlarında isə belə çətinliklər yoxdur. Çünki SOCAR bu istiqrazları istənilən vaxt, elə öz qiymətinə, yəni azı 1000 dollardan almağa zəmanət verib. Bu o deməkdir ki, 1 – istiqrazları istənilən vaxt satmaq mümkündür, 2- onların qiyməti heç vaxt 1000 dollardan aşağı düşməyəcək. Üstəlik, istiqraz sahibi faiz gəliri də qazanacaq. 

Xatırladaq ki, SOCAR istiqrazları 2016-cı ilin  oktyabrında 100 milyon dollar həcmində buraxılıb. Dollarda 5 illik müddətə buraxılan istiqrazlar öz sahiblərinə hər il 5% gəlir gətirir. Faizlər hər 3 aydan bir olmaqla ildə 4 dəfə ödənilir. 

İlk faiz ödənişi yanvarın 17-də həyata keçirilib və istiqraz sahiblərinə 1,25 milyon dollar faiz ödənilib. Bu pullar istiqraz sahiblərinin banklardakı hesablarına köçürülüb. Bu il ərzində növbəti faiz ödənişləri 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərində olacaq. 
Oxşar xəbərlər