Neft Fondundan ayrılan 7.5 milyard nəyə xərclənəcək?

  • 22 yan 2017, 20:16
Natiq Cəfərli: "İlin sonuna doğru hərraca çıxarılacaq valyutanın həcmi azalmağa başlayacaq”

Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti sədrinin müavini Aftandil Babayev Dövlət Neft Fondundan ayrılan 7,5 mlrd. manatlıq transfertin xərclənmə istiqamətlərini açıqlayıb. "Biz uzun müddət Maliyyə Sabitliyi Şurası çərçivəsində əlaqədar iqtisadi qurumlarla geniş müzakirələr nəticəsində bütövlükdə bankın qlobal tarazlaşması amillərini təhlil etmişik. Bunlardan ən mühüm məqam odur ki, dövlətin il üzrə xarici borcları, TANAP layihəsinin maliyyələşdirilməsi, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və il üzrə bankın xarici borc öhdəliklərinin tənzimlənməsi, o cümlədən ehtiyac yaranarsa Əmanətlərin Sığortalanması Fonduna vəsaitin ayrılması da hərrac vasitəsilə deyil, məhz transfert hesabına baş tutacaq. Bütün bu faktorlar ona yönəlir ki, fiksə olunmuş bu öhdəliklər valyuta bazarına təzyiqi neytrallaşdırsın. Bu isə məzənnənin bazar prinsipləri əsasında və böyük volatillik olmadan formalaşmasına şərait yaradacaq", - deyə sədr müavini "APA”ya bildirib. 

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsi haqqında fərman imzalayıb. Fərmanla ARDNF-nin 2017-ci il büdcəsinin gəlirləri 8 mlrd. 370 mln. 589,8 min manat, xərcləri isə 14 mlrd. 483 mln. 856 min manat məbləğində təsdiq edilib.  Beləliklə, ARDNF-nin gələn il üzrə büdcəsi 6,1 mlrd. manatlıq kəsirlə təsdiqlənib. Fərmanı şərh edən ekspertlər bildirirlər ki, Neft Fondu Mərkəzə Banka il ərzində indiki məzənnə ilə 4,2 milyard dollar köçürəcək. Bu təxminən ayda 352 milyon dollar edir.

Ekspertlər vəsaitin Mərkəzi Banka ayrılmasını müsbət qiymətləndirərək vurğulayıblar ki, bu, maliyyə bazarında sabitliyin yaranmasına xidmət edəcək. Eyni zamanda valyutaya əlçatımlıqda olan problemi aradan qaldıracaq, manatın kəskin devalvasiyasının qarşısını alacaq və "qara bazar”ı sıradan çıxaracaq addımdır.

"Bank sektorunda ciddi silkələnmənin olacağı ehtimalı var”  

Ancaq AMB sədrinin açıqlamasından belə məlum olur ki, ARDNF-in ayrıdığı vəsait tam olaraq valyuta bazarına və manatın sabitləşməsinə sərf edilməyəcək. Bəs, ölkənin maliyyə durumuna, manatın məzənnəsinin sabitləşməsinə necə təsir göstərəcək? İqtisadçı elspert Natiq Cəfərli Bizimyol.info saytına şərhində bildirib ki, ARDNF valyuta bazarında yeganə oyunçudur və onun da imkanlarının sərhədi var. Çünki Neft Fondu büdcəyə transfert edəcəyi və əlavə büdcədənkənar xərclərin ödəməsi üçün dolları manata çevirir. Bu da 2017-ci ildə təqribən 4.1 milyard dollar bərabər bir rəqəm olmalıdır. Bu transfertdən sonra gözlənilən o idi ki, Mərkəzi Bank da valyuta bazarında oyunçuya çevriləcək və bazarda ən azı 2 oyunçu olacaq. Bu vəsait indiki məznnə ilə 4 milyard 100 min dollar yaxın rəqəm edir. Məzənnə o qədər sürətlə dəyişir ki, dollar ekvivalentində həmin vəsaitin ifadəsi də azalır. Bu vəsaitin bazar müsbət təsir edəcəyi ehtimalı yüksək idi. Amma görünən odur ki, bizim də bilməzidiyim bir neçə məsələ var. Diqqətimi çəkən məsələlərdən biri Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) əlavə vəsaitlərin ayrılması ehtimalıdır ki, ora kreditlər veriləcək. Çox güman ki, bu ilə də bir neçə bankın bağlanması və təmərküzləşməsi baş verəcək. ƏSF-də isə indi bir qara qəpik də yoxdur və ancaq Mərkəzi Bankdan aldığı kredit hesabına ötən il "Bank Standart”ın əmanətlərinin böyük bir hissəsini qaytara bildi. Çox güman ki, ARDNF-in tnarsfertindən AMB-yə ayrılan vəsaitini bir hissəsi ƏSF-yə kredit veriləcək. Bu da o deməkdir ki, bu il bank sektorunda ciddi silkələnmənin olacağı ehtimalı var. Açıqlamalardan da hiss olurun ki, vəsaitin böyük bir hisssəi məhz bu istiqamətə xərclənəcək. Manatın məzənnəsinə dəstək olmaq üçün ayrılan vəsaiytin ən yaxşı halda yarısı çıxarılacaq. Neft Fondunun ayıracağı vəsaitlərlə birlikdə valyuta bazarına təxminən 6 milyard vəsait çıxarılacaq ki, bu da illik ehtiyacın təxminən yarısını əhatə edir. Çünki Azərbaycanın illik valyuta tələbatı təqribən 10-12 milyard dolar arası dəyişir. İndi alıcılıq qabiliyyətinin aşağı düşməsi idxal mallarına bir az təsir göstərir, amma ən pis halda belə, 10 milyard dollarlıq vəsaitə ehtiyac yaranacaq. AMB və ARDNF-in vəsaitlərinin bu tələbatın təxminən yarısını qarşılaması ilin ortalarında ciddi problemlər yarana biləcəyi ehtimalını artırır. İlin sonuna doğru artıq hərraca çıxarılacaq valyutanın həcmi də azalmağa başlayacaq. Həcm azaldıqca valyutanın dəyərinin yüksəlməsi ehtimalı artır. Yəni ilin əvvəlində manatının dəyərdən düşməsini ən yaxşı halda yumşaq templə izləyəcəyiksə,  ilin ikinci yarısında, xüsusən də ilin souna yaxın manatın daha tez və sürətlə ucuzlaşmasını görə bilərik” - deyə N.Cəfərli bildirir.

"ARDNF-in ayırdığı vəsaitin hamısı milli valyutanın sabitliyinə sərf edilməyəcək”

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov isə Bizimyol.info saytına bildirib ki, ARDNF-dən 7.5 milyard manatlıq trasfert Mərkəzi Banka ümumilikdə makroiqtisadi sabitlik üçün ayrılıb.  "Mərkəzi Bankın qarşısında duran əsas vəzifə qiymətlərin, ilk növbədə isə milli valyitanın sabitliyini təmin etmıkdir. AMB bundan başqa son vaxtlar ƏSF-yə manatla pul ayırır və bu, kredit şəklində olur. Mərkəzi Bankın özünün də 4 miyard dollarlıq ehtiyatı var və təbii ki, Neft Fondundan alınan vəsaitin bir hissəsini ƏSF-yə kredit verməyə sərf edə bilər. Bu, gözlənilən idi. İstənilən halda ARDNF-dən ayrılan vəsait milli valyutanın sabitliyinə yönəlmiş addımdır. Yəni gözləyirəm ki, ayrılan pulun böyük hissəsi həftədə 3 dəfə keçirilən valyuta hərraclarına sərf olunacaq. Hələlik belə də davam edir. Ümumilikdə ayrılan vəsaitin hansı proposiyada hara sərf olunacağından çox şey asılıdır. Çoxlarında belə bir gözlənti var idi ki, bu vəsait ayrıldıqdan sonra milli valyutanın ucuzlaşması prosesi dayanacaq. Amma bunu görmürük və manat ucuzlaşmaqda davam edir. Bu isə o deməkdir ki, həmin vəsaitin hamısı milli valyutanın sabitliyinə sərf edilməyəcək və Aftandil Babayev də bunu açıqlayıb”.

Əkrəm Həsənovun sözlərinə görə, ARDNF-dən 7.5 milyardlıq trasfertin manatla ayrılması qeyri-müəyyənlik yaradır. "Transfert manatladır və vəsaitin dollar ekvivalentində olduğu qeyd edilməyib. Bu məbləğ ilboyu ayrılacaq və manatın ucuzlaşması fonunda bu rəqəm dollar ekvivalentində gözlənilən qədər - 4.5 milyard olmayacaq. Artıq hamıya aydındr ki, dollar yaxın aylarda 2 manatı keçəcək. İndi əsas məqsəd odur ki, ilin sonuna kimi dollar 2 mant 50 qəpiyi keçməsin. Əgər Mərkəzi Bank ARDNF-dən aldığı vəsaiti düzgün istifadə etməyi bacarsa, bəlkə dı, keçmədi. Ehtimal edirəm ki, Mərkəzi Bank bu məqsədə nail olacaq. 

Azərbaycanda "üzən məzənnə” yoxdur”
 
AMB sədrinin müavini A.Babayev "üzən məzənnə” rejimi ilə bağlı da açıqlama verib. O qeyd edib ki, yeni şəraitə adaptasiya gözlədiklərindən daha sakit və rəvan gedir. "Bütövlükdə bazara və məzənnənin dinamikasına nikbin baxıram", - deyə o əlavə edib. 

Əkrəm Həsənov isə vurğulayır ki, tam üzən məzənnə rejiminə keçidin çox da sakit keçdiyini hesab etmir. "Üzən məzənnə” odur ki, alış-satış qiymətlərini tam sərbəst, tələblə tklif arasında balans olur və məznnə onunla müəyyən edilir. Amma bu gün görürük ki, bankların valyuta satışı ilə alışı arasında fərq çox böyükdür. Təxminən 10 qəpikdən də çoxdur. Bu, o deməkdir ki, manat "üzmür”. Necə ola bilər ki, banklar valyutanın alış-satışından bu qədər qazanc götürsünlər? Deməli hələki bazarda balans yoxdur. Bu da ona gətirəcək ki, qara bazar tam ləğv olunmayacaq. Ona görə də deməzdim ki, tam üzən məzənnəyə keçid çox da asan keçir”. 

Ekspert Natiq Cəfərli isə bildirir ki, Azərbaycanda ümumiyyətlə, "üzən məzənnə” yoxdur. "Mərkəzi Bankın israrla "tam üzən məzənnə” deməsini anlaya bilmirəm. Çünki tam üzən məzənnə rejimi olan ölkələrin valyutaları 24 saat boyunca qiymətləndirilir. Belə ki, ölkə ərazisində fəaliyyət göstərən qiymətli kağızlar bazarı işlədiyi müddətdə, yəni iş vaxtında real bazarda dəyəri müəyyənləşdirilir, işdən sonrakı vaxtda isə daim dünya birjaları tərəfindən digər ölkələrin valyutasına nisbətdə yerli müəyyyən edilir. Azərbaycanda bu institututların heç biri yoxdur. Hərrac bir neçə dəqiqə çəkir və onun nəticələrindən sonra Mərkəzi Bank yenidən öz məzənnəsini elan edir. Gün ərzində başqa alqı-satqı baş vermir ki, üzən məzənnəyə keçidlə bağlı fikir söyləmək mümkün olsun. Əgər bir ölkədə valyuta bazarında bir oyunçu varsa (hələlik Neft Fondudur) və onun da hərraca nəqədər valyuta çıxara biləcəyi öncədən bəllidirsə, həmin ölkədə üzən məzənnə mümkün deyil. Yəni adını nə qoymalarından asılı olmayaraq, məzənnə yenidən Mərkəzi Bank tərəfindən tənzimlənir. Ona görə də indiki rejimi "üzən məzənnə” adlandırmaq çətindir. 

Rəşad VAQİFOĞLU
Oxşar xəbərlər