İşıq pulu necə hesablanacaq?
- 23 dek 2016, 20:23
Dekabrda yeni tariflə edilmiş ödənişlər Tarif (qiymət)
Şurasının qəbul etdiyi yeni güzəştli limitə uyğun tənzimlənəcək.
Demokratik.Az xəbər verir ki, bunu "Azərişıq”
ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Azərtac-a Tarif (qiymət)
Şurasının son qərarını şərh edərək bildirib.
"Dekabr ayında 250 kilovat-saatı keçdiklərinə görə istifadə etdikləri hər
kilovat-saata 11 qəpik ödəyənlərin hesabını qurumda istifadə olunan sistem
avtomatik tənzimləyəcək və 300 kilovat-saata qədər olan hissəni 7 qəpikdən
hesablayacaq. Yalnız 300 kilovat-saatı keçəndən sonra 11 qəpik tarifi tətbiq
ediləcək. Abonentin ödəmiş olduğu qalan vəsait növbəti günlərdə istifadə etdiyi
elektrik enerjisinə uyğun hesablanacaq”, - deyə T.Mustafayev qeyd edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına
əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil
edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə
Tarif (qiymət) Şurasının iclasında əhali üçün tarifi dəyişməyən təbii qaz üçün
təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik
enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata
qaldırılıb. Bununla da son tarif tənzimlənməsindən sonra ödənişlərində artım
olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək,
elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəlmiş olur.
Demokratik.Az