Mərkəzi Bank FES-in qərarını şərh etdi

  • 15 dek 2016, 13:46
ABŞ Federal Ehtiyat Sisteminin (FES) son qərarının manatın məzənnəsinə birbaşa təsiri yoxdur.

Bu barədə Azərbaycan Mərkəzi Bankından Trend-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, ABŞ Federal Ehtiyat Sisteminin qəbul etdiyi son qərardan sonra dünya bazarlarında dolların məzənnəsinin bahalaşması ilə bağlı gözləntilər aktualdır:

"Bu proseslərin ölkəmizin valyuta bazarına gözlənti kimi psixoloji təsirləri istisna olunmur. Lakin buna iqtisadi əsas yoxdur. Belə ki, hazırda ölkədə həyata keçirilən məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı büdcə ehtiyacları üçün neft transferlərinin məbləğindən asılıdır".

Mərkəzi Bankdan bildirilib ki, ümumilikdə, FES-in faizlə bağlı qərarı qısamüddətli dövrdə adətən böyük həcmdə spekulyativ kapital daxilolmalarına malik olan ölkələrə təsir göstərir:

"Azərbaycan isə iri həcmli spekulyativ kapital daxilolmalarına malik ölkə olmadığından FES-in son qərarının təsiri ilə burada hər hansı qısamüddətli dəyişiklik gözlənilmir. O cümlədən bu qərarın manatın məzənnəsinə birbaşa təsiri yoxdur. Azərbaycan kimi ölkələrə FES-in qərarı orta və uzunmüddətli dövrdə təsir göstərə bilər. Bu təsirləri qabaqlayıcı rejimdə tənzimləmək üçün Azərbaycan hökuməti və Mərkəzi Bankı adekvat makroiqtisadi sabitlik tədbirləri görür və bundan sonra da görəcək".
 
Demokratik.Az
Oxşar xəbərlər