26 dövlət əmlakı açıq hərracla özəlləşdirilib

  • 13 dek 2016, 17:10

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dekabrın 13-də dövlət mülkiyyətində olan əmlakların özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib. Hərracda, ümumilikdə 26 dövlət əmlakı olmaqla, 7 kiçik dövlət müəssisə və obyekti, 7 istifadəsiz qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi və 1 yarımçıq tikili özəlləşdirilib. Budəfəki özəlləşdirmədən dövlət büdcəsinə 4,3 milyon manat vəsaitin köçürülməsi təmin ediləcək.

Komitədən bildirilib ki, hazırda Özəlləşdirmə portalı (privatization.az) sayəsində hərracda iştirak etmək daha da rahatlaşıb. Belə portal üzərindən əmlakı seçib sifariş verməklə hərraca qatılmaq olar. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və digər məlumatlar var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də "facebook” sosial şəbəkəsindəki rəsmi səhifə və "Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

Məlum olduğu kimi, hərracı müşahidə etmək üçün də heç bir məhdudiyyət yoxdur. Yəni istənilən vətəndaş və ya media nümayəndəsi hərrac günü komitənin İnformasiya Texnologiyaları Mərkəzinə (Bakı, Heydər Əliyev prospekti, 139A) gəlib hərrac prosesini izləyə bilər.

Hərracda özəlləşdirilmiş kiçik dövlət müəssisələrinin 1-i Bakıda, 3-ü Gəncədə, 2-si Şəkidə, 1-i Zaqatalada, qeyri-yaşayış sahələrinin 2-si paytaxtda, 2-si Sumqayıtda, 2-si Göyçayda, 1-i Ağdaşda, 1 yarımçıq tikili isə Füzulidə yerləşir. Hərracda paytaxtın Səbail rayonunda yerləşən 59 saylı mağaza 60 min manata, Gəncə şəhərində yerləşən 65 saylı və 39 saylı mağazalar müvafiq olaraq 55 min və 40 min manata özəlləşdirilib.

Qeyd edək ki, tamamilə şəffaf, rahat və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçirilən belə hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Hərracda özəlləşdirilən əmlak sonradan biznes məqsədilə icarəyə və ya istifadəyə verilə, eləcə də digər gəlir mənbəyinə çevrilə bilər.

Komitə tərəfindən növbəti hərrac dekabrın 20-də keçiriləcək. Hərraca çıxarılan 84 əmlakdan 23-ü səhmdar cəmiyyəti, 26-sı kiçik dövlət müəssisə və obyekti, 32-si istifadəsiz qeyri-yaşayış sahəsi və 3-ü isə nəqliyyat vasitəsidir. 

Oxşar xəbərlər