Əmlak komitəsi “xırda ticarət”lə məşğuldur

  • 01 noy 2016, 22:31
Noyabrın 1-də dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib. Bizimyol.info Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) istinadla xəbər verir ki, bu dəfəki hərracda ümumilikdə 19 dövlət əmlakı olmaqla 1 səhmdar cəmiyyəti, 1 nəqliyyat vasitəsi və 17 kiçik dövlət müəssisə və obyekti  özəlləşdirilib. Onların 5-i paytaxt,  2-si Sumqayıt, 1-i Yevlax, 1-i Cəlilabad, 2-si Şəki, 2-si Gəncə, 1-i Kürdəmir, 1-i İsmayıllı, 1-i Qobustan, 1-i də Mingəçevirdə yerləşir. Bu əmlakların 4-ü ticarət obyekti olub, 10-u xidmət və ictimai iaşə, qalanları isə sənaye sahəsinə aiddir.

Qaradağda dövlət əmlakı 103, Sabunçuda 298, Kürdəmirdə 59 manata satılıb 

Hərracda ən yüksək qiymətə paytaxtın Qaradağ rayonundakı 193,5 kv.m. sahəsi olan Məişət evi və Sabunçudakı 67,1 kv.m. sahəsi olan 91 saylı mağaza verilib. Hər iki daşınmaz əmlaka 20 min manat təklif olunub və özəlləşdirilib. Eyni qiymət Kürdəmirdə yerləşən sahəsi 337 kv.m. olan 1 saylı çöbərəkbişirmə sexinə də təklif olunub. Heç bir rəqabətdən söhbət getmir, dövlət əmlakı son hərracda təklif olunan qiymətlə də satılıb. Qaradağdakı daşınmaz əmlakın kv/m.-i 103 manat, Sabunçudakı 298 manat, Kürdəmirdəki isə 59 manatdan düşüb.  

Hərracda 23 səhmdar cəmiyyətdən yalnız biri alınıb

Hərracda özəlləşdirilmiş iri dövlət müəssisəsi olan "Pirallahı Çörək” səhmdar cəmiyyəti isə yeyinti sənayesi sahəsinə aiddir. Müəssisənin özəlləşdirilməsi sonradan qoyulacaq investisiya nəticəsində fəaliyyətin tam bərpası və gələcəkdə yeni iş yerlərinin yaradılmasına səbəb olacaq. ƏMDK-dən bildirilir ki, hərraca çıxarılmış və özəlləşdirilmiş hər bir kiçik dövlət müəssisə və obyekti orta və kiçik portfelli biznesin qurulması və inkişafı üçün potensial daşınmaz əmlakdır. Növbəti  hərrac noyabrın 8-də keçiriləcək və həmin vaxt 77 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.
Xatırladaq ki, qabaqcadan elan olunduğuna görə, bugünkü hərracda 101 dövlət əmlakının satışa çıxarılacağı bildirilmişdi. Satışa təklif olunan hər beş əmlakdan yalnız biri alınıb. Başqa sözlə hərraca çıxarılan dövlət əmlakının cəmi 19 faizi satılıb. Onlar da əsasən həmin əmlakların əvvəlki istifadəçiləridir. Hərraca çıxarılan dövlət əmlaklarının 23-ü özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Bunlar paytaxt Bakı şəhəri ilə yanaşı Mingəçevir, Neftçala, Astara, Abşeron, Yevlax, Xaçmaz, Kürdəmirdə yerləşir. Hərraca çıxarılan müəssisələr kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, xidmət, sənaye, emal və digər sahələri əhatə edir. Onların arasında "Astara Çay-3”, "Lənkəran Broyler”,  "Masazır Quşçuluq”, "Tovuz Məişət”, "Yevlax Yun”, "Zabrat Tikinti Quraşdırma” səhmdar cəmiyyətləri var. Bu gün məlum olur ki, satışa təklif olunan cəmiyyətlərdən cəmi biri satılıb. Yəni, 4,3 faizi. 

Heç nəyi olmayan müəssisəyə görə pul ödədilər

Kiçik obyektlərin qiyməti qeyd edilsə də səhmdar cəmiyyətinin neçəyə satıldığı bildirilmir. Amma özəlləşdirmə portalında start qiymət göstərilib. Belə ki, müəssisə 1965-ci ildə istifadəyə verilib. 1997-ci ildə "Taxıl məhsulları” Dövlət Şirkətinin 12 saylı çörək zavodunun bazasında "Pirallahı Çörək” ASC yaradılıb. Nizamnamə kapitalı 329 206.80 manat, buraxılmış səhmlərin sayı 164 603, satılmış səhm zərfinin həcmi 123 436 (74.99%), satılan səhm zərfinin həcmi 41 167 ədəd (25.01%), səhm zərfinin nominal dəyəri (50% güzəştlə) 41 167.00 manatdır. Bir nəfər də olsun işçisi yoxdur. Müəssisənin torpaq sahəsi 10 552 kv.m., tikilialtı sahə 2 326.4 kv.m.-dir. 3 mərtəbəli idarə binası, dülgər sexi, anbar, transformator binası, nasosxana binası, hovuz, qaraj, gözətçi binasının mövcud olduğu yazılır. İlkin satış qiyməti 41 min göstərilsə də, son satış qiyməti bugünkü məlumatda bildirilməyib. Özəlləşdirmə portalında yerləşdirilən şəkillərdən də göründüyü kimi ASC-nin heç nəyi yoxdur. Tikililər də, əmlak da ömrünü bitirib. Müəssisə uzun illərdir ki, fəaliyyət göstərmir.   
 
Müəssisənin qiyməti bu "üsul”-la iki dəfə aşağı salındı 

Prezidentin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”-na əsasən dövlət əmlakının satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya əmlak satılmadıqda), satıcı tərəfindən üçüncü hərracda həmin əmlakın start qiyməti ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır. Bu qaydada satılmayan dövlət müəssisələri müəyyən olmuş formada ləğv edilir və onun əmlakı (tikililər, avadanlıq, qurğular və sair) ayrı-ayrılıqda yuxarıda göstərildiyi kimi hərrac vasitəsilə satılır. Çıxarılan müəssisələrin çoxu ilkin hərracda satılmır. Onların əksəriyyəti qiymətin aşağı düşməsi üçün növbəti hərraclara saxlanılır. Odur ki, qabaqcadan olan elanlarda müəssisə və obyektlərin adı konkret göstərilmir. Əks halda hansı müəssisənin satışında hiylənin olduğunu ortaya çıxartmaq çətin olmaz. Ümumiyyətlə, komitənin tələbat olmadığı halda hər dəfə yüzə yaxın müəssisəni hərrraca çıxarıb onun beşdə birini satmağı o deməkdir ki, növbəti hərraclarda yerdə qalan dörd hissənin qiyməti aşağı düşür. Bu proses hər dəfə təkrarlanır və son nəticədə müəssisələr ləğv olunur, əmlakı isə ayrı-ayrılıqda "su qiyməti”-nə satılır. Beləliklə də ASC-lərin istifadəsində olan torpaqların "əldən çıxarılması” asanlaşır. Bu hərracda ən yüksək məbləğ Qaradağ, Sabunçu, Kürdəmirdə olan obyektlərə təklif edilibsə və həmin qiymət 20 min manat civarındadırsa, deməli, səhmdar cəmiyyəti onlardan ucuz satılıb. Yəni ilkin təklif olunan qiymətindən iki dəfə də aşağı. Çox güman ki, bu, həmin cəmiyyətin hərraca çıxarılmağının ən son mərhələsidir. Qiymətin maksimum ucuzlaşdığı mərhələ.   

Müssisələrin kütləvi hərraca çıxarılıb, "evdə qalmağı”nın əsas səbəbi

Noyabrın 8-nə elan olunmuş hərracda 26 dövlət əmlakı özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Onlardan "Azinterservis”, "Lənkəran Taxıl”, "Ağcəbədi Pamıq”, "Biləsuvar Pambıq, "Zaqatala Sənaye”, ”"Bərdə Dəmir Beton-9” səhmdar cəmiyyətlərinin adı çəkilir. Noyabrın 15-də keçiriləcək hərracda 25 səhmdar cəmiyyəti satışa çıxarılacaq. "İmişli Pambıq”, "Neftçala Pambıq”, "Sabirabad İnşaat Sənaye”, "Gəncə Sənaye Tikinti”, "Bərdə Mexaniki Təmir”, "Kürdəmir Quşçuluq”, "Oğuz Kəndkimya”, "Tərtər Konserv” belələrindəndir. Noyabrın 22-də elan olunan hərracda isə satışa təklif olunan 26 dövlət əmlakı səhmdar cəmiyyətləridir. Bunlardan da "Ağdaş Quşçuluq”, "Şamaxı Dəmir Beton”, "Qarabağ Pambıq”, "Zaqatala Fındıq”, "İsmayıllı Sənaye İstehsal”, "Material  Təchizat”, "Saatlı Broyler”, "Bərdə Tikinti Quraşdırma” açıq səhmdar cəmiyyətlərinin adı çəkilir. Hərraca çıxarılmış bir səhmin nominal dəyəri müəssisədən asılı olaraq 0.5 manatdan 2 manata qədərdir. Əvvəlki hərracların nəticələrininin təhlilindən belə qənaətə gəlmək olar ki, onların böyük əksəriyyəti satılmamış qalacaq və növbəti hərraclarda aşağı qiymətlərlə təklif olunacaq. Satılmayacağını bildikləri halda Komitədən hər dəfə bu qədər müəssisəni hərraca çıxarmağın altında yalnız onların dəyərini aşağı salmaq məqsədi güdülür. Belə olmasaydı, satışları təhlil edib, növbəti hərraclarda daha uyğun siyahı ilə çıxış edərlər.    

Dövlətin iri müəssisələri zirzəmidən dəfələrlə ucuz satılır

Səhmdar cəmiyyətlərin əksəriyyəti kiçik obyektlərdən ucuz təklif olunur. Əvvəlki araşdırmalarımızda tələbatın əsasən zirzəmi obyektlərə olduğunu ortaya çıxartmışdıq. Misal üçün, bu gün satılan "Pirallahı Çörək” ASC-nin ilkin təklif olunan qiyməti 41,2 min manatdırsa, noyabrın 22-nə elan edilən hərraca çıxarılan kiçik obyektlərin start qiyməti bundan dəfələrlə bahadır. Torpaq sahəsi ilə birlikdə qiymətləndirilən əmlaklar ən yüksək ilkin hərrac qiyməti 350-430 min manat olan xidmət, ictimai iaşə və nəqliyyat müəssisələridir. Özəlləşdirilməsi nəzərdə tutulan 16 əmlak isə Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznes üçün əlverişli ola biləcək qeyri-yaşayış sahələri 13 kv/m.-dən başlayaraq 118 kv/m.-ə qədərdir. Hərraca çıxarılan istifadəsiz daşınmaz dövlət əmlaklarının ən yüksək qiyməti 155 min manat olan, Bakı şəhərinin Yasamal rayonundakı qeyri-yaşayış sahəsidir. İlkin qiyməti yüksək digər obyektlər paytaxtın Yasamal və Nizami rayonlarında yerləşir. Onlar da müvafiq olaraq 55-60 min manat ilkin satış qiyməti olmaqla hərraca çıxarılıb. Noyabrın 15-də keçiriləcək hərraca çıxarılan 43 dövlət əmlakından isə 13-ü kiçik dövlət müəssisə və obyekti, 30-u Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznes üçün əlverişli ola biləcək qeyri-yaşayış sahələridir ki, aralarında 10 kv/m.-dən başlayaraq 1700 kv/m.-dək olan obyektlər var. Hərrac qiymətləri 2,7 milyon manatadəkdir. Həmin hərracda ən yüksək qiyməti olan dövlət əmlakı Bakının Nizami rayonunda yerləşən və torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılmış Təsərrüfat hesablı Təmir-tikinti sahəsidir. Belə ki, torpaq sahəsi 7869,1 kv/m. və ümumi faydalı sahəsi 958,1 kv/m. olan dövlət əmlakının ilkin satış qiyməti 2 658 500 manatdır. Start qiyməti yüksək olan digər dövlət əmlakları paytaxtın Sabunçu rayonunda yerləşən Maşın Meliorasiya Stansiyası və Suraxanı rayonundakı 42 saylı mağazadır. Bu əmlaklar müvafiq olaraq 750 min və 800 min manat ilkin satış qiyməti olmaqla hərraca təklif olunur. Bu dövlət əmlakları torpaq sahəsi ilə birgə hərraca çıxarılıb və bu zaman tikili və torpaq sahəsi ayrı-ayrılıqda qiymətləndirilib. 

Göründüyü kimi kiçik obyektlərin start qiyməti, hətta 10 kv/m. civarında yerlər səhmdar cəmiyyətlərdən iki dəfə bahadır. Səbəbi isə hərraca çıxarılan ASC-lərin köhnə, lazımsız, hətta ayaq bağı əmlakından savayı heç nəyinin olmamasıdır. Qeydiyyatdan keçmiş quru adı var, bir də istifadəsində olan dövlətin torpaq sahəsi. Hansı ki, ƏMDK istədiyi vaxt həmin torpağı başqasına sata bilər. Dükan-mağaza səviyyəsində obyektlərdən fərqli belə müəssisələrin investisiya öhdəliyi olduğundan bu yükün altına hər kəs girmək istəmir. Ümumiyyətlə, bu gün zirzəmi obyektlər iri ASC-lərdən daha rentabellidir. Hökumətin də səhmdar cəmiyyətlərə hər hansı dəstək təklifi yoxdur. Halbuki, onların çoxu istehsal, emal müəssisələridir və qeyri-neft sektorunun inkişafı üçün əlverişlidir. Komitə isə bu gün iri həcmdə investisiyalar cəlb edən real özəlləşdirməni kənara qoyub, "hərrac” adı altında "xırda ticarət”-lə məşğuldur. 

Bizimyol.info
Oxşar xəbərlər