Neft bahalaşır - amma müvəqqəti olaraq...

  • 20 sen 2016, 08:24

Ekspertlər bildirirlər ki, hətta növbəti ildə də neftin ciddi qiymət artımından danışmaq tezdir...

 

Son günlər neftin qiyməti az da olsa, artmaqdadır. Son olaraq Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,81 dollar artaraq  43,84 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,76 dollar artaraq 46,53 dollar olub.

 Neftin bahalaşmasının bir neçə səbəbi var. İlk növbədə "qara qızıl”ın qiymətinə müsbət təsir edən amil odur ki, Liviya rəhbərliyinin açıqlamalarına baxmayaraq Ras-Lanuf limanından neft tankerlərini yola salmaq mümkün olmayıb. Ölkədə baş verən vətəndaş müharibəsi səbəbindən terminal iki il fəaliyyətsiz qalıb. 

(APA). Bununla yanaşı, Venesuela prezidenti Nikolas Maduro bildirib ki, neft istehsalçıları hasilatın dondurulmasını sentyabrda elan edə bilər. Xatırladaq ki, neft bazarı ötən həftəni pessimist notlar üzərində başa vurub. Buna səbəb Liviya, İran, Nigeriya kimi ölkələrin dünya bazarına çıxardığı neftin həcmini artırmaq niyyətində olduğunu bəyan etməsidir. Ümumilikdə, ötən həftə Brent markalı neftin qiyməti 5 faiz azalaraq 46 dollardan aşağı enib. 

Bu arada isə OPEC Əlcəzairdə keçiriləcək görüşdə neft hasilatçıları, kartelə daxil olan və onun üzvü olmayan ölkələr arasında güzəşt əldə olunacağı təqdirdə təcili iclas çağıracaq. OPEC-in baş katibi Məhəmməd Barkindonun fikrincə, Əlcəzairdə keçiriləcək qeyri-rəsmi görüş təcili iclasın çağırılması ilə nəticələnəcək və orada qərar qəbul olunacaq: "Əlcəzairin iştirakçılara təklifi var. Tərəfdaşlarımızla aparılan məsləhətləşmələr göstərir ki, bazarın stabilləşdirilməsi zərurəti ilə bağlı razılıq var. Bu artıq nikbinlik yaradır”. Sentyabrın 26-28-i tarixlərində Əlcəzairdə Beynəlxalq Enerji Forumu keçiriləcək. İclas çərçivəsində neft ixracatçısı ölkələrinin hasilat səviyyəsinin dondurulması barədə danışıqlar aparacağı gözlənilir. Lakin fərqli mətbuat orqanlarında onun fikirləri təzadlı şəkildə göstərilib. Bəzi xəbərlərə görə, OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib ki, Əlcəzairdə neft hasilatçılarının iştirakı ilə keçirilməsi nəzərdə tutulan görüş məsləhət xarakterlidir və orada hər hansı bir qərarı qəbul olunması nəzərdə tutulmayıb: "Bu, qeyri-formal görüşdü və görüşdə hər hansı qərarın qəbul olunması gözlənilmir... Fikir mübadiləsi aparmaq məqsədilə görüşün keçirilməsi barədə təklifi Qətər vermişdi”. Onun sözlərinə görə, Əlcəzairdə həmçinin ikitərəfli görüşlər də keçiriləcək.

Venesuela prezidenti Nikolas Maduro isə qeyd edib ki, OPEC-ə üzv olan və olmayan neft istehsal edən dövlətlərin enerji bazarlarında qiymətlərin stabilləşdirilməsi mövzusu ətrafında razılaşmalarına az qalıb. Onun sözlərinə görə, razılaşmanın bu ay ərzində elan edilməsi mümkündür. Bildirilir ki, neft qiymətləri bazarlarda yüksək təklif fonunda təzyiq altındadır. Eyni zamanda OPEC-in mövqeyinə görə, təşkilata daxil olmayan dövlətlər istehsalı gələn il daha da artıra bilər. Bazarlarda yüksək təklif və bazar uğrunda mübarizə 2 ildir neft qiymətlərinin ucuzlaşmasına səbəb olur.

Azərbaycanın isə neft ixracı azalıb. Ekspertlər bununla belə, neftdən gələn gəlirdən asılılıqdan xilasın yaxın illərdə mümkünsüzlüyünü vurğulayırlar. 2016-cı ilin ilk 8 ayı ərzində Azərbaycandan 4  milyard 165 milyon 218 min dollarlıq xam neft ixrac olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin ilk 8 ayı ilə müqayisədə xam neft ixracı 35 faiz azalıb. 2015-ci ilin yanvar-avqust aylarında Azərbaycandan 6  milyard 394 milyon 879 min dollarlıq, 2014-cü ilin 8 ayı ərzində isə 13 milyard 129 milyon  dollarlıq xam neft ixrac olunmuşdu. Beləliklə, son 2 ildə neftdən gəlirimiz 3 dəfədən çox azalıb.

Ekspertlər isə qeyd edirlər ki, neft bazarı ilə bağlı sentyabrın  sonunda proqnoz vermək daha asandır. OPEC-in toplantısında kvotaların yenidən müzakirəyə çıxarılması ehtimalı, həmçinin ABŞ-ın Federal Rezerv Sisteminin toplantısı bəzi məsələlərə işıq sala bilər. Bildirilir ki, hər iki toplantıdan çıxan qərarlar neft bazarında çox ciddi təsir yarada bilər. Ekspertlərin fikrincə, neft bazarında yaxın illərdə hələ də hasilat istehlakı üstələyəcək. Bu da neftin qiymətinin qalxmasının qarşısını alacaq. 

RÖYA

Oxşar xəbərlər