Kiçik biznesin sığorta dərdi

  • 18 iyul 2016, 18:23
"Gəncədə bir təşkilat var, onlarla işlədim bir neçə il. Birinci dəfə 300, ikinci dəfə 500, üçüncü dəfə 700 dollar kredit verdilər, mən də torpağımı əkib becərirdim. Bir il payız əkinimi dolu vurdu, əlimə heç nə gəlmədi. 500 dollar kredit ödəməliydim, əvəzimə sığorta şirkəti ödədi”.
Bunu şəmkirli fermer Sahib Əliyev deyir. Onun xatırladığı söhbət Dünya Bankının xəttiylə təxminən 10-13 il əvvəl Azərbaycan kənd təsərrüfatında aparılan pilot layihə ilə bağlıdır. Müsahibimiz yadına salır ki, əkinini dolu vuranda  gözünün qabağına aldığı 500 dolları necə qaytaracağı gəlib: "Kəndliyəm, belə şeylərdən başım çıxmaz. O vaxt pulu alanda zərər çəksən. ödəniləcək demişdilər, harasa imza da atmışdım, nə qədərsə pul da ödəmişdim. Zəng vurdum bizim sahəyə baxan adama, dedim gecə dolu vurub, bütün şitillər məhv olub. İnanın, uşaq kimi ağlamağım gəlirdi, mənim üçün böyük pul idi. Geri qaytarmaq üçün heyvan satmalı idim”.

Sahib Əliyev danışır ki, işlədiyi təşkilatın nümayəndəsi ilə tanımadığı adamlar gəlib, baxdılar, yazdılar, pozdular, getdilər: "O pulu sığorta şirkəti qaytardı”. 

"Sığorta şirkəti ödənişdən imtina elədi”

Gəncə Biznes Qurumunun direktor müavini Arif Cahangirov deyir ki, 2000-ci illərin əvvəlində Dünya Bankının xəttiylə "Azərbaycanda kənd təsərrüfatının inklişafı və kreditləşmə” layihəsində fermerlərə güzəştli və girovsuz kredit verilirdi, sadəcə, borclular aldığı krediti sığortalamaq üçün müəyyən məbləğdə sığorta haqqı ödəyirdilər: "Bu, fermerlərə xeyli kömək idi, aqrar sektorda risklər olur, hətta bir neçə sığorta hadisəsi də oldu. Ancaq bir mövsümdə böyük bir ərazini dolu vurdu, sığorta şirkəti sığorta pulu ödəməkdən imtina elədi. Bundan sonra fermerlər də aldıqları krediti sığorta eləmək istəmədilər. Bu sistem pozuldu”, - Arif Cahangirov deyir. 

"Qanunvericilik kreditlərin sığorta mexanizmini müəyyən etmir”

"Azərbaycanda hələlik qüvvədə olan qanunvericilik kreditlərin sığortalanması ilə bağlı hüquqi mexanizmləri müəyyən etmir”. 
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birlyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin  maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində apardığı tədqiqatında belə deyilir. 

Tədqiqat müəllifləri yazırlar ki, Azərbaycanda irili-xırdalı bütün kreditlər ya zəmanət, ya da girov əsasında verilir, kreditin başqa qoruyucu mexanizmi yoxdur. 
Hazırda dünyada kiçik sahibkarlığın əsas maliyyə mənbəyi şəxsi kapitalları deyil, borc vəsaitləridir. Məsələn, ABŞ-da bu qəbildən olan subyektlərin 77 faizi fəaliyyətləri dövründə ən azı bir dəfə də olsa, kredit götürmüş olurlar. Avropa Birliyində kiçik və orta sahibkarlıq subyektlərinin azı 76 faizinin bir və ya bir neçə banka kredit borcu olur. Bununla yanaşı inkişaf etməkdə olan ölkələrdə həm bankların kiçik və orta biznesə   marağının azalmasının qarşısını almaq, həm də bu sektor sahibkarların risklərdən qorunması  üçün biznes kreditlərin təminat altına alınması mexanizmləri tətbiq olunur. 

Xaricdə kredit riskini qarşılayırlar
Sözügedən tədqiqatda bu mexanizmlərdən söz açılır. Bildirilir ki, ya kredit riskləri sığortalanır, ya da kreditlər üçün zəmanət verilir: "Kredit riskinin sığortalanması ixtisaslaşmış sığorta və ya kreditlər üzrə zəmanət şirkətləri tərəfindən banklara göstərilən spesifik maliyyə xidmətdir. Bu xidmətin təqdim edildiyi şəraitdə kredit borcunun qaytarılması ilə bağlı riskləri sığorta şirkəti öz üzərinə götürür, qaytarılmayan borca görə banka dəyən zərəri sığorta (ya zəmanət) şirkəti ödəyir.  Borcgötürənin məsuliyyətinin sığortası üçün əsas sığorta hadisələrinə borcgötürənin həyatını itirməsi, iş qabiliyyətini itirməsi kimi hadisələr daxildir. Kreditin qaytarılma riskinin sığortası ilə bağlı sığorta hadisələrinə fors-major hallarla (məsələn, təbii fəlakətlər, valyuta və ya əmtəə bazarında çaxnaşmalar və s.) bağlı biznes strukturunun borcu qaytara bilməməsinə səbəb olan hadisələr daxildir”, tədqiqatda vurğulanır. 

Sığorta bazarı xarici investorlara açılmalııdır

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bankların indiki halda bankların vəziyyətinin ağır vəziyyəti maliyyə bazarını lap ağırlaşdırıb.  Onun fikrincə, sığorta bazarında canlılıq yaratmaq üçün rəqabətli mühitə ehtiyac var. "Sığorta bazarı xarici investorlara açılmalıdır. Bu, həm bazarı dircəldər, boşluğu doldurar, həm də rəqabət mühiti yaradar”.

S. Mehdiyeva
Oxşar xəbərlər