«Manatı «üzən məzənnə»yə buraxmaq olmaz»

  • 11 mart 2016, 09:04

Ekspert Zaur Əhmədov: «Rəqabət qabiliyyətli sahibkarlığın formalaşmasına qədər manatın kursuna vaxtaşırı müdaxilələrin edilməsi zəruridir»

Azərbaycan Mərkəzi Bankı (AMB) "üzən məzənnə" rejimindən imtina edəcək. (report.az) Qeyd edək ki, AMB bu qərarı ötən ilin dekabrın 21-də verib. Lakin rəsmi olaraq "üzən məzənnə"yə keçid elan olunsa da, manatın kəskin bahalaşması qurumun banklara 4 faizlik marja tətbiq etməsinə gətirib çıxardı. Yəni banklar AMB-ın gündəlik valyuta məzənnəsinə uyğun olaraq 4 faizdən baha alqı-satqı həyata keçirə bilməz. Nəticədə manata olan təzyiqləri Dövlət Neft Fondu və Azərbaycan Mərkəzi Bankı üzərinə götürüb. Hələ ki, milli valyutanın kəskin devalvasiyasının qarşısı valyuta ehtiyatlarının "əriməsi" hesabına alınır. 


Qeyd edək ki, artıq AMB manatı sabitləşdirmək üçün 2014-cü ilin iyul ayından bəri 11 milyard dollardan çox vəsait xərcləyib. Dövlət Neft Fondu isə son iki ayda bazara 1 milyard dollara yaxın vəsait çıxarıb. Bəzi ekspertlər qeyd edir ki, valyuta ehtiyatlarının azalmasının qarşısını almaq üçün üzən məzənnəyə real olaraq keçmək, manatın kursunu bazarın öhdəliyinə buraxmaq lazımdır. Təbii ki, milli valyutanın inzibati qaydada idarə edilməsinin tərəfdarları da az deyil. Hər iki halda, ölkə iqtisadiyyatının itkiləri və qazancı nələr olacaq?

Maliyyəçi-ekspert Zaur Əhmədov "Bizim Yol"a şərhində bildirdi ki,  Mərkəzi Bank manat ikinci dəfə devalvasiyaya uğradığı zaman üzən məzənnəyə keçdiyini bəyan etsə də, bu prosesi yalnız bir həftə tələb və təklifin öhdəsinə buraxdı: "Lakin bu zaman məlum oldu ki, əhalinin ona xarici valyuta lazım olmayan hissəsi də dollar və yaxud avro axtararaq ən cüzi məbləğlərini də qorumaq məqsədilə xarici valyuta axtarır. Yəni ikinci devalvasiyadan sonra əhalinin milli valyutaya inamı tamamilə itdi. Hamıya aydın oldu ki, neftin qiyməti düşməkdə davam edərsə, milli iqtisadiyyatımız və manat çox çətin bir durumla üzləşəcək. Buna görə də Mərkəzi Bank valyutadəyişmə məntəqələrinin sayını azaltmağa, hətta manat kütləsini də limitlə banklara təqdim etməyə başladı. Ki, bu da dolların qiymətinin təkcə tələbata uyğun deyil, eyni zamanda psixoloji amildən də təsirlənərək artmaması üçün bazara inzibati qaydalarla müdaxilə etdi. İlk günlər dolların qara bazarı da formalaşdı. Rəsmi məzənnə 1.56-1.58 olmasına baxmayaraq 1 dollar 2 manata, hətta 2.20 manata satıla bildi. Lakin yanvar ayının ortalarından prosesin bu qaydada tənzimlənə bilməyəcəyi ilə hökumət razılaşdı və psixoloji amilləri aradan qaldırmaq üçün bazara tələbdən artıq dollar təklif etməyə başladı. Bu isə artıq üzən məzənnədən qismən də olsa imtina etmək idi. Çünki təklif olunan valyutanın həcmi, əslində, real tələbdən artıq deyildi".

Ekspertin fikrincə, indiki situasiyada üzən məzənnə effektiv ola bilməz: "Sahibkarlar da gözləmə mövqeyi seçdiklərindən baha qiymətə dollar alaraq bazara idxal olunmuş mallarının manatla satışı zamanı mənfəət əldə edəcəklərinə şübhə ilə yanaşmağa başladılar: "Paralel olaraq digər dövlət qurumları da bazarlarda və marketlərdə monitorinq keçirəcəyi və süni qiymət artımı ilə kəskin mübarizə aparacağı haqqında fikirlər səsləndirdi ki, bu da idxalın səviyyəsinin kəskin azalmasına, iş yerlərinin ixtisarına gətirib çıxardı. Halbuki bazar iqtisadiyyatında monopoliya yox idisə və azad bazar münasibətləri mövcud idisə, o zaman heç qiymətin də süni artımı mümkün deyildi. Bir sözlə iqtisadiyyatımızın gəlirlərinin 85 faizinin formalaşdığı neft amilinə arxayın olmaqla sərbəst üzən məzənnə siyasəti yürütmək effektiv ola bilməzdi. Özü də neftin qiymətinin təkcə iqtisadi amillərlə deyil, eyni zamanda siyasi diqtə ilə formalaşdığı zamanda".

Z.Əhmədovun sözlərinə görə, azad, bir çox sahələrdə idxalı əvəz edə biləcək rəqabət qabiliyyətli sahibkarlığın formalaşmasına qədər idarə olunan məzənnə siyasəti yürüdərək manatın kursuna vaxtaşırı müdaxilələrin edilməsi zəruridir.

Ekspert deyir ki, hazırda vəziyyət olduqca acınacaqlıdır və neftin qiymətlərində kəskin artım olmayacaqsa, yarana biləcək çətinliklərin aradan qaldırılması üçün ən azı bir il və daha çox vaxt lazım olacaq: "Çünki proses daha da şiddətlənməkdədir. Milli valyutamız isə öz məzənnəsini hələ də  tapa bilmir. Bu isə, xalqın çox çətin bir ili ötüşdürməsi anlamına gələcək. Müflis olmuş sahibkarlar, işsiz vətəndaşlar, kreditlərini yığa bilməyən və öhdəliklərini icra edə bilməyən banklar və sair nəzərdə tuturam.

Amma istənilən halda prosesin sabitləşməsi üçün uzunmüddətli tədbirlər kimi ilk öncə qeyri-neft sektorunun inkişafını sürətləndirməliyik. Hökumət son 3 ay ərzində bu sahənin inkişafı üçün bütün addımları atacağını bəyan edir və həyata keçirir. Lakin təkcə istehsal prosesinin baş tutması ilə problemlər həll olunmayacaq. İxracat potensialı genişləndirilməli, xarici ölkələrin bazarlarına çıxış dövlət səviyyəsində təmin olunmalıdır. İndidən Rusiya Federasiyası ilə kənd təsərrüfatı və emal sənayesi məhsullarının yarmarkaları keçirilməsi üçün razıılıqlar əldə olunmalıdır. Çünki biz nə qədər çox istəsək kənd təsərrüfatı məhsullarını heç qardaş Türkiyədə də sata bilmərik. Çünki bizdə istehsal olunan məhsullarla Türkiyə və Avropa bazarlarında mütləq yox, heç nisbi üstünlüyə də malik deyilik. Bir-iki sahə çıxılmaq şərti ilə. Rusiya bazarındakı Türkiyənin və Avropanın itirdiyi mövqelərə biz qismən də olsa nəzarət edə bilərik".

Z.Əhmədov deyir ki, çevik tədbirlər kimi isə ilk öncə milli valyutaya və ölkənin bank sektoruna inamı bərpa etmək lazımdır: "Əgər Mərkəzi Bank əhalini və sahibkarları əmin etsə ki, manatın kursu nəyin bahasına olursa-olsun 1 dollar üçün 2016-cı ildə 2 manatdan aşağı enməyəcək, o zaman böyük pullar sandıqlardan çıxaraq yenidən iqtisadiyyata qayıdacaq. Manat da eyni zamanda yığım vasitəsinə çevrilə biləcək. Böyük məbləğdə pulu valyuta şəklində sandıqda saxlayaraq daha çox qazana biləcəyini düşünən sahibkarlar və digər pul sahibləri əmin olacaq ki, onların pulları dollar, hətta 2 manata da qalxsa, onlara ən uzağı 16 faiz gəlir gətirə biləcək. Lakin bu pulları biznesə, istehsala cəlb etsələr əllərindəki vəsaitdən 25-40 faiz arası mənfəət əldə edə biləcəklər. Bu bəyanat üçün arqumentlər də mövcuddur. Birincisi, maliyyə sektoru və iqtisadiyyatımız sərbəst üzən məzənnə rejiminə tam hazır deyil. Hələlik ölkəyə valyuta təkcə neft xammalından daxil olur.
İkincisi, Mərkəzi Bank üçün bunu həyata keçirmək mart- aprel aylarında elə də çətin olmayacaq. Əhalinin əlində pulu olan hissəsi manatını son qəpiyə qədər valyutaya çevirdiyindən, hazırda isə iş yerlərinin bağlanması və manatın dövriyyədə az olması səbəbindən bu aylarda dollara böyük tələbat olmayacaq.  Eyni zamanda bayram günləri manatla gəlir əldə olunmasa da, insanlar bu günlərdə çoxlu pul xərcləməli olacaq. Bu isə ötən ildən evlərdə yığım kimi saxlanılan valyutanın az-az da olsa manata çevrilərək dövriyyəyə qayıtmasını təmin edəcək. 

Üçüncüsü, hələlik Mərkəzi Bank kursu özü müəyyən edir. Əks halda neftin qiyməti son bir ayda qalxdığı üçün manatın da dəyəri artmalı idi. Neft sektoruna son iki ildə yatırımların edilməməsi, neft ixrac edən ölkələrin (OPEK üzvləri və digər) də neftin qiymətində razılıq əldə etmək istəməsi neftin qiymətini aprel ayının sonlarınadək 45-50 dollara qalxmasına gətirib çıxara bilər. Odur ki, Mərkəzi Bank bu aylarda 4 milyardlıq rezervlərini artıra bilməsə də, xərcləmədən də ötüşə bilər. Aprel ayının sonlarından isə artıq ərzaq sektorunda kənd təsərrüfatı məhsullarının çıxması ilə əlaqədar olaraq canlanma başlayacaq və pulun dönərliliyi sürətlənəcək. Eyni zamanda ölkəyə kənd təsərrüfatı məhsullarının ixracından valyuta daxil olacaq".

Vüsalə RÜSTƏMOVA
Oxşar xəbərlər