Sahibkar: "Üzdəniraq işbazlar..."

  • 07 fev 2016, 17:09

Ölkəmizdə sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev digər sahələr kimi, sahibkarlığın inkişafına da daim diqqət göstərir. Biz, iş adamları bu əlverişli mühitdən bəhrələnərək, dövlətimizin başçısının ətrafında daha sıx birləşməklə onun apardığı siyasətə daim dəstək olacağıq.

 

Bu sözləri AzərTac-a müsahibəsində Zaqatala şəhərində fəaliyyət göstərən "Bazar-2” ASC-nin icraçı direktoru Arif Əsgərov deyib.

 

İş adamı bildirib ki, rəhbərlik etdiyi müəssisədə yüzlərlə rayon sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibkarlıq subyektlərində tez-tez aparılan yoxlamalar sahibkarlar arasında haqlı narazılığa səbəb olurdu. Dövlətimizin başçısının qanunsuz yoxlamaların qarşısının alınması barədə sərəncam və tapşırıqları zaqatalalı sahibkarları da çox sevindirib.

 

A.Əsgərov deyib ki, son günlər manatın məzənnəsinin aşağı düşməsi ilə əlaqədar bəzi üzdəniraq işbazlar, dələduzlar şəxsi mənafelərini üstün tutaraq, süni şəkildə qiymət artımını həyata keçirmək istədilər. Əlaqədar qurumların vaxtında müdaxiləsi nəticəsində bu cür halların qarşısı qətiyyətlə alındı və hazırda gündəlik tələbat mallarının, xüsusilə də un və un məhsullarının qiymətləri nəzarətdə saxlanılır. Belə hallara yol verənlər ciddi şəkildə cəzalandırılırlar. Həyata keçirilən bütün bu tədbirlər, o cümlədən strateji məhsul olan unun və un məhsullarının istehsalı, emalı və idxalı ilə məşğul olan subyektlərin əlavə dəyər vergisindən azad edilməsi əhali tərəfindən böyük razılıqla qarşılanıb.

 

İş adamı bildirib ki, sahibkarlar bundan sonra da doğma Vətənimizin rifahı naminə əllərindən gələni əsirgəməyəcəklər.

Oxşar xəbərlər