Bəzi mobil telefonlar ucuzlaşdı

  • 01 fev 2016, 20:57
Bakıdakı mobil telefon mağazalarında telefonlar hiss olunacaq dərəcədə ucuzlaşıb və devalvasiyadan öncəki qiymətlərə qayıdıb.

Musavat.com-un əməkdaşı paytaxtda mobil telefon mağazalarına baş çəkib və qiymətlərlə maraqlanıb.

"Samsung Integral" mağazasının satıcısı bir neçə gündür ki, mobil telefonların ucuzlaşdığını dedi: "Təqribən 3-4 gündür ki, qiymətlər azalıb. Demək olar ki, əvvəlki qiymətlərə təklif olunur. Lakin elə modellər var ki, onların qiymətində dəyişiklik yoxdur. 1000 manatdan yuxarı olan "Samsung" modellərində ucuzlaşma yoxdur. Qiyməti 1000 manatdan aşağı olan modellərdə isə 100-150 manat ucuzlaşma müşahidə olunur".

Qeyd edək ki, "Samsung J5" telefonu devalvasiyadan sonra 449 manata təklif olunurdusa, hazırda 349 manatdır. "Samsung J7" modelinin qiyməti isə 549 manatdan 449 manata enib.

Satıcının sözlərinə görə, ucuzlaşma yeni modellərin satışa çıxarılacağı ilə bağlıdır.