"Bank of America" manatı sərbəst buraxmağa çağırır

  • 02 dek 2015, 22:52
Amerikanın ən nüfuzlu banklarından biri "Bank of Amerika Merrill Lynch” Azərbaycan Mərkəzi Bankını manatın kursunu süni şəkildə stabil saxlamaq siyasətindən imtina etməyə çağırır.

Demokratik.Az bildirir ki,bu haqda "Forex ProFinance Service” (www.forexpf.ru) məlumat yayıb.

Məlumatda deyilir ki, neftin qiymətinin kəskin düşməsi bir sıra milli valyutaların da dəyərdən düşməsinə səbəb olub. Kanada dollarından Norveç kronuna, Qazaxıstan təngəsindən Rusiya rubluna qədər bir çox valyutalar ABŞ dollarına nisbətdə dəyər itirib.

Belə vəziyyətdə mərkəzi banklar fərqli taktikalar tətbiq edirlər. Rusiya Mərkəzi Bankı rublun kursunu sərbəst buraxaraq strateji valyuta ehtiyatlarına dəyən zərbəni yumşalda bilib. Bu, həmçinin Rusiyanın neft şirkətlərinin maliyyə göstəricilərinə də müsbət təsir edib.

Avqust ayında neftin qiyməti 2009-cu ildən bəri ən aşağı həddə düşəndə Qazaxıstan da Rusiyanın nümunəsi ilə gedib. Təngənin kursunu sərbəst buraxıb. Nəticədə qazax milli valyutası bir gündə 30 faizə yaxın dəyər itirib. Sonrakı aylarda da təngənin kursu zəifləməkdə davam edib.

Lakin bütün bu baş verənlərin fonunda Azərbaycan manatının kursu dəyişməz qalıb. Mərkəzi Bank fevral ayında qəfil devalvasiya həyata keçirdi. Bu, ixracın əsas hissəsini neftin təşkil etdiyi ölkəyə baha başa gəldi. Ancaq sonrakı müddətdə Mərkəzi Bank manatın kursunu strateji valyuta ehtiyatlarından bazara intervensiya etməklə sabit saxlayıb.

"Bank of America” qeyd edir ki, Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün öz ehtiyatlarının az qala yarısını xərcləyib.

"İndiki situasiyada, neftin qiymətinin düşmə tendensiyasını davam etdirdiyi bir vaxtda bu monetar siyasətin davam etdirilməsi qeyri-real görünür. "Bank of America” hesab edir ki, Azərbaycan manatın kursunu dollara nisbətdə sabit saxlamaq siyasətini yaxın müddət ərzində dəyişməlidir: ya manatı yenidən 30-35 faiz devalvasiyasını həyata keçirməlidir, ya da Rusiya və Qazaxıstan kimi sərbəst üzən məzənnə siyasətini tətbiq etməlidir”- deyə məlumatda bildirilir.

Qeyd edək ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov sərbəst üzən məzənnə və idarəedilən üzən məzənnə siyasətinə keçidin müzakirə olunduğunu, ancaq Azərbaycanda bu siyasətə keçidin hələ mümkün olmadığını bir müddət əvvəl parlament komissiyasındakı müzakirələrdə deyib.

Hələlik Mərkəzi Bank manatın indiki məzənnəsini saxlamaqda qərarlı görünür.
Oxşar xəbərlər