Gələn il dollar və rubl bahalaşacaq - Proqnoz

  • 21 noy 2015, 19:50

"Goldman Sachs" investisiya bankı 2016-cı il üçün ən yaxşı ticarət strategiyasına dair icmalında avro və yen əvəzinə sərmayədarlara dollar almağı tövsiyə edir.

Demokratik.Az report-a istinadən xəbərinə görə, Bank həmçinin Rusiya rublu və Meksika pesosunun möhkəmlənəcəyini ehtimal edərək, bu valyutalara əmanət qoymağı da məsləhət görür.

"Goldman Sachs"ın analitikləri qeyd edirlər ki, Federal Ehtiyat Sistemi, həmçinin Avropa Mərkəzi Bankı və Yaponiya Bankının siyasətindəki zidiyyətlər 2016-cı ildə də geniş müzakirə olunan mövzulardan biri olacaq: "Valyutalar bu cür zidiyyətlərə qarşı xüsusi həssas olur və dolların artıq mövcud artımına baxmayaraq, hesab edirik ki, onun avro və yenə qarşı gələcək möhkəmlənməsi üçün də imkanlar mövcuddur".

"Goldman Sachs" Cənubi Afrika randı və Çili pesosuna qarşı Meksika pesosu və Rusiya rubluna əmanət yatırmaq, habelə klassik istiqarazlar əvəzində isə inflyasiyaya bağlı olan ABŞ bondlarını almağı məsləhət görür.

"Citigroup"un moskvalı iqtisadçısı İvan Çakarov bildirir ki, yaxın zamanlarda vəziyyət dəyişə bilər:

"Rublda olan aktivlər ötən həftə Qərblə Rusiya arasında mümkün yaxınlaşma fonunda dəstək hiss edib. Lakin yaxın günlər və həftələrdə bu vəziyyət dəyişə bilər. Belə ki, fundamental amillər hələ də zəifdir, neftin qiyməti təzyiq altındadır, FES-in dekabra uçot dərəcəsini artırması mümkündür".

Xatırladaq ki, 2014-cü il dekabr ayında Rusiya valyutası tarixi minimuma (80 RUB/USD) düşüb. İlin əvvəlindən Rusiya rublu təxminən 10% ucuzlaşıb. Lakin bu həftə dollara qarşı 3% bahalaşıb.