“Kapital Bank” ötən ili rekord mənfəətlə başa vurub

  • 22 may 2015, 11:08
2015-ci il yanvarın 1-nə "Kapital Bank”ın cəmi aktivləri 1,375 mlrd. manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 321 mln. manat və yaxud 31% çoxdur.
Bnakdan "APA-Economics”ə verilən xəbərə görə, ötən il Azərbaycanın bank sektorunda aktivlərin orta artım tempi 24% olub.
Aktivlərin strukturunda əsas maddə kimi bankın kredit portfeli 189 mln. manat və yaxud 27,5% artaraq 878 mln. manata çatıb.
Bankın əmanət portfeli bu ilin əvvəlinə 607 mln. manat təşkil edib ki, bu illik müqayisədə 183 mln. manat və yaxud 43% artım deməkdir.
2014-cü ildə bankın kapitallaşma göstəricisi də əhəmiyyətli dərəcədə artıb. Belə ki, ilin sonuna qurumun nizamnamə kapitalı 2,3 dəfə artaraq 186 mln. manata, məcmu kapitalı isə 66% artaraq 294 mln. manata çatıb. Bu isə Azərbaycan Respublikasının Mərkəzi Bankının kommersiya bankları qarşısında məcmu kapitalla bağlı qoyduğu minimal tələbdən (50 mln. manat) təxminən 5 dəfə çox olmaqla, bankın yüksək səviyyədə kapitallaşdığını, öz müştəriləri qarşısında öhdəlilərini istənilən şəraitdə tam yerinə yetirə biləcəyini göstərir. Bununla bağlı, "Fitch” Beynəlxalq Reytinq Agentliyi 2014-cü ildə Bankda baş verən davamlı inkişaf prosesləri və güclü kapitallaşma ilə əlaqədar Kapital Bankın dayanıqlıq reytinqi "b” səviyyəsinə qədər yüksəldib.
"Kapital Bank” 2014-cü ildə ölkənin gəlirli banklarının siyahısında ən üst pillələrdə qərarlaşıb. Hesabat ilində bankın faiz gəlirləri 2 dəfə artaraq 128 mln. manat, qeyri-faiz gəlirləri isə 65 mln. manat təşkil edib.
Nəticədə bank 2014-cü ildə özünün tarixi rekorduna imza ataraq 68 mln. manat mənfəət əldə edib. Onu da qeyd edək ki, bu göstərici 2013-cü ilin müvafiq göstəricisindən 2 dəfə çoxdur.
2014-cü ildə bank əsasən pərakəndə bank xidmətlərinin inkişafı istiqamətində fokuslansa da, iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsinə də böyük önəm verib. Bank ötən il ərzində ölkədə sahibkarlığın inkişafına 355 mln. manat vəsait ayırıb. Eyni zamanda 2014-cü ilin sonuna "Kapital Bank”ın Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına real sektora ayırdığı kreditlərin ümumi portfeli 47 mln. manat təşkil edib.
Verilmiş kommersiya kreditləri iqtisadiyyatın müxtəlif sektorları, o cümlədən tikinti, istehsal, ticarət, xidmət və s. fəaliyyət göstərən kiçik və iri biznes təmsilçilərinin inkişafına yönəldilib.
Pərakəndə bankçılıq sektoruna gəlincə isə, bank il ərzində məhsul və xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılmasında ciddi irəliləyişə nail olub. Xüsusilə bankın kredit və əmanət məhsullarının çeşidi artırılıb, müştərilərin istək və sorğularına cavab verən mütəmadi kampaniyalar həyata keçirilib. 2014-cü ilin noyabr ayında isə bank özünün yeni məhsulu olan Kapital kart taksit kartını müştərilərinə təqdim edib. İstifadə olunan kredit limitinin əlavə faiz hesablanmadan hissə-hissə ödənilməsi prinsipinə əsaslanan bu məhsul qısa müddətdə populyarlıq qazanaraq hazırda bu seqmentdə ən dinamik inkişaf edən brendlərdən birinə çevrilib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank” 89 filialı və 6 şöbəsi ilə hər zaman xidmətinizdədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli müştəri xidmətinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Demokratik.Az