ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”

  • 16 yan 2020, 10:46

SEPAH generalının qətlindən sonra 71 dollara qalxan neft indi 64-ə enib

"Hazırda dünyada neftin qiymətində bahalaşma yoxdur. ABŞ-İran gərginliyi ilə bağlı neftin qiyməti 71 dollara qalxmışdı. Amma hazırda 64 dollar civarındadır. Yalnız yanvarın 14-də cüzi bahalaşma olub.

Bu da Çinlə Amerika arasında gözlənilən ticarət müqaviləsinin imzalanması ilə bağlıdır.

Yanvarın 16-da müqavilənin imzalanması gözlənilir. Buna görə birjalarda ajiotaj yaranmışdı, cüzi qiymət artımı qeydə alınmışdı".

Bu sözləri "Yeni Müsavat”a iqtisadçı ekspert Natiq Cəfərli ABŞ-İran münasibətlərinin neftin dünyadakı bazarına təsirləri haqda danışarkən bildirdi. Onun sözlərinə görə, iki ölkə arasında gərginliyin pik dövründə neftin qiyməti qalxmışdı, indi stabildir.

O, Süleymaninin vurulmasından sonra neftin bahalaşdığını açıqladı və gərginlik artacağı halda yenidən bahalaşma olacağını istisna etmədi: "ABŞ ilə İran arasında gərginliyin artması strateji məhsullar bazarına, xüsusən də neft bazarına təsir göstərir. Artıq neftin dünya bazarında qiymətində artımlar var. İran generalı Qasım Süleymani öldürülən gün dünya bazarında neftin qiymətində 4 faiz artım olub. ”Brent" markalı neftin bir bareli isə 69 dollardan baha satılmağa başladı".

Bu barədə isə iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, son bir ay ərzində qızıl bazarında da qiymət artımları müşahidə olunur.

V.Bayramov qeyd edib ki, bu hadisələrin Azərbaycana iki istiqamətdə təsiri var: "Birincisi, neftin dünya bazarında qiymətinin artması neft ölkəsi olan Azərbaycana daxil olan valyutanın həcminə təsir göstərir. Azərbaycan regionda gərginliyin olmasında maraqlı ölkə deyil. Amma iqtisadi baxımdan qiymətləndirsək, bu hadisələr ölkəyə daha çox valyutanın daxil olmasına səbəb olub”.

Yeri gəlmişkən, hələ heç bir hərbi toqquşma baş vermədiyi halda neftin qiyməti 70 dollara yaxınlaşdı. İndi təsəvvür edək ki, əgər regionda hərbi əməliyyatlar da başlasa, vəziyyət necə olacaqdı...

Ekspertlərin fikrincə, ABŞ-İran arasında münasibətlərdən başqa, Liviyada vətəndaş müharibəsi və Venesuelada hadisələrin inkişafı da dünyada neftin qiymətinə təsir göstərəcək.

Ölkəmizə gəldikdə isə 60 dollar ətrafında dalğalanma Azərbaycanı qane edir və bu, əslində bütün neft hasilatçısı olan ölkələrə də sərfəlidir.

Ekspertlər hesab edirlər ki, 2020-ci ilə qədəm qoyan kimi Avstraliyada meşə yanğınları və sair kimi hadisələr neft-qaz sənayesini böyük basqı ilə qarşılaşdırır. Bu isə o deməkdir ki, investisiyalar azalacaq.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) son proqnozuna görə, 2020-ci ildə "Brent” markalı neftin bir barelinin orta qiyməti 65 dollar, 2021-ci ildə isə 68 dollar təşkil edəcək.

Qeyd edək ki, yeni onilliyin başlanğıcı sayılan 2020-ci il ərzində neftin dünya bazar qiymətləri ölkəmiz üçün diqqət mərkəzində saxlanılan vacib məsələ olaraq qalacaq. Yəni ölkə iqtisadiyyatına xarici təsirlərin olub-olmayacağı, makroiqtisadi vəziyyətin möhkəmliyi buna bağlı olacaq.

Bu, təkcə Azərbaycan üçün deyil, gəlirləri neftin satışından asılı olan bütün ölkələr üçün xarakterik haldır.

Oxşar xəbərlər