İcbari tibbi sığorta üzrə xidmətlər zərfi təsdiq edildi

  • 14 yan 2020, 09:20

"2019-cu il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 3809 müraciət daxil olub”

Nazirlər Kabineti "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında qərar qəbul edib.

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi növündən asılı olaraq tibbi xidmətlərin göstərilməsi şərtlərini, müştərək maliyyələşmə məbləğlərini, habelə gözləmə müddətlərini müəyyən edir.

Bundan başqa, sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) qanunauyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və ya həmin müəssisələrin göndərişi əsasında göstərilir.

Belə ki, sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər tibbi göstəriş olduğu hallarda göstərilir.

Yanvarın 1-dən Azərbaycanda mərhələli şəkildə yeni icbari tibbi sığorta sisteminin tətbiqi həyata keçirilir. İcbari tibbi sığorta 10 milyon vətəndaşı əhatə edir. 2020-ci ilin sonuna qədər Azərbaycanın bütün bölgələrində əhali icbari tibbi sığorta sisteminə qoşulacaq.

Zərfə hansı xidmətlərin daxil olduğu hələ ki açıqlanmayıb. Rəsmi məlumata görə, bu informasiyalar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

"Yeni Müsavat” olaraq bəzi məlumatları əldə etdik. Belə ki, "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa (Qanun) əsasən əhalinin icbari tibbi sığorta çərçivəsində yararlana biləcəyi xidmətlər zərfi iki hissədən ibarət olacaq: baza və əlavə hissələrdən. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir. Poliklinikalarda göstərilən tibbi xidmətlər (ilkin tibbi müayinə və müalicə, hamilə qadınların və yenidoğulmuşların patronajı, ixtisas həkimlərinə və əlavə müayinələrə göndərişlərin verilməsi, immunoprofilaktika, təcili və təxirəsalınmaz hallarda ilkin tibbi yardım, əhalinin sanitar maarifləndirilməsi) baza hissə çərçivəsində vətəndaşlara dövlət büdcəsi hesabına göstəriləcək.

Baza hissədən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə biləcəklər.

Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtsaslaşdırılmış tibbi yardımdan (ambulator, stasionar şəraitdə aparılan müayinə və müalicələr, fizioterapiya, stasionarda dərman təminatı) istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Poliklinikalarda göstərilən ambulator tibbi xidmətlər əlavə hissəyə aiddir. Bu halda da həmin xidmətlərdən istifadə edən sığortaolunan vətəndaş tibb müəssisəsinə ödəniş etməyəcək. Vətəndaş icbari tibbi sığorta haqqını ödəməklə sözügedən tibbi xidmətlərdən yararlana biləcək.

İcbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edir.

Təklifə əsasən, birinci mərhələdə 1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığorta 23 regionda tətbiq olunacaq. Qeyd olunan regionlara Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlax daxildir. İlkin mərhələdə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstəriləcək. Eyni zamanda 1 yanvar 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının ərazisində icbari tibbi sığorta tətbiq ediləcək.  Muxtar Respublikada icbari tibbi sığortanın tətbiqini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  həyata keçirir.

İkinci mərhələdə, 1 aprel tarixindən 21 region - Gəncə, Göygöl, Goranboy, Daşkəsən, Samux, Naftalan, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi,  Füzuli, Beyləqan, Xocavənd, Xocalı, Laçın, Kəlbəcər sözügedən sistemə qoşulacaq. Belə ki, bu regionlarda yaşayan ölkə əhalisinin 24.60 faizi icbari tibbi sığortanın xidmətlər zərfindən yararlanacaq.

Üçüncü mərhələdə, 1 iyul tarixindən etibarən 15 regionda - Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul, Şirvan, Sabirabad və Cəbrayılda icbari tibbi sığorta tətbiq olunacaq. Sözügedən regionlarda ölkə əhalisinin 19.53 faizinə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmət göstəriləcək.

Dördüncü mərhələdə, 1 oktyabr tarixindən etibarən  Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək. Bu isə ölkə əhalisinin 32.05 faizini təşkil edir.

Agentliyin rəsmi saytında artıq lazımi məlumatlar yerləşdirilib. Bu sayta görə 2019-cu il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 3809 müraciət daxil olub. Onların 1393-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 2416-sı telefon vasitəsilə edilib. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib.

Agentliyə daxil olan müraciətlərin 1055-i müayinə, müalicə və cərrahi əməliyyatlar, 466-sı əlillik məsələləri, 316-sı işə qəbul və əmək münasibətləri, 201-i ambulator dərman təminatı, 259-u tibbi xidmətlərlə bağlı ödənişlər, 181-i göndərişlərin verilməsi və 537-si isə digər məsələlər üzrə mövzuları əhatə edib. Telefon vasitəsilə edilən sorğu xarakterli müraciətlərin 794-ü icbari tibbi sığortanın ölkə üzrə tətbiqi, icbari tibbi sığorta haqqı, bu sahəni tənzimləyən qanunvericiliklə bağlı olub və əsasən digər regionların sakinləri tərəfindən ünvanlanıb.

Oxşar xəbərlər