500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq

  • 05 dek 2019, 10:35

130 km-lik yol 500 milyon dollara başa gələcək

Azərbaycan ərazisindən keçən Şərq-Qərb nəqliyyat dəhlizi boyu avtomobil yollarının genişləndirilməsi prosesi davam edir. Bu proses çərçivəsində işlər Bakıdan Gürcüstan sərhədinə qədər uzanan avtomobil yolunun son hissəsi - Gəncə-Qazax-Gürcüstan sərhədinə qədər olan 130 km-lik yol yenidən qurulur.

Qeyd edək ümumi uzunluğu 503 km olan Bakı-Gürcüstan avtomobil yolu beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrinin inkişafında mühüm rol oynayır.

Yolun Bakıdan Gəncə şəhərinədək olan hissəsində müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilmə işləri yekunlaşdırılıb. Hazırda isə magistral yolun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin "Yeni Müsavat”a verdiyi məlumata görə, tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan yerinə yetirilir, "İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə aparılır: "Layihəyə əsasən yolun ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72.5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edəcək.

Hazırda yol boyu yeni torpaq yatağının tikintisi, qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suötürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsinə işlərinə də start verilib".

A.Nəcəfli bildirir ki, işlərin 20 faizi görülüb: "Tikinti işlərinə 2019-cu ilin fevralında başlanıb, 2021-ci il ərzində yekunlaşması nəzərdə tutulur. Layihə çərçivəsində 31 yol qovşağı və ötürücüsü, 13 avtomobil körpüsü, 69 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 523 suötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 86 avtobus dayanacağı quraşdırılacaq. Layihənin icrası zamanı tikinti ərazisinə və mühafizə zolaqlarına düşən maneələrin köçürülməsi, torpaqlara görə vətəndaşlara kompensasiyaların ödənilməsi qanunvericiliyə əsasən və inşaat işlərindən öncə həyata keçirilir. 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə I texniki dərəcəli avtomobil yolu ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa, layihənin üstünlüyü ondan ibarətdir ki, yolun trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həm həmin yaşayış məntəqələrində yaşayan əhalinin, həm də yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmli aspektlərdən biridir. Layihə tam reallaşdırılandan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. Bundan başqa, yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial həyatına müsbət təsir göstərəcək”.

Layihənin əsaslandırılma sənədində qeyd olunur ki, yerli iqtisadiyyat əhəmiyyətli dərəcədə kənd təsərrüfatından asılıdır və bu sektor üçün təkmilləşdirilmiş yol şəbəkəsi önəmlidir: "Təkmilləşdirilmiş nəqliyyat bağlantıları və qısaldılmış səfər vaxtları Azərbaycanda və qonşu ölkələrdə iqtisadi inkişafa yardım edəcək. Mövcud yol Gəncə, Şəmkir, Tovuz, Ağstafa və Qazax şəhərlərini digər kiçik şəhər, kənd və yerli icmalarla birləşdirən regionun əsas yerli nəqliyyat paylanma yoludur. Onun modernləşdirilməsi vacibdir, çünki hazırkı yol şəbəkəsinin təhlükəsizlik standartları aşağı və bədbəxt hadisələrin sayı orta səviyyədən yuxarıdır, xüsusən də bu yol hissəsində qarşı-qarşıya toqquşmalar böyük narahatlıq yaradır. Layihə nəticəsində yol təhlükəsizlik standartları təkmilləşdiriləcəkdir. Yolun genişləndirilməsi ötmə zamanı qarşı-qarşıya toqquşma riskini azaldacaq. Yerli kənd təsərrüfatı texnikasının hərəkətinin (məs. traktorlar və s.) ağır avtomobillərin hərəkətindən və regional yol hərəkətindən ayrılması da yolun təhlükəsizlik standartını artıracaq. Marşrutun bəzi hissələrində dolayı yolların (baypasların) təmin olunması həmçinin yolun hazırda icmalardakı şəhər sahələrindən keçdiyi yerlərdə yol hərəkətinin yaratdığı emissiyaları və səs-küyü azaldacaq. Bu, yerli əhali üçün həm yaşayış standartını, həm də icmanın təhlükəsizliyini artıracaq”.

AAYDA rəsmisinin bildirdiyinə görə, yolun tikintisini beynəlxalq səviyyəli tender prosesində müəyyənləşdirilmiş 3 şirkət həyata keçirir: "Bunlar Türkiyədən olan ”Özgün Yapı Sənaye", "Polad Yol Yapı” şirkətləri və Azərbaycanın "Akkord” Tikinti-Sənaye Korporasiyasıdır. Yolun tikintisinə tikinti-texniki nəzarət işlərini İtaliyanın "İRD Engineering” şirkəti həyata keçirir".

Qeyd edək ki, Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun genişləndirilməsi layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankının(AYİB) ayırdığı kredit vəsaiti hesabına icra olunur. Belə ki, AYİB 2011-ci il dekabrın 6-da Azərbaycana hər biri 250 milyon dollar olan 3 tranşla 750 milyon dollar məbləğində kredit ayırıb. 2011-ci ilin dekabrında Azərbaycan hökuməti və AYİB 250 milyon dollar məbləğində birinci tranşın ayrılmasına dair saziş imzalayıb. Hökumət 500 milyon dollar dəyərində olan ikinci və üçüncü tranşın Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun genişləndirilməsinə yönəldilməsinə qərar verib və bu qərar 2016-cı ildə AYİB tərəfindən dəstəklənib.

AAYDA layihə üzrə işlərə 2017-ci ilin 3-cü rübündə başlamağı və 2020-ci ilin eyni dövründə başa çatdırmağı planlaşdırırdı. Lakin tikintiyə 2019-cu ilin fevralında başlanıb.

Oxşar xəbərlər