Parlamentdə büdcə müzakirələri başladı

  • 13 noy 2019, 09:38

Baş nazir Əli Əsədov və hökumət üzvlərinin qatıldığı müzakirələr bu gün də davam edəcək

Noyabrın 12-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Baş nazir Əli Əsədov və hökumət üzvlərinin iştirak etdiyi iclasda 2020-ci il üzrə dövlət büdcəsi zərfinə daxil olan layihələr müzakirəyə çıxarıldı.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərkən dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən bəhs etdi. Həmçinin şəffaflıq amilinə, "kölgə iqtisadiyyatı”nın azaldılmasına xüsusi önəm verildiyini qeyd etdi. Əlavə etdi ki, bu mənada bəziləri tərəfindən dövlət büdcəsinin qapalı müzakirə edildiyi barədə fikirlər reallığı əks etdirmir və yanlışdır. Neft gəlirləri ilə bağlı neqativ fikirlərin səsləndirildiyini xatırladan komitə rəhbəri bildirdi ki, Azərbaycanın bir çox iri layihələri məhz neft gəlirləri, Dövlət Neft Fondunun vəsaitləri hesabına reallaşdırılıb.

Komitə rəhbəri qeyd etdi ki, 2019-cu ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə inflyasiya 12.6 faiz təşkil edib. Z.Səmədzadə inflyasiya ilə bağlı yayılan fikirlərə də toxundu: "Harada inflyasiya varsa, deməli, orada inkişaf da var. İnflyasiya ”sıfır"dırsa, deməli, orada inkişaf yoxdur. Dövriyyəyə 4 milyard manat pul buraxıldı, deməli, inflyasiya məqbuldur".

Maliyyə naziri Samir Şərifov dedi ki, gələn ildə də ənənəvi olaraq, büdcənin  sosialyönümlülüyü  təmin ediləcək. Nazir bildirdi ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri isə 26 milyard 913 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək: "2020-ci il üçün icmal və dövlət  büdcəsinin gəlirləri  hesablanarkən neftin bir barelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb”, nazir qeyd etdi. "Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bəndi azalıb, müvafiq olaraq qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bəndi artıb. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfert nəzərdə tutulur”, S.Şərifov əlavə etdi. Nazir dedi ki, Milli Məclisə keçiriləcək seçkilər üçün büdcədən 51 milyon manat ayrılacaq.

"Azərbaycanda ÜDM-in 2020-ci ildə 3 faiz, növbəti illərdə orta hesabla 3.3 faiz artacağı, habelə növbəti il üçün inflyasiyanın 4.6 faiz, sonrakı 3 il üçün isə 4 faiz ətrafında olacağı gözlənilir”. İqtisadiyyat naziri Mikayıl Cabbarov bunu Milli Məclisdəki büdcə müzakirələri zamanı söylədi. Nazir bildirdi ki, Azərbaycan sabit və dayanıqlı iqtisadi artımı təmin etmək üçün yeni inkişaf drayverlərini işə salmalıdır: "2020-ci ildə neft-qaz sektorunda 1.6 faiz, növbəti illərdə orta hesabla 3 faiz artım proqnozlaşdırılır. İqtisadiyyatın prioritet sahəsi olan qeyri-neft sektorunun 2020-ci ildə 3.8 faiz, növbəti illərdə isə orta hesabla 3.5 faiz artacağı proqnozlaşdırılır”. M.Cabbarov qeyd etdi ki, ixrac potensialının həyata keçirilməsində qeyri-neft sənayesi xüsusi əhəmiyyətə malikdir: "Cari ilin 9 ayında qeyri-neft sənayesində əlavə dəyər 16.6 faiz artıb”.

M.Cabbarov qeyd etdi ki, bu ilin 9 ayında Azərbaycana gələn turistlərin sayı 2.4 milyon nəfəri ötüb: "Görülən işlər nəzərə alınaraq, gələn il turizm sektorunda 6  faiz, növbəti 3 ildə 5,6 faiz artım gözlənilir. Büdcə investisiyalarının azalması fonunda qeyri-neft investisiyalarının gələn il 11 faiz artması proqnozlaşdırılır. Ötən 10 ayda qeydə alınan əmək müqavilələrinin sayında 17 faiz artım olub. Görülən işlər nəticəsində ilk dəfə olaraq dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə transfert olmayacaq. Bununla belə, hesab edirik ki, ölkədə ünvanlı dövlət sosial yardımın özünüməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”.

"Bir sıra hallarda ölkədə tenderlər düzgün keçirilmir. Bu sahəyə ciddi nəzarət olmalı, şəffaflıq təmin edilməlidir.  Xüsusilə də dövlət büdcəsinin xərc hissəsinə nəzarət gücləndirilməlidir” deyən deputat Vahid Əhmədov əlavə etdi ki, qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılmalıdır: "Bu sahədə əsaslı vəsait qoyuluşuna daha geniş imkan yaradılmalıdır. Qeyri-neft sektorunun inkişafında imkanlar həddən artıq böyükdür. Son illər ölkəmizdə sənaye parkları istifadəyə verilib. Bu sənaye parklarının istifadəsinə 3,3 milyard dollar vəsait xərclənib. Bu parklarda 1,5 milyard manata yaxın məhsul istehsal edilib, 306 milyon manata yaxın məhsul isə xaricə ixrac edilib. Biz sənaye müəssisələrini 7 il müddətinə vergidən azad etmişik. İqtisadiyyat naziri bu müəssisələrin daha 3 il müddətinə vergidən azad edilməsini təklif edir. Düşünürəm ki, 7 il bəs edər ki, həmin sənaye müəssisələri kifayət qədər effektiv işləsinlər və Azərbaycanın dövlət büdcəsinə vergi versinlər. Bu, çox ciddi məsələdir və Azərbaycan hökumətinə bu məsələnin üzərində işləməyi təklif edirəm”.

V.Əhmədov bildirdi ki, hökumət gəlir deklarasiyası ilə bağlı sənədi hazırlayıb təqdim etməlidir: "Biz 10 ildən çoxdur qanun qəbul etmişik. Təklif edirəm ki, yanvarın 1-dən gəlir deklarasiyasını tətbiq edək”. Deputat əlavə etdi ki, maliyyə amnistisiyası məsələsi də ciddi məsələ olaraq qalır.

Deputat Fəzail Ağamalı bildirdi ki, 2019-cu il ölkəmizin həyatında əhəmiyyətli hadisələrlə zəngin olub. "Bu il kadr və struktur islahatları cəmiyyətimizə töhfə verməkdədir”, deyə, deputat bildirdi. F.Ağamalı dedi ki, iqtisadi sferada artım, biznes fəaliyyətinin asanlaşdırılması, vergi ilə bağlı həyata keçirilən islahatlar 2019-cu ilin uğurları kimi qiymətləndirilməlidir. Deputat qeyd etdi ki, 2020-ci ilin büdcəsində təhsil xərclərinin 40 faizdən çox artması mühüm addımdır.

Deputat Musa Qasımlı hökuməti Yardımlı rayonunun qazlaşdırılması ilə bağlı addımlar atmağa çağırdı. Bildirdi ki, ölkə rəhbərliyi, Heydər Əliyev Fondu ölkə ərazisində yaşıllıqların salınmasına xüsusi diqqət göstərir, lakin Yardımlı rayonunda qazlaşdırılma prosesinin zəif aparılması əhalini məcburiyyət qarşısında ağacları qırmağa vadar edir.

Deputat Gövhər Baxşəliyeva Azərbaycana aid əlyazmaların ölkəyə gətirilməsi barədə məsələ qaldırdı: "Füzulinin ”Ərəb divanı" uzun 10 illiklər ərzində mütəxəssislər tərəfindən axtarılsa da, son nəticədə Sankt-Peterburqda yerləşən kitabxanadan tapılıb". Deputat bildirdi ki, xarici ölkələrdə kütləvi şəkildə Azərbaycana məxsus əlyazmalar var və onlar ölkəmizə gətirilməlidir.

"Büdcə müzakirələrinin formatı dəyişilməlidir”. Deputat Fazil Mustafa bu fikirləri büdcə müzakirələri zamanı söylədi. F.Mustafa bildirdi ki, ötən ilin büdcəsinə sanksiyalar üzrə 232 milyon gəlirin daxil edilməsi nəzərdə tutulmuşdu: "Bu il isə bu rəqəm büdcədən çıxarılıb. Bu, büdcənin müsbət tərəflərindən sayılmalıdır”. Deputat bələdiyyələrə ayrılan vəsaitdən də bəhs etdi: "Bələdiyyələrə 6 milyon vəsait ayrılıb. Bu vəsait 30 milyon olsaydı, nə dəyişəcəkdi? Biz bələdiyyələrin səlahiyyətlərini genişləndirməliyik ki, özləri müstəqil şəkildə fəaliyyət göstərən qurumlara çevrilsinlər”.

F.Mustafa ölkəyə gətirilən tibbi ləvazimatlarla bağlı da fikirlərini ifadə etdi: "10 min manatlıq tibbi avadanlıq alınırsa, ölkəyə qonşu dövlətlərlə müqayisədə 3-4 dəfə baha başa gəlir”.

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən YAP icra katibinin müavini, komitə sədri Siyavuş Novruzov Müsavat Partiyasının piket keçirmək istəyinə diqqət çəkdi. "Əgər hər hansı bir təklifin varsa, yazılı şəkildə Milli Məclisə, prezidentə müraciət et! Bakı Şəhər İcra Hakimiyyətinin qabağında qarışıqlıq yaratmaq, asayişi pozmaq, dərsləri pozmaqda məqsədin nədir? Əgər onlar gedib BMT-nin Azərbaycandakı nümayəndəliyi qarşısında piket keçirsəydilər, mən belə başa düşərdim ki, onlar 1 milyon insanın bələdiyyə seçkilərində iştirak etmək hüququndan məhrum olduğu üçün etiraz bildirirlər. Yoxsa Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında nə verirlər, nə paylayırlar ki, ora axışırlar? Gərək söyüş söyəsən, Azərbaycan xalqının maraqlarının əleyhinə çıxasan?”

S.Novruzov bu aksiyada azsaylı insanların iştirak etdiyini vurğuladı: "Cəmi 30 nəfər adam yığırlar. 30 nəfərə görə insanları narahat edirlər. Hansı bəndə hansısa iradın varsa, qoy ortaya! Heç bir sahədə heç nə tapa bilmirlər. Ortaya bir iqtisadçı çıxarıblar, ”Azərbaycan büdcəsinin 20 zəif bəndi" yazır. Heç büdcədən də, Azərbaycanın iqtisadiyyatından da xəbərdar deyil". Sonda komitə sədri hökumətə üz tutaraq, "gələn il seçki ili olduğu üçün imkan dairəsində siyasi partiyalara vəsaitin artırılmasını xahiş edirəm”, söylədi.

Deputat Əli Məsimli bildirdi ki, Azərbaycanın vergi və gömrük orqanlarında həyata keçirilən islahatlar 100 milyonlarla manat əlavə vəsaitin dövlət büdcəsinə daxil olmasına gətirib çıxarıb.

Ə.Məsimli bildirdi ki, neft bumu dövründə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) ildə 20 milyard dollar vəsait daxil olub. "Gələn il isə bu vəsait 7 milyard dollar ətrafında olacaq. Buna görə də fonddan büdcə üçün götürülən vəsaitin indiki səviyyədə saxlanılmasını vacib hesab etmirəm. Çünki gələn il ARDNF-dən götürülən vəsait onun gəlirlərinin 92%-ni təşkil edəcək. Bu, həddən artıq böyük rəqəmdir. Fonddan büdcəyə transfertlərin azaldılması istiqamətində addımlar atılmalıdır”, deputat əlavə etdi. Ə.Məsimli bildirdi ki, regionları bu prosesə cəlb etməklə, onların potensialından istifadə etmək lazımdır: "Məsələn, Şəkidə sənaye məhəlləsi qurmaqla onlarla yeni struktur yaranacaq. Bununla da 600 min əhalisi olan Şəki-Zaqatala zonasının iqtisadi fəallığını artırmaq olar. Bu, həyat səviyyəsinin yüksəlməsinə şərait yaradacaq”.

Deputat Qüdrət Həsənquliyev dedi ki, büdcə layihəsi hazırlanarkən şəffaflıq prinsipi əsas tutulmalıdır. "Təəssüf ki, biz millət vəkilləri prezidentə bu məsələdə kömək etmirik”, deyə, deputat əlavə etdi. Q.Həsənquliyev əlavə etdi ki, neçə obyekt tikiləcəyi, hansı obyektə nə qədər vəsait ayrılacağı barədə deputatlara məlumat verilmir. "Biz böyük özəlləşdirməyə getməliyik”, Q.Həsənquliyev əlavə etdi. Ardınca da dedi ki, gələn il özəlləşdirmədən büdcəyə 62 milyon manat vəsaitin cəlb edilməsi proqnozlaşdırılır ki, bu da çox kiçik rəqəmdir. Q.Həsənquliyev hökuməti siyasi partiyalara, QHT-lərə və KİV-lərə ayrılan vəsaiti artırmağa çağırdı.

Deputat Aydın Mirzəzadə sosial evlərin tikintisinə olan marağı nəzərə alıb bu sahəyə ayrılan xərcləri artırmağa çağırdı. "Mən təklif edərdim ki, paytaxtın və regionların faiz dərəcələri fərqləndirilsin”, - deyə, A.Mirzəzadə əlavə etdi.

Deputatlar Sahibə Qafarova, Novruzəli Aslanov, Rəşad Mahmudov, Bəxtiyar Əliyev, Musa Quliyev, Əli Hüseynli, Nəsib Məhəməliyev, Fərəc Quliyev, Tahir Mirkişili, Aydın Hüseynov və digərləri büdcə layihəsi ilə bağlı çıxşlar etdilər, təklfilərini səsləndirdilər.

Müzakirələr bu gün davam edəcək. /"Yeni Müsavat”/

Oxşar xəbərlər