Evlərin qiymətində bahalaşma davam edir

  • 14 sen 2019, 20:15

Hər ay daşınmaz əmlak bazarında nəzərə çarpan tendensiyalar iqtisadçılar və əhali arasında ən çox müzakirə olunan mövzulardan biri olur.

"Report” avqust ayında daşınmaz əmlak bazarında gedən proseslərin yaşayış və qeyri-yaşayış sahələrinin qiymətinə necə təsir etdiyini, bazarda tələb və təklif balansının hansı səviyyədə olduğunu araşdırıb.

Mövzu ilə bağlı "MBA" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov "Report”a bildirib ki, daşınmaz əmlak bazarında avqust ayı ərzində 1,03%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5,67% qiymət artımı olub: "Eyni zamanda müxtəlif seqmentlər üzrə qiymət dəyişikliyinin müxtəlif olduğunu qeyd edə bilərik. Belə ki, təkrar mənzil bazarında ay ərzində 0,73%, ötən illə müqayisədə 2,23%, ilkin mənzil bazarında ay ərzində 2,36%, ötən illə müqayisədə 10,45%, kommersiya obyektləri bazarında ay ərzində 5,05%, ötən illə müqayisədə 9,61%, torpaq bazarında ay ərzində 0,22%, ötən illə müqayisədə 2,73%, fərdi yaşayış və bağ evləri bazarında ay ərzində 0,68%, ötən illə müqayisədə isə 6,15% qiymət artımı müşahidə edilib.

Ay ərzində kirayə mənzil bazarında qiymət artımı daha çox olub. Belə ki, kirayə mənzillərin qiymətində ay ərzində 5,75% artım yaranıb. Ötən illə müqayisədə isə cəmi 0,4% artım olub. Bir otaqlı mənzillərdə qiymət artımı 10,4%, 2 və 3 otaqlı evlərdə isə müvafiq olaraq 7 və 3%-ə yaxın nəzərə çarpıb. Ucuz evlərdə, tələbələrin daha çox üz tutduğu ərazilərdə olan evlərdə qiymət bahalaşması daha yüksək, yəni 12,5%-dir. Bahalı evlərdə isə bunun əksinə olaraq qiymətlər 3,78% ucuzlaşıb. Orta təbəqə üçün kirayəyə təklif olunan mənzillərdə 3,05% qiymət artımı müşahidə edilib.

Qiymət artımı əsasən ucuz evlərdə nəzərə çarpıb. Yeni tikililərdə ucuz evlərin qiymətində ay ərzində 17%-ə yaxın, orta təbəqə üçün nəzərdə tutulan evlərdə 4,3% qiymət artımı qeyd edilib. Bahalı evlərin isə qiyməti 3,71% ucuzlaşıb.

Şəhər içi ərazilərdə ilkin mənzil bazarında qiymətlər 1 000 manatdan başlayıb. Burada orta qiymət 1 600 manat civarında müşahidə edilib. Daha dəqiq desək, 1 kvadrat metrin qiyməti 1 639 manat olub. Təkrar mənzil bazarında isə orta qiymət 1 329 manat olub. Kütləvi siniflərə aid olan mənzillərdə orta qiymət 850 manat, premium sinfə aid olan mənzillərdə 1 550 manat, elitlərdə isə 2 400 manat təşkil edib".

Ekspert qeyd edib ki, təklif portfelində yeni tikililər üzrə əhəmiyyətli artım baş verib: "Ötən illə müqayisədə təklif portfelində yeni tikililərin payı 66%-dən 72,5%-ə qədər çoxalıb. Getdikcə təklifdə köhnə tikililərin sayı azalmaqdadır. Tələbdə isə, kirayə mənzilləri və kommersiya obyektləri istisna olmaqla elə bir əhəmiyyətli artım olmayıb. Yalnız kirayə mənzillərə bu ay tələbə axını çoxaldığı üçün tələb artıb, paralel olaraq təklif qıtlığı isə qiymətlərin artmasına səbəb olub. Bir də qeyri-yaşayış sahələri üçün sentyabr ayı mövsümi ay hesab olunduğu üçün bu sahələrdə tələb və qiymət artımı müşahidə olunub".


Oxşar xəbərlər