Azərbaycanı “maşın zibilliyi”nə döndərən səbəblər

  • 10 sen 2019, 11:22

Elməddin Muradlı: "Vəziyyəti dəyişmək üçün rüsum siyasəti yenidən nəzərdən keçirilməlidir”

Azərbaycan dünyanın maşın zibilliyinə dönməkdədir. Bazarlarda əsasən Amerikada, Yaponiyada, Kanadada, İtaliyada suda, seldə batmış, ağır qəza etmiş, airbagları partlamış, sükanı sağdan sola keçmiş, bir sözlə, təhlükə saçan maşınlardır. Ölkədə avtoqəzalarda ölümün çox olmasının bir əsas səbəbi də budur. Əksər ölkələr bu cür maşınların idxalını yasaqlayıb. Bəs əldən düşmüş maşınların ölkəyə daşınmasını stimullaşdıran səbəblər hansılardır? Bunun qarşısını necə almaq olar?

Niyə azərbaycanlılar köhnə, əldən-ələ keçmiş maşınlarda, qonşu gürcülər isə texnoloji üstünlükləri dövrlə ayaqlaşan nəqliyyat vasitələrində gəzir?

"Elə vaxt olur ki, rüsumlar maşının alış qiymətini üstələyir”

"Avtosfer.az” saytının baş redaktoru,  yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, ölkəyə gətirilən avtomobillərə ƏDV, aksiz vergisi və gömrük rüsumu yüksəkliyi nəticə etibarı ilə küçələrdə köhnə maşınların hərəkətdə olmasını şərtləndirir: "Gürcüstan Azərbaycandan dəfələrlə kasıb ölkədir. Azərbaycana çoxmilyonluq borcları da var. Amma Azərbaycanda maşın parkı əsasən köhnəlmiş nəqliyyat vasitələrindən ibarətdir. Avropa paytaxtlarında küçələrdə qəza baş verərkən həmin o ”Mersedes"də kimsə ölmür. Maşın qəzadan sonra ciddi deformasiyaya uğrasa da, salon parçalanmır, salonda olanlar yüngül xəsarətlərlə canlarını qurtarırlar. Azərbaycanda isə belə qəzaların böyük əksəriyyəti ölümlə nəticələnir. Səbəb də odur ki, ölkəyə gətirilən maşınlar köhnədir, xaricdə qəzaya düşmüş maşınlardır. Bu da səbəbsiz deyil. Gürcüstandan 3 min dollara alınan nəqliyyat vasitəsini Azərbaycana gətirib sənədləşdirmək, rüsumları ödəmək qiymətin bir neçə dəfə qalxmasına səbəb olur. Elə vaxt olur ki, rüsumlar maşının alış qiymətini üstələyir. Bu cür rüsum siyasəti son nəticədə Azərbaycanın yollarında ölümlə nəticələnən qəzaları şərtləndirir. Gürcüstan maşın bazarının əsas alıcıları azərbaycanlılardır. Ölkəmizdəki rüsum siyasəti belədir ki, alıcılıq qabiliyyətinə çox ciddi təsir göstərir. Gürcüstan maşın bazarı da müştərisiz qalır. Çıxış yolu kimi azərbaycanlılara daha ucuz maşınlar təklif olunur. Ön hissəsi əzilmiş maşınla arxa hissəsi əzilən maşından 1 maşın yığdırıb daha ucuz qiymətə həmyerlilərimizə satırlar. Yəni bir neçə maşının kuzovundan 1 maşın yığıb satırlar. Azərbaycanlılar da belə ucuz maşınları alıb ölkəyə gətirirlər. Qəza baş verəndə də maşının təhlükəsizlik yastıqları açılmır, maşın zavoddan kənar, Gürcüstanda sexlərdə qaynaq edildiyi hissələrdən parçalanıb yola səpələnir. Təbii ki, belə maşınlarda qəza anında sürücünün, sərnişinin sağ qalması möcüzədir. Halbuki zavod istehsalı olan maşınların bu cür param-parça olması mümkün deyil. Qəza zamanı ciddi deformasiyaya uğrasa da, parçalanmır. Azərbaycanda isə dünyada ən çox yayılan minik vasitəsi olan "Mercedes” ağaca dəyib 2 hissəyə bölünə bilər. Çünki calaq olunmuş maşınlardır".

ElmÉddin Muradlı ile ilgili görsel sonucu

"Azərbaycanda axtarsan maksimum 20 sağlam elektromobil tapmaq olar”

Elməddin Muradlı deyir ki, Gürcüstan maşın bazarında 6-7 min manata alınan maşın Bakıda 14-15 min manata qədər bahalaşır: "Səbəb rüsumlardır. Vəziyyəti dəyişmək üçün rüsum siyasəti yenidən nəzərdən keçirilməlidir. Gürcüstanda artıq avtomobil parkının böyük hissəsini elektromobillər, hibrid maşınlar təşkil edir. Yaxın gələcəkdə orada dizel, benzin mühərrikli nəqliyyat vasitələrindən istifadə edən çox az vətəndaş qalacaq. Əksəriyyət elektromobillərə, hibrid mühərrikli maşınlara üstünlük verəcək. Bu gün Gürcüstanda bu cür nəqliyyat vasitələrinə maraq belə nəticəyə gəlməyə əsas verir. Azərbaycanda isə axtarsan maksimum 20 elektromobil tapmaq olar. Halbuki Gürcüstanda elektromobillər artıq hər kəs üçün əlçatandır. Bizdə isə elektromobillərin qiymətləri orta statistik gəliri olan azərbaycanlı üçün fantastik hesab edilə bilər”. 

Elməddin Muradlı qeyd edib ki, ötən ilin dekabrında prezident İlham Əliyev "Yol hərəkətinin təhlükəsizliyinə dair” 5 illik Dövlət Proqramı haqda sərəncam imzalayıb:

"Həmin Dövlət Proqramında yazılıb ki, elektromobillərin, hibrid avtomobillərin ölkəyə gətirilməsinin stimullaşdırılmalıdır. Yəni belə nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi üçün rüsumlar aşağı salınmalıdır. Gürcüstanda elektromobillə digər növ yanacaqla hərəkətə gələn nəqliyyat vasitəsinin rüsumu arasında 60-70 faiz fərq var. Benzin mühərrikli maşının rüsumu 10 mindirsə, elektromobilinki 3-4 min manatdır. Hibrid mühərrikli maşınlarda həm də yanacaq xərclərində də ciddi qənaət etmək mümkündür. Yəni rüsumda 6-7 min fərq olan yerdə, üstəlik, yanacaq xərci tamamilə olmayan bir maşına kim maraq göstərməz? Stimullaşdırma da elə budur. Üstəlik, ətraf mühit də mühərrikdən ayrılan zərərli qazlardan təmizlənir, şəhərlərin ekoloji durumu da yaxşılaşır”.

Elməddin Muradlı deyir ki, Azərbaycanın böyük maşın zibilliyindən qurtarmaq üçün prezidentin imzaladığı Dövlət Proqramı icra olunmalıdır: "Ölkə rəhbərliyi ortaya iradə qoyub. Qalır 5 il müddətinə gerçəkləşməli olan Dövlət Proqramını icra etmək. Ötən 9 ayda əməli iş nəzərə çarpmır. Rüsumlar yerində qalıb. Elektromobil, hibrid maşınların təmir stansiyaları da yox səviyyəsindədir. Bu proqramın icrası ölkənin maşın parkının tam olaraq yenilənməsinə yol açır. Dövlət Proqramı təcili şəkildə icra olunmalıdır. Ən azı yollarda vətəndaşlarımızın döyüş bölgəsində olduğundan artıq qırılmaması üçün bunu etmək vacibdir”.

Oxşar xəbərlər