"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir

  • 15 iyul 2019, 16:35

Çinin texnologiya şirkəti olan "Huawei” ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir. Çin şirkəti bu addımı ABŞ-ın "qara siyahı”sına düşdükdən sonra atmağa qərara alıb.

"APAEconomics”in "The Wall Street Journal”a istinadən verdiyi məlumata görə, ixtisarın "Huawei”in Silikon vadisində yerləşdiyi və "Huawei Technologies”in elmi-tədqiqat bölməsi sayılan "Futurewei Technologies”də aparılacağı gözlənilir.

"Futurewei”in ABŞ-da yerləşən, o cümlədən Texas, Kaliforniya və Vaşinqtondakı tədqiqat laboratoriyalarında hazırda 850 nəfər insan çalışır. Ümumiyyətlə isə, "Huawei”in ABŞ-da 1 500-ə yaxın işçisi mövcuddur.

Hazırda ixtisara məruz qalacaq işçilərin dəqiq sayı bilinmir. Lakin yüzlərlə insanın işini itirəcəyi ehtimal edilir.

Qeyd edək ki, bu ilin may ayında ABŞ-ın prezidenti Donald Tramp ölkə hökumətinə Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün risk yaradan informasiya-kommunikasiya texnologiyaları ilə bağlı əməliyyatları dayandırmağa səlahiyyət verən fərman imzalayıb. Fərmanda konkret ölkə və şirkətlər qeyd olunmasa da, rəsmi şəxslər və sözügedən sektorun nümayəndələri onun "Huawei” və Çinin digər texnoloji şirkəti olan "ZTE Corp” hədəfləndiyini istisna etmirlər.

Oxşar xəbərlər