Türkiyə İran qazından imtina edəcəkmi?

  • 27 may 2019, 10:03

"O halda Türkiyə iqtisadiyyatı birdən-birə ağır duruma düşə bilər...”

Türkiyənin ABŞ-ın sanksiyalarına görə İran neftindən imtina etməsi ilə bağlı xarici mətbuatda məlumatlar yayılıb. "Nyusru.co.il” saytı isə Vaşinqtonu ziyarət edən Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıranın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində yer alan mənbəsinə istinadən Türkiyənin İrandan qaz idxalını da dayandıracağını iddia edib.

Məsələni şərh edən iqtisadçı ekspertlər hesab edirlər ki, Türkiyə İran qazına olan tələbatını sıfıra endirə bilməz. Bu barədə axar.az saytına danışan ekspert İlham Şaban söyləyib ki, Türkiyənin bu qərarı iki ölkə arasında yeni gərginliyə səbəb ola bilər: "Türkiyə İrandan ildə təxminən 8-9 milyard kub metr qaz idxal edir. Onu Azərbaycan qazı ilə qarşılamaq mümkün deyil. Biz Türkiyəyə TANAP vasitəsi ilə ötən il 1 milyard, bu il isə əlavə olaraq 2 milyard qaz ixrac etmişik. Təqribən 1 milyard kub metr də Şahdəniz-1 vasitəsi ilə Türkiyə bazarına əlavə qaz verə bilərik. Bu da cəmi 3 milyard kub metr qaz edir. Bu, İrandan alınan qazın üçdə biri qədərdir”.

Məsələnin siyasi tərəfləri barəsində "Yeni Müsavat”a danışan politoloq Nəzakət Məmmədova aşağıdakıları bildirdi:"Bildiyimiz kimi, ABŞ dövlət katibi Pompeo ötən il İrana sanksiyaların hələ ilkin mərhələsi başlayanda bəyan etmişdi ki, İrandan təbii qaz idxal edən ölkələrin bundan imtina etməsi üzərində iş gedir. Lakin Türkiyə prezidenti Ərdoğan dəfələrlə bəyan edib ki, o, bu barədə şəxsən Trampla danışıb və ona belə bir sual verib: ”Əgər İrandan təbii qaz almağı dayandırsaq, kim bizə mavi yanacaq verəcək?" Türkiyə Böyük İyirmiliyin üzvü, sənayesi inkişaf etməkdə olan ölkədir, 2023-cü ilə Cümhuriyyətin 100 illiyi ilə bağlı nəhəng layihələr planlaşdırır. Belə bir şəraitdə onun İran təbii qazından imtina etməsi inandırıcı deyil. Bunun üçün o, yeni enerji mənbəyi tapmalıdır ki, hazırda ən çox İran, Rusiya və Azərbaycandan idxal edir. Əksinə, bu ilin mart ayında yüksək rütbəli Türkiyə məmuru İrandan qaz idxalını artırmaq planlarının olduğunu açıqlamışdı. Türkiyənin elektrik enerjisinin 40 faizi qaz elektrik stansiyaları vasitəsilə təmin edilir. Türkiyənin ən əsas qaz və neft idxalçıları sırasında İran əsas yerlərdən birini tutur və Türkiyə sanksiyalar nəticəsində İrandan neft və qaz almaqdan imtina etsə, bu, onun iqtisadiyyatını ağır duruma salar. İran Milli Qaz şirkətinin rəhbəri Həsən Torbati də ölkəsinin Türkiyə, Azərbaycan, İraq və Ermənistana ixrac etdiyi təbii qazın həcminin artırılacağını təsdiq edib. Üstəlik, Vaşinqton sanksiyalar paketi tətbiq edərkən Türkiyə və bir neçə digər ölkəyə istisna kimi İrandan qaz almağa imkan verəcəyini bildirib".

Politoloq bildirib ki, hətta Ərdoğanın müşaviri Kalın da ötən ilin may ayında Vaşinqtona səfəri zamanı ABŞ-ın Türkiyəyə sanksiyalardan istisna üçün verdiyi möhləti uzadacağına ümid etdiklərini Birləşmiş Ştatların siyasi elitasının nəzərinə çatdırıb:  "Lakin görünür, müsbət cavab almadığı üçün alternativlər axtarmağa, o cümlədən İraq neftinə ciddi maraq göstərməyə başlayıb. Üstəlik, nəzərə alsaq ki, Vaşinqtonun İran sanksiyalarından istisna olaraq bəzi ölkələrə, o cümlədən Türkiyəyə möhlət olaraq verdiyi 180 gün bu ilin mayın 2-də başa çatıb, öz təbii qaza olan tələbatının 20 faizini İran vasitəsilə təmin edən Ankaranın düşdüyü durumu anlamaq çətin deyil. Çavuşoğlunun Bağdadda İraq rəsmiləri ilə görüşündən sonra Bəsrə limanından Türkiyənin neft idxalını artıracağı gözlənilir, eyni zamanda Ərbildə kürd liderlərlə görüşməsinin məhz enerji məsələləri ilə bağlı olması diqqət çəkir. Görünür, Vaşinqton Türkiyənin İranla neft-qaz ticarətindən yayındırıb Səudiyyə və Birləşmiş Ərəb Əmirlikləri ilə enerji əməkdaşlığına təhrik etmək istəyir. Lakin həm hazırda Suriya məsələsində İranla siyasi müttəfiqlik səbəbindən, həm də Səudiyyə və körfəzin ərəb ölkələrilə gərgin siyasi qarşıdurma, üstəlik, qiymətlərin İranla müqayisədə çox baha olması səbəbindən Türkiyə bu əməkdaşlığa can atmır. Pompeo bəyan edib ki, təbii qaz bazarı sabit qalacaq, çünki ABŞ özü, Səudiyyə Ərəbistanı və BƏƏ bazara yetərli həcmdə təbii qaz çıxarmağa və İran təbii qazını əvəz etməyə qadirdir”.

Politoloq qeyd etdi ki, Türkiyə siyasi gərginlik ucbatından bu ölkələrdən qaz almağa çalışmır: "Həmçinin İranla birgə sanksiyalara qarşı müqavimət mexanizmləri hazırlamaqdadır. Lakin məhz İrana qarşı sanksiyaları pozmaq səbəbindən baş verən Zərrab hadisəsindən sonra, ”Xalq bank" rəhbərini xilas etməyə çalışan Türkiyə rəsmiləri ABŞ-a qarşı uzun müddət müqavimət göstərməyin riskli olduğunu anlayır. Üstəlik, ötən il lirənin ucuzlaşması nəticəsində şok yaşayan Türkiyə iqtisadiyyatı Vaşinqon-Ankara münasibətlərinin bu məsələdən daha da zərər görə biləcəyi sirr deyil. Eyni zamanda, Yaxın Şərqdə baş verən münaqişələrin enerji savaşları çaları olduğu görünür".

"Yeni Müsavat”

Oxşar xəbərlər