“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…

  • 20 may 2019, 10:47

Vergilər naziri Mikayıl Cabbarov son açıqlamasında Azərbaycanda kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını izləmək üçün Vergilər Nazirliyində ayrıca təhlil qrupunun yaradıldığını deyib. Nazir bildirib ki, bu qrup ilin I yarısının yekununda mövcud vəziyyət barədə ictimaiyyətə ətraflı məlumat verəcək. Onun sözlərinə görə, vergi ödəyicilərinə edilən güzəştlər hesabına "kölgədənçıxma” halları artmaqdadır.

Nazirin açıqlamasından bir qədər sonra isə deputat Çingiz Qənizadə Milli Məclisdəki çıxışında icarə müqavilələrilə bağlı məsələyə toxunub: "İcarə müqaviləsi ilə bağlı dövlət rüsumu 92 manat təşkil edır. Bir vətəndaş hansısa bir balaca yeri icarəyə verir, sonra növbəti icarəçi gəlir və o, hər dəfə 92 manat ödəyir. Bundan başqa icarə müqaviləsinə əsasən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur…”

İlk baxışdan bu iki açıqlama arasında əlaqə görünmür. Lakin vergi orqanları və ölkənin biznes mühitindən xəbəri olanlar çox gözəl bilirlər ki, hazırda "kölgə iqtisadiyyatı”nın özünü biruzə verdiyi istiqamətlərdən biri də Azərbaycanda ticarət, iaşə və s. obyektlərin icarəyə verildiyi zaman tərəflər arasında bağlanan müqavilələrdir.

409584947

Belə ki, Azərbaycanda sahibkarlıq subyektləri ilə icarədarlar arasında bağlanan icarə müqavilələrinin bəlkə də 90 faizindən çoxunda real icarə haqları əks olunmur. Əksər hallarda icarədara ödənilən məbləğlərdən dəfələrlə, bəzən isə 10 dəfədən də az məbləğ göstərilir. Və bunu istənilən vergi orqanı əməkdaşı gözəl bilir. Bəs bu durumun yaranmasının səbəbi nədir və sahibkarla icarədarı "kölgədən çıxarmaq” üçün hansısa addımlar atılırmı?

Əlbəttə ki, bu ölkədə heç bir kiçik sahibkar normal qanunvericilik və onun icrası mexanizmləri təmin olunduğu təqdirdə dövlətlə, vergi orqanları ilə "gizlənpaç” oynamaq, yalan məlumatlar, hesabatlar verməkdə maraqlı ola bilməz. Lakin məsələn, qanunda icarə haqqından ödəmə mənbəyində 14 faiz vergi tutulması tələbi öz əksini tapıb ki, bu faiz dərəcəsi də Azərbaycanın real biznes mühiti üçün kifayət qədər yüksəkdir.

Digər tərəfdən artıq notariusların şablon vəziyyətə saldığı müqavilələrin böyük əksəriyyətində, hətta az qala hamısında həmin 14 faizin icarədar deyil, icarəyə götürən tərəfindən ödənilməli olduğu öz əksini tapıb. Onsuz da ölkədə icarə haqları bazar reallıqları ilə uyğunluq təşkil etmir və çox yüksəkdir. Sadəcə, insanların böyük əksəriyyəti əlacsızlıqdan, iri müəssisələr, çoxsaylı iş yerləri olmadığından ticarətə, xidmətə və s. sahibkarlıq sahələrinə üz tutmalı olurlar. Bu səbəbdən obyektlərə tələb çox, təklif isə azdır. Bu da icarədarların qiymətləri yüksək saxlamasına şərait yaradır.

 

1537502048

Nəzərə alsaq ki, mərkəzdəki iri obyektlərin əksəriyyəti iri məmurlara, oliqarxlara, nisbətən kənarlarda yerləşənlərin isə böyük qismi daha aşağı ranqlı məmurlara və onların qohum-əqrəbalarına aiddir, onda bu "kölgə icarəsinin” kimlərə sərf etdiyi üzə çıxar. İcarə haqlarının reallıqdan dəfələrlə az göstərilməsi nəticəsində istənilən halda yüksək icarə haqqı, əlavə də 14 faiz ödəyən sahibkar və büdcə ziyan görmüş olur. 10 milyonlarla manat vəsait büdcədən yayındırılır. Udan isə yalnız icarədardır.

Onsuz da rentabellik səviyyəsi, gəlirləri heç də yüksək olmayan, bəzən isə ziyan edən bir çox sahibkarlıq subyektlərinin izafi xərcləri kifayət qədər çoxdur. Bu xərclərin üzərinə real icarə haqqının 14 faizi də əlavə olunarsa, mikro və kiçik sahibkarlıq subyektlərinin vəziyyəti bir qədər də ağırlaşar.

Yəqin ki, Vergilər Nazirliyinin rəhbərliyi də bunu yaxşı bilir və bəlkə də bu reallığı nəzərə alaraq sözügedən problemin üzərinə sərt şəkildə getmir. Lakin bu hal nə vaxta qədər davam edə bilər? Olmazmı ki, bu faiz dərəcəsi ən azından yarıbayarı azaldılsın?

vergiler

Eyni zamanda, qanunvericilikdə icarə haqlarından tutulan verginin ya tam olaraq, ya da heç olmasa yarısının icarədar tərəfindən ödənilməsi tələbi qoyula bilər.Əlbəttə ki, başqa variantlar da düşünmək olar. Əsas odur ki, qanunvericilikdə bu istiqamətin şəffaflığını təmin edən dəyişikliklər edilsin. Belədə həm icarədarla icarəçi "kölgədən çıxar”, həm də büdcə xeyir görər.

Əlbəttə ki, ümumilikdə ölkədə mövcud olan "kölgə iqtisadiyyatında” bu seqmentin payı heç də həlledici rol oynamır və çox da böyük xüsusi çəkiyə malik deyil. Lakin bu problemi kiçiltmək də olmaz. Çünki doğrudan da məqsəd "kölgə iqtisadiyyatının” kölgəsinin sahəsini azaltmaqdırsa, daha çox əhalinin öz halal zəhmətilə iş quran, özü ilə bərabər digər ölkə vətəndaşlarını da işlə təmin edən təbəqəsinə dəstək durmaq, belə sahibkarlara şəffaf və ədalətli rəqabət şəraiti yaratmaq lazımdır.

Yox, əgər yenə də məsələn, Vergi Məcəlləsinə mikro və kiçik sahibkarlıq subyektlərini sadələşdirilmiş vergi ödəyicisindən gəlir vergisi ödəyicisinə çevirən hiyləgər dəyişikliklər edilməsi kimi addımlar atılacaqsa və daha çox iri biznesin maraqları qorunacaqsa, "kölgə iqtisadiyyatı” çətin ki, gün işığına çıxa…

Cəlal Məmmədov

AzPolitika.info


Oxşar xəbərlər