İlan mələyən çöllərimizdəki “ilan zəhəri”adlı böyük xəzinə

  • 17 may 2019, 09:23

Sovet dövründə Orta Asiya və Azərbaycanda cəmi 5 kq ilan zəhəri istehsal olunurdu ki, onun da 70 faizi ölkəmizin payına düşürdü, indi isə...

"İlanların fəal dövrünün başlaması ilə əlaqədar insanlar diqqətli olmalıdır”. Bu barədə Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, zəhərli ilanların öyrənilməsi ilə məşğul olan Təvəkkül İsgəndərov "Trend”ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan ərazisinin 60 faizindən çoxunda ilanlara rast gəlmək mümkündür. İlanlar Kür-Araz ovalığında, Qarabağ, Şirvan düzənliyində, Muğan düzündə, bir sözlə, ölkəmizin bütün isti və quraq dağətəyi çöllüklərində olurlar: "İlanların, o cümlədən levantin gürzələrinin fəal dövrü başlayıb. Buna görə də həmin ərazilərdə yaşayan, işləyən və ya gəzintidə olan insanlar diqqətli olmalıdırlar”.

T.İsgəndərov qeyd edib ki, ilanlar adətən kolların dibində, qayaların altında, siçan və siçovulların yuvalarının içində, tərəvəz tağlarında, torpaqlardakı çatlarda, eləcə də insanlar tərəfindən yaradılmış "sığınacaqlarda”- zirzəmilərdə, abad olmayan həyətlərdə - burada toplanmış tullantıların içində, daş qalaqlarının, taxta materiallarının altında, evlərin damlarında gizlənirlər. Mütəxəssis ilanların ola biləcəyi ərazilərdə yaşayan və işləyən insanların təhlükəli ilan sancmalarından qoruna bilməsi üçün mümkün yolları da açıqlayıb: "İnsanlar bilməlidirlər ki, adları qeyd edilən yerlərdə olarkən, məsələn, həyətindəki taxtanı qaldırarkən, yaxud tağlar arasında işləyərkən çox diqqətli olmaq lazımdır. Bunun üçün insanlar birinci növbədə ilan gizlənə biləcək yeri cubuqla yoxlamalıdırlar. Əgər ilan görərlərsə, narahat olmasınlar. Əllərində heç nə olmadıqları halda, onu tutmağa, ya da öldürməyə cəhd etməsinlər. Bu, onların həyatı üçün təhlükəli olar. İlanı tapdalamasan, ona yaxınlaşmasan, o, səni sancmayacaq, gizlənmək üçün özünə yer axtaracaq. Onu da unutmayın ki, ilan sizi heç vaxt təqib etməyəcək, o, yalniz özünü müdafiə edəcək! Yaxşısı budur ki, ilanı gördükdə onun ərazidən uzaqlaşmasına, gizlənməsinə imkan yaradasınız, onun harada gizləndiyini müəyyən edəsiniz. Bundan sonra isə ilanın gizləndiyi ərazidə, 1,5 metr məsafədən onun üstünü tamamilə örtmək üçün üzərinə kisə, pencək və s. atın. O, üstünü bağlı gördükdə özünü gizlənmiş hesab edəcək. Yalnız bundan sonra ilanı zərərsizləşdirmək olar”.

TÉvÉkkül Ä°sgÉndÉrov ile ilgili görsel sonucu

Təvəkkül İsgəndərov 

T.İsgəndərov öldürülən ilana görə onun cütünün, yaxud qardaşlarının qisas alması barədə deyilənləri də rəvayət adlandırıb.

Qeyd edək ki, ölkəmizdə 29 növdə  ilan olduğu bildirilir ki, bunun da 17 növü zəhərsiz, 5 növü yarızəhərli, 7 növü  isə zəhərlidir.

Zəhərsiz ilanlar tamamilə təhlükəsizdir. Onlardan kor ilanı, qərb yatağanı, qarabaş rinxokalamus, xaltalı eyreniz, dinc eyreniz, nöqtəli eyrenis, qonur ilanı qeyd etmək olar.

Yarızəhərli ilanlar insan və digər məməlilər üçün təhlükəli deyil. Lakin zəhər dişi ağızın arxa şırımında olduğundan barmağınızı ağzına saldıqda sizi zəhərləyə bilər. Dişləməsi isə insanda allergik reaksiya verə bilir. Bu növdən olan ilanlardan damalı su ilanı, bəzəkli təlxə, oxvari qum ilanı və digərlərini qeyd etmək olar.

Zəhərli ilanlar isə gürzəkimilər dəstəsinə aid olub, zəhəri olduqca təhlükəlidir. Bu ilanların sancması əksər hallarda ölümlə nəticələnir. Ölkəmizdə yayılan zəhərli ilanlar bunlardır: qalxansifət, nəhəng gürzə, radde dağ gürzəsi, dinnik gürzəsi, İrəvan çölgürzəsi, Şamaxı başıqalxanlısı, Lotievi gürzəsi.

Qeyd edək ki, mövsümlə əlaqədar olaraq ilan sancması ilə bağlı faktların sayı artmaqdadır. Məsələn, Lənkəranda təkcə mayın 15-də müxtəlif saatlarda 2 ilan sancması hadisəsi qeydə alınıb.

Ötən ay isə ölkədə 6 ilan sancması hadisəsi yaşanıb. İlan sancan şəxslərdən 2-si 5 və 7 yaşlarında uşaqlar olub. Sevindirici haldır ki, ilan sancan şəxslər arasında ölüm hadisəsi yaşanmayıb.

Mütəxəssislər qeyd edir ki, zəhərli ilanları öldürmək çıxış yolu deyil. Bu növdə olan ilanlar tapıldıqda mütləq mütəxəssis çağırılmalı, zərərləşdirilməlidir. Daha bir məsələ, məlum olduğu kimi, ilan zəhəri çox böyük müalicəvi əhəmiyyətə  malikdir. Məsələn, dünyada qurudulmuş ilan zəhərinin bir qramı təxminən 300-800 dollardır. Zəhər təmizlənib sertifikatlaşdırıldıqda isə qiymət 2 dəfəyə qədər artır. Beləliklə, 1 qram ilan zəhəri bir barel neftin qiymətindən dəfələrlə bahadır.

Hazırda, dünyanın ilan zəhərinə olan illik tələbatı 10 kiloqramdır. Bu məhsulu dünya bazarına əsasən Cənubi Koreya, Çin, Vyetnam, Hindistan kimi Asiya ölkələri, eləcə də isti iqlimə malik digər ölkələr çıxarır. Ən yaxşı zəhər kobra ilanının zəhəridir. Hər bir ilan növünün zəhəri ayrı-ayrı xəstəliklərdə istifadə olunur. Kobra ilanının zəhəri sinir-əsəb sistemi ilə bağlı olan xəstəliklərin, gürzə və gürzə kimi ilanların zəhəri ürək-qan-damar sistemi xəstəliklərinin müalicəsində istifadə edilir. Məlumdur ki,  tibdə ağrıkəsici vasitə kimi narkoz və digər narkoloji vasitələrdən istifadə olunur. Bir çox ilanlar güclü ağrıkəsici gücü olan yavaş təsirli zəhərə malikdirlər.

Azərbaycanda da vaxtilə sovet dövründə ilan zəhəri istehsal olunub.  Həmin dövrdə ilan zəhəri istehsalı Zirə qəsəbəsi və Ağsudakı Herpetoloji kombinatlarda aparılıb. Xüsusən də Zirə Herpetoloji Kombinatı müxtəlif əczaçılıq zavodlarına hər il olduqca yüksək qiymətə zəhər idxal edirdi. İstehsalı artırmaq üçün maraqlı kampaniyalar aparılır, ilan tutub təhvil verənə bahalı mükafat verilirdi.

Ümumilikdə Orta Asiya və Azərbaycanda cəmi bir yerdə 5 kq ilan zəhəri istehsal olunurdu ki, onun da 70 faizi ölkəmizin payına düşürdü. Bu isə kifayət qədər yüksək göstəricidir. Lakin sovet hakimiyyəti dağıldıqdan sonra bu kombinatlar ləğv olunmasa da fəaliyyəti dayandırıldı.

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli "Yeni Müsavat”a danışıb: "Əlbəttə ki, ilanların öldürülməsi yolverilməzdir. Bu, ümumi ekosistemə təsir edən amildir. Əgər hər hansı kənd təsərrüfatı zonasında və yaxud onun ətrafında olan ilanların məhv edilməsi prosesinə start verilsə həmin zonaların özü məhv ola bilər. Çünki həmin ərazilərdə olan gəmiricilərin sayı kifayət qədər artacaq və bu da təsərrüfata ziyan vuracaq. Yəni ilanlar gəmiricilərlə mübarizədə təbii vasitədir. Bunu nəzərə almaq lazımdır. Beləliklə, ilanları məhv etmək əvəzinə ondan səmərəli istifadə qaydalarını axtarıb tapmaq lazımdır.

Dünyada bununla bağlı  mütəxəssisləşmiş şirkətlər də var. Onların təcrübəsindən yaralanmaq olar. Çox uzağa getmək lazım deyil, bildiyim qədər qonşu Türkiyədə yüzlərlə bu cür  şirkət fəaliyyət göstərir. Hansısa formada onların işə cəlb olunması, zəhər  toplama stansiyalarının yaradılması, insanlara, onların yaşayış yerlərinə ziyan vurmadan işlərin görülməsi üçün kifayət qədər təcrübə var. Sadəcə, onların fəaliyyətini yenidən bərpa etmək üçün şəraitə ehtiyac var. Dövlət bununla bağlı hansısa güzəştlər  edə bilər. Məsələn, bu işlə məşğul olan şirkətlərin 5 illik  vergidən azad olunan maaşı, onların istifadə etdiyi avadanlıqların tamamilə gömrük rüsumundan azad olunması ilə bağlı qərarlar verilə bilər. Bu zaman biznes təfəkkürü işə düşəcək və bu sektora maraq göstəriləcək. Çünki kifayət qədər gəlirli sahədir. Bildiyim qədər dünyada 1 qram ilan zəhərinin dəyəri 300-800 dollar arasındadır və bir sıra sahələrdə istifadə olunur. Məsələn, tibdə, kosmetologiyada və sairə. Ona görə də düşünürəm ki, bu məsələyə iqtisadi məntiqlə yanaşmaq daha doğru olar. Əgər hazırda Azərbaycanda bununla bağlı mütəxəssis yoxdursa, digər ölkələrdən mütəxəssislər cəlb edilə, xarici şirkətlərlə əməkdaşlıq etmək olar".

"Yeni Müsavat”

Oxşar xəbərlər