Pərviz Şahbazov: "Neftin qiyməti qənaətbəxşdir"

  • 22 apr 2019, 16:50

"Neft bazarı çox kövrək xarakter alıb".

"Report”un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft, Kimya” Forumunda bildirib.

Onun sözlərinə görə, son vaxtlar neftin qiymətinin geosiyasi proseslərdən asılılığı güclənib və neft riskli bir enerji resursuna çevirib: "Bu isə neft ölkələrinə riskləri azaltmaq üçün bazarın tənzimlənməsi kimi əlavə öhdəlik qoyub".

"Təsədüfi deyil ki, 2 il müddətində neft bazarını tarazlaşdıran OPEC+ formatında qəbul edilmiş qərarlar olub. Bu qərarlar dəyişən vəziyyətə uyğun bazarın çevik tənzimlənməsinə xidmət etməli, neft istehsalçıları kimi, neft istehlakçılarının da maraqlarının qorunmasına imkan verməlidir. Hazırda neftin qiyməti qənaətbəxşdir. Dekabr qərarının icra səviyyəsi təbii ki, aybaay yüksəlir. İyunda hasilatın məhdudlaşdırılması ilə bağlı yeni qərarın qəbulu bir sıra geosiyasi amillər və kommersiya ehtiyatlarının azalma səviyyəsindən asılı olacaq”, - deyə nazir əlavə edib.

P. Şahbazov onu da bildirib ki, proqnozlara görə, cari ildə iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı ölkələrində kommersiya neft ehtiyatlarının artımının 3,6%-dən 3,3%-ə qədər azalacağı gözlənilir. Geosiyasi qeyri-sabitliyin hələ də qeyri-müəyyənliklərin qaldığı bir dövrdə neft ölkələri arasında əməkdaşlıq çox vacibdir. Azərbaycan bu əməkdaşlığın ilk təşəbbüskarı və neftin qiymətinin sabitləşdirilməsinin fəal tərəfdaşıdır”.

Oxşar xəbərlər