SOCAR Gürcüstana qazı ucuz satır - Açıqlama

  • 22 fev 2019, 09:29

İbrahim Əhmədov: "Gürcüstanda qazpaylayıcı şirkətlərin əksəriyyəti öz satış tariflərini hələ SOCAR-dan əvvəl artırıb”

Gürcüstan hökumətinin Rusiyadan qaz almaq istəyi bu ölkəni uzun illərdir etibarlı şəkildə qazla təmin edən Azərbaycanda birmənalı qarşılanmayıb. Xüsusilə Tiflisin atdığı addımı SOCAR-ın Gürcüstanda biznes üçün qaz tariflərini martın 1-dən etibarən qaldırması ilə əsaslandırmağa cəhd etməsi Bakıda təpkilərə səbəb olub. Əksər mütəxəssislər hesab edirlər ki, bu, daha çox Azərbaycandan qaz alqı-satqısında əlavə güzəşt əldə etməyə yönəlmiş bir addımdır.

Gürcüstanın əsas qaz təchizatçısı olan SOCAR-da Tiflisdən səslənən iddialara münasibət necədir? Şirkətin qonşu ölkədə biznes üçün qaz tariflərini qaldırmaq qərarından imtinası gündəmə gələ bilərmi?

Ä°lgili resim

SOCAR İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun "Yeni Müsavat”a bildirdiyinə görə, Gürcüstanda sosial istehlakçılar üçün təbii qaz tarifləri dövlət tərəfindən tənzimlənirsə, əsasən sənaye müəssisələri olan kommersiya istehlakçıları üçün təbii qaz tarifləri qazpaylayıcı şirkətlər tərəfindən müəyyən edilir: "Nəzərə alsaq ki, Gürcüstanda qazpaylayıcı şirkətlərin əksəriyyəti öz satış tariflərini hələ SOCAR-dan əvvəl artırıblar və hazırda Gürcüstan bazarında kommersiya istehlakçıları üçün qaz tarifləri əsasən 95-131 tetri arasında dəyişir, aydın olur ki SOCAR öz tarifini hətta 95 tetriyə qədər artırandan sonra Gürcüstan bazarının ən aşağı tarif seqməntində yer alır. Bunu da qeyd etmək vacibdir ki, şirkətimiz tərəfindən Gürcüstanda qaz tarifinin artırılması bizdən asılı olmayan obyektiv səbəblərlə bağlıdır, o cümlədən:

- Gürcüstanın milli valyutası olan larinin devalvasiyası;

- dünya bazarlarında neft və qazın qiymətinin dəyişməsi və bununla Gürcüstana təbii qazın idxal qiymətinin dəyişməsi;

- dövlət tərəfindən SOCAR üçün qazpaylama tarifinin qaldırılması".

İ.Əhmədov qeyd edir ki, hazırda Azərbaycan təbii qazın hasilatını ciddi şəkildə artırmaqla, həm öz daxili tələbatını tam təmin edir, həm də qonşu Gürcüstanın tələbatını tam qarşılayır və qardaş Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə verir: "Gürcüstanla tərəfdaşlığımızın tarixçəsi Azərbaycanın səmimi, güvənli və dayanıqlı tərəfdaş olduğunu göstərir və buna görə biz qarşılıqlı mənafelərimizi təmin etmək şərti ilə öhdəliklərimizi tam yerinə yetirmək əzmindəyik. Təbii olaraq, hər bir ölkə öz enerji təhlükəsizliyini təmin etməkdə maraqlıdır. Qarşıdakı dövrdə həm Gürcüstan, həm də Türkiyə bazarına ixrac olunan təbii qaz həcmlərində azalma deyil, əksinə, artım gözlənilir. Əlbəttə, alternativ mənbələrdən qaynaqlanan boru xətlərinin mövcudluğu, sırf mümkün fövqəladə vəziyyətlərə qarşı sığortalanmaq baxımından həmin xətlərdən istifadə mexanizminin işlənməsi idxalatçı ölkələrdə bəzən müzakirə mövzusu ola bilər. Bununla yanaşı, Azərbaycanın təbii qazı regionun bazarlarında öz yüksək rəqabət qabiliyyətini davamlı şəkildə təmin edir və bazarlardakı mövqelərini daha da gücləndirir”.

Oxşar xəbərlər