Açıqlama - SOCAR-a qarşı “qara piar” kampaniyası?

  • 20 fev 2019, 08:26

Şirkət rəsmisi: "İctimaiyyətin obyektiv tənqidi fikirlərinə həmişə açığıq”

Son vaxtlar bəzi media orqanlarında SOCAR-la bağlı müəyyən məlumatlar yayılmaqdadır. Həmin məlumatlarda şirkətdə vergi yoxlamalarının aparılması, onların nəticəsi olaraq şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadənin həbs olunmasına dair xəbərlər yer alır.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun mətbuata verdiyi məlumata görə, bütün şirkətlərdə, o cümlədən SOCAR-da yoxlamaların aparılması Vergilər Nazirliyinin əsas və birbaşa funksional vəzifələrindən biridir: "Vergilər Nazirliyi hər il planlı şəkildə iri vergi ödəyicilərində, o cümlədən SOCAR-da müvafiq yoxlamalar aparır və bu il keçirilən yoxlama da növbəti səyyar vergi yoxlamasıdır. Bu yoxlamaların SOCAR-ın inzibatı strukturunda aparılan hər hansı dəyişikliklərlə əlaqələndirilməsi yanlışdır və kütləvi informasiya vasitələrində yer alan bir sıra məlumatlar, ümumiyyətlə, əsassız və uydurmadır. Vergi yoxlamaları hər iki strukturun iş fəaliyyətinə təsir etməyən adi bir prosesdir və şirkətin vəzifəli şəxsləri öz səlahiyyətləri çərçivəsində vəzifələrinin icrasını davam etdirirlər”.

SOCAR barədə yayılan məlumatlar şirkətin iri layihələri, xüsusilə də Türkiyədə həyata keçirdiyi və icrasına yeni başladığı layihələrlə bağlı ola bilərmi? Bu kampaniyanın arxasında hansı qüvvələr dayanır?

İ.Əhmədov bu suallarla bağlı "Yeni Müsavat”a bildirib ki, SOCAR-la bağlı KİV-də ən çox şirkətin reallaşdırdığı böyük layihələri barədə məlumat yayılır: "İzləyəndə görürük ki, ən çox yayılan məlumatlar ötən ildə və bu ildə SOCAR-ın tamamlanan uğurlu sənaye layihələri ilə bağlıdır. Misal üçün, dünən SOCAR-la bağlı ən çox yayılan xəbər Azərbaycan prezidenti  İlham Əliyevin iştirakı ilə SOCAR Polymer kompleksi çərçivəsində Yüksək sıxlıqlı polietilen zavodunun açılışı olub. Daha əvvəl Azərbaycanda SOCAR Karbamid, Heydər Əliyev adına NEZ-in modernizasiyasının ilk mərhələsinin tamamlanması, Bulla-dəniz yatağında yeni müasir 12 saylı özülün quraşdırılması və istismara verilməsi, STAR Neft Emalı Zavodunun Azərbaycan və Türkiyənin ölkə başçılarının iştirakı ilə açılışı, Azərbaycanda ölkə başçımızın iştirakı ilə Cənub Qaz Dəhlizinin açılışı və Türkiyədə TANAP boru kəmərinin iki dövlət başçısının iştirakı ilə açılışı həyata keçirdiyimiz layihələr haqqında məlumatlar KİV-də geniş yayılmışdır. Bir sözlə, mediada SOCAR-la bağlı ən çox yayılan xəbərlər şirkətin uğurlu layihələri ilə bağlıdır”.

Bununla yanaşı, SOCAR rəsmisi şirkətin ictimaiyyət nümayəndələrinin bütün irad, təklif və konstruktiv tənqidi fikirlərini də dinləməyə hazır olduğunu bildirir: "Əlbəttə, ifadə olunan tənqidlərin tutarlı, böhtansız və konstruktiv olmasına, Azərbaycan qanunlarına zidd olmamasına diqqət etmək vacibdir”.

Oxşar xəbərlər