MAAŞ ARTIMI KİMLƏRƏ ŞAMİL EDİLƏCƏK?

  • 11 fev 2019, 09:36

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev ölkədə minimum əməkhaqqının artırılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, martın 1-dən etibarən minimum əməkhaqqı 180 manat təşkil edəcək.

Sərəncamdan sonra büdcə təşkilatlarında çalışan şəxslərin əməkhaqqına bunun necə təsir edəcəyi ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər bildirilib. Müzakirələrdə iştirak edənlərin əsas sualı bu artımın 200 manat əməkhaqqı alan şəxslərə təsir edib-etməməsi ilə bağlıdır.

Ötən gün Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də REAL TV-nin efirində qonaq olub. Əhalini maraqlandıran bir neçə məqamı izah edib. 

Nazir bildirib ki, bu artım 600 min insanı əhatə edəcək: "Bunlardan 450 mini dövlət sektorunda işləyən, 150 mini özəl sektorda işləyənlərdir. Artım 450 mini əhatə etdiyi üçün, nəinki maaşı 180 manata qədər olan insanlara təsir edəcək, ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə vahid tarif cədvəli üzrə işləyən bütün şəxsləri əhatə edəcək. Çünki bu cədvəl 19 pillədən ibarət əməyin ödənişi sistemidir. Və onun birinci pilləsi artıq 180 manat müəyyən ediləndə növbəti pillələr artımla gedir. İkinci pillə 180 manatdan 2.5-3 faiz daha çox, üçüncü pillə isə bundan da çox təşkil edir. 

Minimum əməkhaqqı nəinki az maaş alan insanlara töhvə verdi, bu, vahid cədvəl üzrə işləyən 450 min nəfərə də şamil edildi. Orta hesabla onların əməkhaqqısı 30 faiz artacaq. Özəl sektorda olanlar üçün də zəncirvari effekt olacaq.

Qeyd edim ki, 150 min ilkin rəqəmdir, bu, bir çox insanın əməyinə təsir edəcək. Birbaşa gəlirlər artacaq, onların sosial müdafiələri güclənəcək”.

Oxşar xəbərlər