Ekspertlər manatın ucuzlaşacağı iddiasında danışdılar

  • 30 yan 2019, 10:06

Yeganə təzyiq neftin qiyməti ola bilər...

Manatın məzənnəsi dollar qarşısında ucuzlaşa bilər. Bu haqda "Standard&Poors” (S&P) beynəlxalq reytinq agentliyi proqnoz açıqlayıb. Açıqlamada bildirilir ki,  2019-cu ilin sonunda dollar/manat məzənnəsi 1.79 manat səviyyəsinə, 2020-ci ilin sonunda 1.87 manata, 2021-ci ilin sonunda isə 1.97 manata qalxacaq. Həmçinin  qeyd olunur ki, neftin qiyməti düşərsə manat ucuzlaşa bilər.

Manatın məzənnəsinin neft asılılığı iqtisadçı ekspertlər tərəfindən də təsdiqlənir. Belə ki, dünya bazarında neftin ucuzlaşması , eləcə də xarici ölkələrin valyutalarının ucuzlaşması manata təzyiqləri artıran amil kimi qiymətləndirilir. Lakin manatın sabitliyinin Mərkəzi Bank tərəfindən qorunması da heç kimə sirr deyil. Belə olan halda manatın ucuzlaşması ilə bağlı proqnozlar özünü doğrulda bilərmi?

"Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Samir Əliyev ilk növbədə onu qeyd etdi ki,  beynəlxalq təşkilatların proqnozları mövcud şəraitə əsasən tərtib edilir və il ərzində bir neçə dəfə yenilənir: "Beynəlxalq Valyuta Fondu  və digər maliyyə institutlarının timsalında bunu görmək olur. Buna səbəb dünyada baş verən gözlənilməz siyasi, iqtisadi hadisələrdir. Bu baxımdan S&P Global Ratings agentliyinin proqnozuna da mövcud iqtisadi şərait kontekstində baxılmalıdır və onun dəyişilməsi ehtimalını mümkün saymaq lazımdır”.

Bu proqnozun nə dərəcədə real olmasına gəlincə, ekspert vurğuladı ki,  hər şey neftin qiymətindən asılı olacaq:"Agentlik hesab edir ki, 2019-cu ildə neftin qiyməti 2018-ci illə müqayisədə 24% ucuzlaşacaq və proqnozda da neftin qiymətinin ucuzlaşmasına əsaslanıb. Əgər neftin qiyməti bahalaşacaqsa və bu hədd 70 dollardan yüksək olacaqsa, manatın məzənnəsində ucuzlaşma ehtimalı çox aşağıdır. Hökumət ucuzlaşmanı ancaq ixracı stimullaşdırmaq məqsədilə edə bilər. Bu isə hələ ki Azərbaycan üçün aktual deyil. Çünki mövcud qeyri-neft ixracımızın zəif olmasının səbəbi milli valyutanın məzənnəsi deyil”.

S.Əliyev hesab edir ki, əgər neft 30-40 dollar səviyyəsinə düşəcəksə, bu halda manatın kəskin ucuzlaşması baş verəcək:"Mərkəzi Bank 2015-ci ildə olduğu kimi ehtiyatlarını xərcləməyəcək. Ən yaxşı halda bazara qısamüddətli dəstək verəcək. Neftin ucuzlaşması uzunmüddətli olacaqsa, növbəti ucuzlaşma qaçılmazdır”.

Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov qurumun İdarə Heyətinin 2018-ci ilin yekunlarına həsr olunmuş iclasında manatın məzənnəsi ilə bağlı danışıb. O bildirib ki, 2019-cu il və ortamüddətli dövr üçün pul-kredit siyasətinin əsas məqsədi stabil aşağı inflyasiya səviyyəsinin təmin edilməsidir: "Bunu nəzərə alaraq AMB özünün stabilləşmə xarakterli monetar və məzənnə siyasətini davam etdirməklə dolayı yolla ictimai rifaha, iqtisadi artıma və məşğulluğa dəstək verəcək. Manatın ikitərəfli məzənnəsinin dayanıqlığı növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq”.

AMB sədrinin sözlərindən də göründüyü kimi hökumət manatın  hazırkı məzənnə ətrafında sabitliyində maraqlıdır.

İqtisadçı ekspert Pərviz Heydərov isə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, adıçəkilən qurumun proqnozu absurddur: "2021-ci ilin sonunadək manat 1 ABŞ dollarına görə 2 manata yaxın və ya bundan da çox ola, yaxud, indiki kimi - yəni 1,70 səviyyəsində də qala bilər. Sadəcə olaraq, 1,70-dən aşağı bahalaşan deyil. Dəqiq olan yalnız budur. Yəni bahalaşsa, yalnız dollar bahalaşacaq, manat yox... Buna keçən il ərzində real zəmin mövcud olsa da, inzibati yolla imkan verilmədi və verilməyəcək də. Söhbət hökumətdən, konkret olaraq, Mərkəzi Bankdan (AMB) gedir. Bir ara maliyyə naziri Samir Şərifovun da milli valyutanın, yəni manatın son dərəcə möhkəm olmasının Azərbaycan üçün faydalı olmadığı barədə söylədiyi fikir kəskin ajiotajla qarşılandı ki, guya nazir bununla növbəti devalvasiya barədə anons vermiş oldu. Halbuki maliyyə nazirinin açıqlaması növbəti devalvasiya xəbərdarlığı deyildi. Agentliyin bunu dəqiq olaraq nəyə əsasən irəli sürdüyünü qeyd edə bilməsəm də, sözügedən açıqlamada ucuzlaşmanın neft üzrə dünya bazarında baş verəcək tendensiya ilə əlaqədar ortaya çıxacağı aydınlaşır. Sual yaranır ki, neftin dünya bazarlarında qiymətinin heç 1 həftə sonra belə necə olacağını müəyyən etmək mümkün olmadığı halda, ”S&P Global Ratings" haradan bilir ki, məsələn, gələn il neftin orta qiyməti necə olacaq? Və ölkəmizin valyuta bazarı yaxın 3 il ərzində yenə sərbəst şəkildə deyil, inzibati yolla tənzimlənəcəkmi? Manatın ucuzlaşması üçün real olaraq ən böyük təhlükə neftin qiyməti 50 dollardan aşağı düşəcəyi təqdirdə yaranacaq. Yalnız bu halda manatın ucuzlaşmasına yönəlik təzyiqlər güclənəcək. Belə olduğu təqdirdə də hökumət müəyyən müddət ərzində məzənnəni saxlamağa çalışacaq. Neftin qiyməti 40 dollardan aşağı həddə düşərsə, hökumət məzənnəni 3 aydan artıq saxlamaqda çətinlik çəkəcək. Ancaq nəzərə almalıyıq ki, qeyri-neft sektorumuz artır və bu sahədən ixrac getdikcə genişlənir. Və Azərbaycanın valyuta gəlirləri üzrə mənbələr tədricən şaxələnmək üzrə işartı göstərir. Düzdür, bu, hələ vaxt aparacaq. Ancaq ona qədər ARDNF və AMB tandeminin valyuta bazarında "oyunu” makroiqtisadi sabitliyi istənilən halda ümumən qoruyub saxlamağa imkan verəcək". /Y.M/

Oxşar xəbərlər