Bakı-Gəncə-Bakı qatarının 1 ayı - nələr oldu...

  • 29 yan 2019, 10:24

Sürətli sərnişin qatarı fəaliyyətə başlayandan bu günə qədər hər iki istiqamətdə 1250 sərnişin daşınıb

Bakı-Gəncə-Bakı sürət qatarının fəaliyyətə başlamasının bir ayı tamam oldu. Belə ki, ilk dəfə olaraq 2018-ci il dekabrın 29-da saat 9:00-da sürət qatarı Bakıdan Gəncəyə yola düşüb.

Qatarla ilk səfəri "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov başda olmaqla, QSC-nin rəhbər şəxsləri, deputatlar, jurnalistlər və incəsənət adamları etdilər. Sürət qatarı Gəncəyə 3 saat 45 dəqiqəyə çatdı. Lakin ümumilikdə hazırkı göstəriciyə görə, Bakı-Gəncə arasında orta sürət 90, maksimum sürət 140 kilometr saat nəzərdə tutulub. Gələcəkdə isə bu, 160 km saata qədər qaldırılacaq.

Növbəti gün, yəni dekabrın 30-da qatarla Bakıdan Gəncəyə sıravi vətəndaşlar səfər etmək imkanı qazandılar.

Qatar vaqonları "Stadler” şirkətinin istehsalıdır. Sərnişinlər VIP və biznes sinif vaqonları ilə yanaşı, ekonom vaqonlardan da istifadə edə bilirlər. Hər bir vaqon kiçik mətbəx, soyuducu və simsiz internetlə təchiz olunub.

Bakı-Gəncə-Bakı sürət qatarı ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşür. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Dörd vaqondan ibarət qatarda birinci klass (9 yer), biznes (62 yer) və standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yeri var. Gediş biletləri dəmir yolu kassalarında və internet saytında onlayn satılır.

Bəs ötən bir ay ərzində qatarın fəaliyyəti necə olub?

İlk olaraq qeyd edək ki, qatar fəaliyyətə başladıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər yazıldı. Yanvarın 5-də bir sıra şəxslər məlumat yaydılar ki, qatar yolda xeyli müddət dayanıb və sərnişinlər gecikiblər.

Lakin QSC-dən "Yeni Müsavat”a bildirildi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Qeyd olundu ki, 5 yanvarda Bakı-Gəncə-Bakı sürət qatarı yolda olarkən, gərginliyin verilməsində xırda problem yaranıb. Lakin problem dərhal aradan qaldırılıb və hərəkət davam edib. Onu da qeyd edək ki,   Qatarın Gəncəyə ilk çatdığı gün izdiham yaşanıb, konsert proqramı təşkil edildi. Müxtəlif ictimai şəxslər, qəzet redaktorları qatarla bağlı təəssüratlarında layihəni yüksək qiymətləndirdilər. Onlar bu qatarı gələcəyin qatarı adlandırdılar. Lakin buna baxmayaraq bir qrup şəxslər qatarın fəaliyyəti ilə bağlı mənfi informasiyalar yayıb, sürət həddinin aşağı olmasını xüsusi qabartdılar. "Azərbaycan Dəmir Yolları” isə məlumat yayaraq bildirdi ki,  qatarın sürəti getdikcə qaldırılacaq. Hazırda sürətin aşağı olmasının səbəbi kimi yollarda tamamlanmayan işlər əsas gətirildi.

"Azərbaycan Dəmir Yolları” QSC-dən "Yeni Müsavat”a bildirildi ki, qurumda gedən yeniləşmə prosesinin əsas tərkib hissələrindən biri də yolların əsaslı təmiridir:

 "Bu istiqamətdə dəmir yolunda kompleks işlər görülür. 2016-cı ildən dəmir yollarının əsaslı təmirinin növbəti mərhələsi həyata keçirilir. Artıq Bakı-Böyük Kəsik istiqamətində yollar dünya standartlarına uyğun, əsaslı təmir olunub, eyni zamanda həmin yollarda yeni yoldəyişənlərin quraşdırılması başa çatıb. Təmas şəbəkəsində yenidənqurma işləri tam başa   çatdırıldıqdan sonra maksimal sürət həddinin  140 km/saata çatdırılması planlaşdırılır”.

 Bakı-Gəncə-Bakı istiqamətində sürətli sərnişin qatarı fəaliyyətə başlayandan hər iki istiqamət üzrə daşınan sərnişinlərin sayı  da açıqlanıb. Qurumdan qəzetimizə bildirildi ki, Bakı-Gəncə-Bakı istiqamətində sürətli sərnişin qatarı fəaliyyətə başlayandan bu günə qədər hər iki istiqamətdə 1250 sərnişin daşınıb. Qeyd olunub ki, sərnişinlər daha çox standart tipli vaqonlardan istifadə edirlər:

"Növbəti sürətli sərnişin qatarı Bakıdan Qəbələ istiqamətində olacaq. Artıq Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi başlayıb. Yeni dəmir yolu xətti Ləki stansiyasından sağ tərəfə çıxmaqla, Ağdaşın yanından keçməklə Qəbələnin hava limanına qədər olacaq. Hazırda Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi davam edir”.

Oxşar xəbərlər