49-cu Davos İqtisadi Forumu işə başlayır

  • 22 yan 2019, 10:40

Dünyanın 3 liderinin iştirakdan imtina etdiyi Zirvə toplantısında nələr olacaq...

Yanvar ayının 22-də İsveçrənin  Davos şəhərində 49-cu Dünya İqtisadi Forumu baş tutacaq. Builki zirvə toplantısında mövzu "Qloballaşma 4: Dördüncü sənaye inqilabı dövründə yeni infrastrukturun formalaşdırılması”  olacaq. Forumla bağlı ən çox müzakirə edilən məsələlərdən biri də ABŞ prezidenti Donald Trampın iştirak etməkdən imtina etməsidir. Tramp twitterdə yazdığı açıqlamada  bildirib ki, demokratların, sərhəd təhlükəsizliyinin və xalqımızın təhlükəsizliyi ilə bağlı önəmli fikir ayrılıqları səbəbindən Dünya İqtisadi Forumu üçün Davos səfərini ləğv edir: "Dünya İqtisadi Forumuna isə ən səmimi diləklərimi və üzrlərimi çatdırıram”.

Trampla yanaşı, Böyük Britaniyanın baş naziri Tereza Mey və Fransa prezidenti Emmanuel Makron da Davosdakı zirvə toplantısında iştirak etməyəcək. Onlarında forumdan kənarda qalmasının səbəbi ölkədaxili problemlərdir.

Qardaş Türkiyəni isə xarici işlər naziri Mövlud Çavuşoğlu, maliyyə naziri Berat Albayraq, ticarət naziri  Ruhsar Pekcan və Mərkəzi Bankın rəhbəri Murad Çətinkayanın təmsil etməsi gözlənilir.

Qeyd edək ki, Davos Zirvə toplantısına 110 ölkədən 3 mindən çox  iş adamı, siyasətçi, elm adamı və vətəndaş cəmiyyəti nümayəndəsi qatılacaq. 60-dan çox ölkənin dövlət başçısı və baş nazir səviyyəsində təmsil ediləcəyi zirvədə Almaniya baş naziri Angela Merkel, Yaponiya baş naziri Şinzo Abe və Böyük Britaniya krallığının ikinci varisi, Kambric şahzadəsi Viliam  əsas iştirakçılar olaraq ön plandadırlar. Azərbaycan prezidenti İlham Əliyevin də Davos forumunda iştirak edəcəyi bildirilir. O cümlədən BMT, NATO, Dünya Bankı  kimi beynəlxalq təşkilatların rəhbərliyi də foruma qatılacaqlar.

Dünya İqtisadi Forumunun qurucusu və İdarə Heyətinin rəhbəri  Klaus Şvab isə bildirib ki, gənc nəslin iştirakı daha önəmlidir.

Forumla bağlı baş verənləri "Yeni Müsavat”a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, toplantıda Trampın iştirak etməməsi təsadüfi  deyil: "Bir qayda olaraq Davos Forumunda qloballaşma məsələlərini önə çəkilir. Ancaq  Trampın qloballaşma əleyhinə olan bir şəxs olması artıq sual doğurmur. Daim qloballaşma əleyhinə çıxış edən, Amerika maraqların hər şeydən üstün tutan, ticarət müharibələri aparan, gömrük rüsumlarını artıran bir prezidentdir. ABŞ-ın əvvəlki prezidentlərinin siyasətinə nəzər salsaq, Trampın bu profili yenidir. Çünki Amerika həmişə qloballaşmanın tərəfdarı kimi çıxış edirdi. İndi dünyada və Amerikada yeni trend başlayıb. Qloballaşmanın əleyhinə olan və  bu prosesdə hər bir ölkənin marağının önə çıxdığı bir dövrdür. Trampın Davos Forumuna qatılmamasının səbəbi kimi formal olaraq hökumətin bağlanması məsələsi göstərilir. Ancaq mən düşünürəm ki, bunun daha qlobal səbəbi var, Trampın qloballaşma əleyhinə olması və ölkəsinin nüfuzundan istifadə edərək Amerika maraqlarını irəli çıxarmasıdır. ABŞ prezidentinin qatılmaması təbii ki, forumun nüfuzuna xələl gətirir”. 

İqtisadçı vurğuladı ki, bütün bunlara baxmayaraq, Davos Forumu dünyanın ən nüfuzlu platformalarından biridir, dünyanın inkişaf trendlərinin müzakirə olunduğu bir məkandır: "Çox güman  ki, mövzular da  bununla bağlı olacaq. Mən proqramı nəzərdən keçirmişəm. Müzakirələr yeni texnologiyalarla,  süni intellektin iqtisadiyyatda tətbiq ilə bağlı, blokçeyn texnologiyasının iqtisadiyyata tətbiqi ilə bağlı olacaq. Bir də ekoloji məsələlərə yer ayrılacağı gözlənilir. İqtisadiyyatın, sənayenin, ekologiya ilə, yaşıl iqtisadiyyatla birgə fəaliyyəti ilə bağlı məsələlər olacaq. Maraqlı bir forum olacaq və dünyanın yaxın illərdəki inkişaf istiqamətləri müzakirə ediləcək”.

İqtisadçı alim Vüqar Bayramov  da "Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Trampın qatılmaması Davos Forumunun əhəmiyyətini azaltmır: "Davos İqtisadi Forumu yeganə forumdur ki, dünyanın ən böyük dövlətlərinin hökumət başçıları, şirkət rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya yığmaq imkanına malikdir. 2019-cu ildə isə ötən illərdən fərqli olaraq bir çox ölkələrin rəhbərləri bu forumda iştirak edə bilməyəcək. Ən çox diqqət çəkən isə Trampın foruma qatılmamasıdır. Ancaq bu heç də Davos İqtisadi Forumunu boykot etməsi anlamına gəlmir. O, twitter səhifəsində də bildirmişdi ki, bu foruma qatılmaması ABŞ-ın daxili problemləri ilə bağlıdır. Söhbət ABŞ-la Meksika arasındakı divarın inşası ilə bağlı razılığın əldə edilməməsindən gedir. Tramp hesab edir ki, indiki durumda Vaşinqtonda qalması bu məsələni çözməsinə səbəb ola bilər. Hətta Davos İqtisadi Forumundan üzrxahlıq da etdi. Düşünmürəm ki, bu forumun əhəmiyyəti itib”.

İqtisadçının fikrincə, Azərbaycan üçün forumda iştirak xarici investisiyanın ölkəmizə cəlb edilməsi baxımından çox əhəmiyyətlidir: "Davos İqtisadi Forumunun qərarları məcburi deyil, tövsiyə xarakteri daşıyır. Bu, sanki dünya ölkələri üçün bir tribunadır. Bu mənada Azərbaycan üçün də vacibdir. Çünki 2019-cu ildə Azərbaycan üçün prioritet məqam daha çox xarici investisiyanın cəlb edilməsidir. Bu mənada zirvə toplantısına 1000-dən artıq şirkət rəhbərinin, bütövlükdə isə 3000 nəfərin qatılması proqnozlaşdırılır. Bu, Azərbaycanın iqtisadi potensialının təqdim edilməsi baxımından çox vacibdir. Burada danışıqlar yalnız dövlət və hökumət başçıları ilə aparılmır, o cümlədən şirkət rəhbərləri ilə də keçirilir ki, bu da məhz xarici investisiyanın və texnologiyanın cəlbi baxımından çox vacibdir. Azərbaycanın bu imkanı istifadə etməsi müsbət haldır və gələcəkdə də daimi olaraq istifadə etməlidir”.

"Yeni Müsavat”

Oxşar xəbərlər