Neft hasilatını 20 min barel azaldırıq

  • 11 yan 2019, 10:48

İlham Şaban: "Bu azalma real görünmür”

Azərbaycan bu il neft hasilatını gündəlik 20 min barel azaltmalıdır. Bu, 2018-ci dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətləri nazirlərinin V görüşündə qəbul edilmiş qərarla bağlıdır. Həmin qərarda neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb.

Qeyd edək ki, 2018-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft hasilatı 790 min barel təşkil edib. Energetika Nazirliyindən verilən məlumata görə, bunun 721 min barelini xam neft, 69 min barelini kondensat təşkil edib. Gündəlik 617 min barel xam neft, 69 min barel kondensat, 13,4 min barel isə neft məhsulları ixrac edilib.

Ötən il də Azərbaycan OPEK+ ölkələri arasındakı razılaşmaya əsasən gündəlik hasilatı 35 min barel azaltmağı öhdəsinə götürmüşdü. Energetika Nazirliyinin açıqlamasına görə, ölkə bu öhdəliyə tam əməl edib. Belə ki, ötən il orta gündəlik neft hasilatı 792,6 min barel təşkil edib.

Neft sahəsi üzrə mütəxəssis, "Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, Azərbaycan hökumətinin OPEK konfransı çərçivəsində götürdüyü öhdəliyə əməl etməsi bir qədər çətin görünür: "Əvvəla, qeyd edim ki, hökumətin büdcə sənədində və Hesablama Palatasının bu sənədə hazırladığı rəydə 2019-cu ildə neft hasilatında gözlənilən azalma ilə bağlı qeyri-real məlumatlar əksini tapıb. Mən başa düşə bilmirəm ki, bu məlumatlar haradan götürülüb? Qeyd edirlər ki, yalnız ”Azəri-Çıraq-Günəşli"dən neft hasilatı bu il 1,5 milyon ton azalacaq. Ötən il bu yataqdan hasilat 28 milyon ton olub. Büdcə zərfində isə builki hasilatın 26,5 milyon ton olacağı qeyd edilib. Məsələ burasındadır ki, ötən il Azərbaycanda neft hasilatı artıb. 2011-ci ildən bəri ilk dəfə hasilatda artım qeydə alınıb. Bu halda 1,5 milyon ton azalmanın olacağına dair məlumat haradan əldə edilib, mən anlaya bilmirəm. İkincisi, götürülən öhdəliyə baxmayaraq, bu il gündəlik hasilatın ən yaxşı halda 17,5-18 min barel azaldılması mümkündür. Çünki "Azəri-Çıraq-Günəşli”dən hasilat azalsa belə, "Şahdəniz”dən kondensat hasilatında artım gözlənilir. Və bu artımın qarşısını almaq da mümkün deyil. Bu şəraitdə ən yaxşı halda hasilatın 18 min barel azaldılması mümkündür".

Ekspert hesab edir ki, Azərbaycanın götürdüyü öhdəliyə əməl etməməsində ciddi bir problem yoxdur: "Qazaxıstan keçən il hasilatın 85 milyon ton olacağını gözləyirdi. Bununla bağlı öhdəlik götürmüşdü. Lakin ”Kaşaqan"dan hasilatın artması nəticəsində ili 90 milyon tonla başa vurdu. Yəni öhdəlikdən bir qədər kənara çıxmaqda hansısa ciddi problem görmürəm".

İ.Şabanın sözlərinə görə, ötən il dünya bazarında neftin orta qiyməti bir barel üçün 70 dollar təşkil edib. Bu il üçün orta qiymət 60 dollar olarsa, Azərbaycan hasilatı 20 min barel azaltmaqla gündəlik 1,2 milyon dollar qazancdan imtina etmiş olacaq. Bir il ərzində isə bu itki təxminən 440 milyon dollara yaxın təşkil edə bilər.

Onu da qeyd edək ki, yanvarın 10-da dünya birjalarında neftin qiymətində azalma qeydə alınıb. Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barelinin qiyməti 0,58 dollar ucuzlaşaraq 60,86 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,59 dollar azalaraq 51,77 dollar təşkil edib.

"Azeri Light” neftinin bir barelinin qiyməti isə 3 dollara yaxın bahalaşaraq 62,49 dollar təşkil edib.

"Yeni Müsavat”

Oxşar xəbərlər