Qubad İbadoğlundan Cavid Qurbanova ismarıc: "...öyünməyə dəyərmi?"

  • 30 dek 2018, 19:14

"Türkiyədə Ankara-Eskişehir xəttində hərəkət edən sürət qatarı 245 km məsafəni 1 saat 25 dəqiqəyə (saatda 173 km), Rusiyada Moskvadan Peterburq marşrutu ilə hərəkət edən sürət qatarı 714 km məsafəni 3 saat 46 dəqiqəyə (saatda 190 km), Özbəkistanda Daşkənd Səmərqənd istiqamətində hərəkət edən sürət qatarı 344 km məsafəni 2 saat 8 dəqiqəyə (saatda 161 km) qət edir. Bakı -Gəncə qatarı 364 kilometri 4 saat 30 dəqiqəyə (saatda 81 km) qət edib. Bu hadisəyə görə yüzlərlə Gəncə sakini izdihamla qarşılama mərasiminə qatılıb".

Demokratik.Az xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, müasir dünya belə sürətlə ötən əsrin ikinci yarısında qürrələnirdi: "Hazırda isə bir sıra ölkələrdə hər saat üçün qatarların orta sürəti 300 km, maksimum sürət isə 600 km ətrafındadır. Bunu təqdim etdiyim cədvəldəki sürət qatarlarının reytinqindən bunu görmək olar. Bununla, mən, Azərbaycanı heç də Yaponiya, Cənubi Koreya, Çin, Almaniya, Fransa, İngiltərə, Avstriya ilə müqayisə etmək niyyətində deyiləm, amma biz ən azından Türkiyə, Rusiya, hətta Özbəkistan səviyyəsində belə nəticələri təkrarlaya bilmirik". 

İqtisadçı yazır ki, əslində, Azərbaycanda sürət problemi qatarla bağlı deyil, dəmir yol xəttinin keyfiyyəti ilə əlaqədardır: "Halbuki, son illər ərzində Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üçün yalnız Dövlət Neft Fondundan 589,2 milyon manat vəsait ayrılıb. Lakin hələ də Azərbaycanda dəmir yollarının texniki durumu qatarların orta sürətini 80-dən yuxarı qaldırmağa imkan vermir".

 


Oxşar xəbərlər