Sənaye müəssisələri Bakıdan kənara köçürüləcək

  • 28 dek 2018, 08:38

Mütəxəssislər deyir ki, paytaxtda cəmi iki müəssisə var

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, sənaye müəssisələri paytaxtdan köçürüləcək. Onun sözlərinə görə, Bakının yeni baş planı hazırlanır, şəhərdə sıxlığın azaldılması üçün müvafiq tədbirlərin görülməsi, sənaye müəssisələrinin paytaxtdan kənara çıxarılması nəzərdə tutulur.

Bakı rəhbərinin dediyi sənaye müəssisələri hansılardır? Bu müəssisələrin Bakıdan çıxarılması üçün ərazi varmı? Ekoloq, "Eko-Aləm” İctimai Birliyinin sədri Sevil Yüzbaşovanın dediyinə görə, Bakı lap əvvəldən sənaye şəhəri olub: "Sovet vaxtı iri müəssisələr, zavodlar tikilib və uzun müddət fəaliyyət göstəriblər. Son illər ərzində keçid dövründə şəhərdə olan demək olar ki, bütün iri zavod və fabriklər öz fəaliyyətini dayandırıb. Baxmayaraq ki, digər sovet respublikalarında olan sənaye müəssisələri hələ də fəaliyyət göstərir. Bəzilərinin yerində MMC-lər, özəl müəssisələr, sexlər fəaliyyət göstərir. Zavodların, fabriklərlərin administrativ binaları, sexləri sökülüb, çox qiymətli avadanlıqlar məhv edilib, minlərlə insan işsiz qalıb. Halbuki bu binalardan müxtəlif məqsədlər üçün istifadə etmək olardı. Hətta bəzi zavodların sexlərini muzey kimi də istifadə etmək olardı”.

Ekoloq xanım bildirir ki, xarici ölkələrdə maraqlı bir təcrübəyə rast gəlib: "Zavodun sexini konfrans zalı kimi istifadə ediblər, beynəlxalq tədbirlər keçirirlər. Bizdə isə hamısını söküb məhv ediblər. Heç tarixi abidə kimi də heç nəyi qoruyub saxlamayıblar. Təəssüf ki, belədir. Bir ekoloq kimi isə təbii ki, şəhər içərisində ətraf mühiti, atmosfer havasını zəhərləyən müəssisələrin olmasını mən də istəmərəm. Ətraf mühitə ziyan vuran, onu kirləndirən fəaliyyətlərin əleyhinəyəm.

Tutaq ki, qalan nə müəssisə varsa onu da bağlayıb, şəhərdən kənara daşıyacaqlar, iqtisadi cəhətdən nə qədər ziyanlı və ya sərfəli olacaq bunu deyə bilmərəm. Ancaq onu qeyd etmək istəyirəm ki, ətraf mühitə ziyanlı təsiri olan müəssisələri daha təmiz ərazilərə köçürüb, yeni əraziləri çirklənməyə məruz qoymaq olmaz. Yaxşı olardı ki, bu müəssisələrin rəhbərlərinə dəstək verilsin ki, onlar yeni texnologiyalardan istifadə edərək, öz müəssisələrinə yeni, ətraf mühitə ziyanlı təsiri az olan avadanlıqlar alsınlar və işlərini yenidən qursunlar. Yəni yeni texnika və texnologiyalardan istifadə etmək imkanları olsun ki, ətraf mühiti çirkləndirməsinlər".

Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov da hesab edir ki, Bakıda köçürüləcək iri müəssisə qalmayıb: "Bu müəssisələr haradadır, göstərsinlər görək? İki neft emalı zavodu var - birini gələn ildən sökəcəklər, ərazisini də verəcəklər ”Ağ şəhər"ə. Digərini isə yenidən qururlar, müasir texnologiyalar quraşdırırlar. Başqa elə bir zavod-fabrik qalmayıb axı Bakıda? Nəyi köçürəcəklər? Tekstil, yüngül sənaye, yeyinti sənayesi müəssisələrinin hamısı bağlanıb, dağıdılıb. Hər hansı bir məsələni qaldıranda gərək əlində faktın ola. Bakının rəhbərliyi bu gün şəhərdə yığılıb qalan problemlərin həllini ilk plana çəkməlidir. Şəhərin kanalizasiya, yol problemləri var. Kanalizasiya sistemi tamamən yenidən qurulmalıdır. Yolların kənarlarında vaxtilə özbaşına o qədər ticarət, iaşə obyektləri tikiblər ki, hər yerdə sıxlıq yaranıb. Bunun qarşısını almağın yollarını fikirləşmək lazımdır. Şəhərin baş planında ilk növbədə bu problemlərin aradan qaldırılması üçün tədbirlər əksini tapmalıdır".

Onu da qeyd edək ki, hazırda Bakıda iki neft emalı zavodu var. Bunlardan biri "Azərneftyağ”dır ki, 1880-ci illərdən fəaliyyət göstərir. Sovet dövründə 8 milyon tona qədər neft emalı gücü olub, ancaq son illər emal gücü 1-1,5 milyon tona düşüb. İkinci neft emalı müəssisəmiz indi H.Əliyev adına NEZ-dir. O, 1953-cü ildə tikilib. 1983-cü ildə modernizasiya edilib və 2015-ci ildən əsaslı şəkildə yenidən qurulur. "Azərnetyağ”da hazırda ancaq bitum qurğusu fəaliyyət göstərir. H.Əliyev adına NEZ-də yeni bitum qurğusu tikilərək bu günlərdə istifadəyə verili. Buna görə də "Azərneftyağ” 2019-da demontaj olunmalıdır.

Qeyd edək ki, bir neçə il əvvəl H.Əliyev adına NEZ-in də bağlanması planları var idi. 2009-cu ildə prezident İlham Əliyevin sərəncamına əsasən ölkədə yeni Neft, Qaz emalı və Neft-kimya Kompleksinin inşası ilə bağlı komissiya yaradılıb. Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən hazırlanmış təkliflər paketini hökumət təsdiqləyib. Yeni kompleksin 2018-2020-ci illərdə istifadəyə verilməsi nəzərdə tutulurdu. Kompleksin tərkibinə Qaz Emalı Zavodu (ildə 10 mlrd. kubmetr istehsal gücü), Neft Emalı Zavodu (ildə 10 mln. ton istehsal gücü), Neft Kimya Zavodu (ildə 1,8 mln. ton hazır məhsul), Enerji Bloku və s. yardımçı infrastruktur daxil olacaqdı. Kompleksin istismara verilməsi ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən qaz emalı, neft emalı və neft-kimya sahələri üzrə köhnə istehsal güclərinin istismardan çıxarılması nəzərdə tutulurdu. Lakin sonradan neft emalı zavodunun tikintisi planı təxirə salındı. Belə ki, neftin dünya bazar qiymətinin ucuzlaşması bu layihənin qrafikinə ciddi təsir göstərdi. 2014-cü ildə məlum oldu ki, neft emalı zavodu bu layihənin ikinci mərhələsində inşa ediləcək və 2032-ci ildə istismara veriləcək. Ona qədər isə H.Əliyev adın NEZ 2 milyard dollarlıq sərmayə hesabına yenidən qurulacaq.

Oxşar xəbərlər