OPEK üzərində “qara buludlar” - bizi nə gözləyir?

  • 11 noy 2018, 20:54

Səudiyyə Ərəbistanı hökuməti Neft İxracatçıları Ölkələri Təşkilatının (OPEK)-in süqutu ssenarisini nəzərdən keçirən tədqiqat sifariş verib. Bu barədə məlumatı "Vol Strit Jurnal” qəzeti yayıb. Məlumata görə, Ər-Riyad tədqiqatla bağlı sifarişini ABŞ-da məhkəmələrə OPEK ölkələrinə qarşı antimonopoliya ittihamlarına baxmağa izn verən NOPEC-ə qanun layihəsinin hazırlanması fonunda verib.

Qəzetin digər mənbələri Ər-Riyadın hələlik ciddi şəkildə 60 ildir hökmranlıq etdiyi OPEK-in buraxılması məsələsini diqqətdən keçirmədiyini bildiriblər: "Mənbə tədqiqatın aparılmasında əsas məqsədin başqa olduğunu iddia edir. Belə ki, Ər-Riyad bazardan neftə marağın həddən artıq azalmasından və OPEK-in bazarda əvvəlki rolu oynaya bilməməsindən qorxur. Krallıq anlayır ki, neftə tələb daim davam edə bilməz. Digər tərəfdən, Səudiyyə Ərəbistanı OPEK-in bazarda mühüm rol oynamasına da şübhə ilə yanaşmağa başlayıb. Ər-Riyadın fikrincə, o, artıq Moskva ilə birgə bazara daha effektli təsir edə bilir”.

İki ay öncə ABŞ prezidenti Donald Tramp da OPEK-dən narazılığını dilə gətirmişdi. O, OPEK-i "inhisarçı” adlandıraraq, dərhal neftin qiymətlərini aşağı salmağa çağırmışdı. Tramp bildirmişdi: "Biz Yaxın Şərq ölkələrini müdafiə edirik, onlar uzun müddət biz olmadan təhlükəsiz vəziyyətdə qala bilməzlər. Bununla belə, yenə də qiymətləri artırmaqda davam edirlər. İnhisarçı OPEK neftin qiymətlərini dərhal aşağı salmalıdır”.

Trampın bu çıxışından sonra dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişmişdi. Neft ixrac edən Azərbaycan üçün də təbii ki, dünyada gedən bu kimi proseslər önəmlidir. Bəs proseslərin ölkəmizə hansı təsiri ola bilər?

"Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, OPEK-lə bağlı ilk dəfə 2003-cü ildə Amerikada məhkəmə prosesi olub: "Lakin sonradan dəlil yetərsizliyi adı altında bu, saxlanıldı. Hər kəs də başa düşdü ki, siyasi bir qərar oldu. Çünki ABŞ-la OPEK arasında anlaşma baş verdi. Söhbət ondan gedir ki, dünyada kartel sövdələşmələri iqtisadi cinayət sayılır. Yəni hüquq məntiqi ilə götürsək, OPEK neft hasil edən ölkələrin kartel toplantısıdır. Kartel danışıqlarına uyğun olaraq, 2016-cı ildə hasilatın azaldılması yolu ilə qiyməti qaldırmaq kimi bir addım atdılar. Bu, əslində beynəlxalq hüquq, Ümumdünya Ticarət Təşkilatının qaydaları baxımından cinayət sayıla bilər. Çünki Avropa ölkələrində buna bənzər digər şirkətlərə qarşı maliyyə cinayəti araşdırmaları aparılıb. Hətta "Apple”, "Google”, "Samsung” kimi iri şirkətlərin kartel sövdələşmələrinə görə ciddi şəkildə cəzalandırılması da baş verib.

Bu baxımdan Trampın açıqlamasında müəyyən həqiqət var. Bir anda düşünün ki, dünyanın çox az ölkəsində şokolad ağacları var və orada şokoladın istehsalı üçün xammal yetişir. Həmin ölkələr də şokolad karteli yaradıb, qiyməti qaldırmaq üçün də ağacların sayını azaldırlar. Belə olarsa, dərhal dünya ayağa qalxar ki, siz maliyyə cinayəti ilə məşğulsunuz. Həmin məntiqə görə, gələcəkdə OPEK-ə qarşı da bu cür addımların atılması mümkündür. Artıq Konqresə bu yaxınlarda NOPEK adlı qanun layihəsi də təqdim olunub. Bu qanun layihəsinə görə, Amerika ərazisində şirkətlər, fiziki və hüquqi şəxslər kartel sövdələşməsinə görə qiymət artımı məsələsində OPEK-i məhkəməyə verib, təzminat ala biləcəklər. Əgər qanun layihəsi yanvar ayına qədər Konqresin müzakirəsinə çıxsa və qərar qəbul olunsa, ciddi proseslər başlaya bilər. Bu isə OPEK-in sonunu gətirər. OPEK yaradılan zaman hasilatın tənzimlənməsindən başqa, neft yataqlarının işlənməsi, yeni texnologiyanın tətbiqi, neft hasil edən ölkələrin bir-birinə dəstək olması məsələsi də nəzərdə tutulurdu. Sonradan isə kvotaların müəyyənləşməsi artıq OPEK-in kartel sövdələşməsinə getdiyinin sübutudur. Ola bilər ki, Səudiyyə Ərəbistanı gələcəkdə ciddi təzminatlar ödəyəcəyi haqqında indidən düşünür. Ona görə də gələcəkdə OPEK-in formatının dəyişdirilməsi ilə bağlı indidən addımlar atmaq istəyir. Məqsəd də odur ki, əgər Amerikada bəhs etdiyimiz qanun layihəsi qəbul olunarsa, bu qərardan kənarda qalsın və təzminat ödəməsin. Ona görə də OPEK-in gələcəyi dumanlı görünür. Səudiyyə OPEK-dən çıxsa və təşkilatın əhəmiyyəti azalsa bu, neft qiymətlərinə ciddi təsir göstərəcək”.

Ekspert bildirib ki, belə olarsa, Azərbaycan da problem yaşayacaq: "Qeyd etdiyimiz hal baş versə, neft şirkətlərinə ağır zərbə dəyəcək. Çünki hər bir ölkə çalışacaq ki, kvotalara əməl etmədən, neft hasilatını artırsın ki, bazarda yerini qorusun. Yəni çox ciddi məsələdir və bu, Azərbaycana da zərərdir. Azərbaycanda iqtisadiyyatın ciddi şəkildə neftdən asılılığını, neft qiymətlərinin bütün makroiqtisadi göstəricilərdə həlledici rol oynadığını düşünsək, təbii ki, neftin gələcəkdə qiymətinin düşməsi, Azərbaycan iqtisadiyyatına da böyük zərbə vura bilər. Burada hələ ki yeganə qeyri-müəyyənlik İranla bağlıdır. Tramp administrasiyası hələ ki, 8 ölkəyə 6 aylıq müddətə İrandan neft almağa icazə verib. Həmin 8 ölkə İran neftinin 95 faizini alırdı. İranla bağlı münasibət daha da kəskinləşsə, hərbi gərginlik yaransa, o zaman neftin qiymətləri kəskin bahalaşa bilər. Lakin belə bir ehtimallar getdikcə azalsa, əksi baş verə bilər. ABŞ-la İran arasında danışıqlar müsbət yekunlaşarsa, yeni saziş bağlanarsa, neft qiymətlərinə böyük zərbə dəyə bilər”.

Oxşar xəbərlər