Yeni məşğulluq strategiyasında nələr var?

  • 01 noy 2018, 10:27

Ekspert: "Fəaliyyətlər real olsa, hədəflərə çatmaq mümkün olacaq...”

Azərbaycanda məşğulluq siyasətinin əsas hədəflərini müəyyənləşdirən sənəd qəbul olunub. Bu, prezidentin sərəncamı ilə təsdiqlənən "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”dır. "Yeni Müsavat” xəbər verir ki, sənəddə Azərbaycanın demoqrafik baxımdan sabit inkişaf edən ölkə sayıldığı bildirilir.

Belə ki, 2006-2017-ci illər ərzində ölkədə əhalinin orta illik artım sürəti 1,3 faizə yaxın olub ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdəndir. Hazırda ölkədə doğulanların sayı ölənlərin sayını 3 dəfəyə yaxın üstələyir. BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaq.

Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə ölkə əhalisinin təbii artımı nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək. Pensiya yaşına çatmış əhalinin sayının 2015-ci ildəkinə (841 min nəfər) nisbətən 2030-cu ilədək 2 dəfə artacağı proqnozlaşdırılır ki, bu da dövlətin sosial yükünü artıra, həmçinin yaşlı insanların sosial təminatında əlavə tədbirlərin həyata keçirilməsi zərurətini yarada bilər.

2017-ci ildə 15-64 yaş arasında əhalinin sayı 7 milyon nəfərdən artıq olub. Proqnozlar 2025-ci ilədək bu rəqəmin demək olar ki, dəyişməyəcəyini, növbəti beş ildə isə 1,3 faiz artacağını göstərir. Bundan əlavə, əmək bazarına daxil olan 15-24 yaş arasında şəxslərin sayında azalma meylinin 2025-ci ilədək davam edəcəyi, ondan sonrakı beş ildə isə artacağı proqnozlaşdırılır. 2017-ci ildə Azərbaycanda 15-24 yaş arasında şəxslərin sayı 1,5 milyon nəfərə yaxın olubsa, 2025-ci ildə bunun 17 faiz az olacağı, sonrakı illərdə isə artaraq 2030-cu ildə 2015-ci ilin səviyyəsinə (1,6 milyon nəfər) çatacağı proqnozlaşdırılır.

2017-ci ildə ölkədə iqtisadi fəal əhalinin sayı 2005-ci illə müqayisədə 693,7 min nəfər artaraq 5073,8 min nəfərə çatıb, onun da 4822,1 min nəfərini iqtisadiyyatda məşğul olanlar, 251,7 min nəfərini isə işsiz əhali təşkil edib. 15 və 15-dən yuxarı yaşda əhalinin sayında məşğul əhalinin payı 2017-ci ildə 62,9 faiz təşkil edib, iqtisadi fəal əhalinin 32,7 faizi ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil səviyyələrinə malik olub.

Strategiyaya görə, işsizlər arasında qadınların və gənclərin payının yüksək olması əmək bazarında müşahidə edilən əsas problemlərdəndir.

Strategiyanın məqsədi məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, tam məşğulluğu təmin etmək, layiqli əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəltməkdir.

Strategiyanın bir neçə mühüm istiqamət üzrə həyata keçirilməsi nəzərdə tutulur. Bunlar məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi; əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi; işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi; aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi; sosial dialoqun inkişaf etdirilməsi və qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması; əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsidir.

Sənədi "Yeni Müsavat”a şərh edən ekspert, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, bundan əvvəl ölkədə 2006-2015-ci illəri əhatə edən birinci məşğulluq strategiyası həyata keçirilib: "Bu, ikinci sənəddir. Onun hazırlanması üzrə işçi qrupunun üzvü olmuşam.  Prezidentin strategiyanın təsdiqlənməsi barədə sərəncamında üç ay müddətində tədbirlər planının hazırlanması tapşırılıb. Həmin planı gördükdən sonra strategiyanın həyata keçirilməsinin nə qədər real olduğunu dəqiq söyləmək mümkündür”.

Ekspertin sözlərinə görə, yeni strategiyada birinciyə nisbətən bir sıra yeni və müsbət tendensiyalar var: "Məsələn, aqrar sektorun inkişafı, bu sektorda iş yerlərinin açılması əsas prioritetlərdən biri kimi qoyulur. Bildiyiniz kimi, energetika sektoru nə qədər gəlir gətirən sahə olsa da, çox az əmək tutumludur. Amma aqrar sektorda gəlirlər yüksək olmasa da, əmək tutumludur və yüz minlərlə insanı işlə təmin edə bilər. İkinci məsələ təhsillə bağlıdır. Təhsil məşğulluğun təmin olunmasında ən mühüm həlqədir. Burada söhbət ali və orta ixtisas təhsilindən daha çox peşə təhsilindən gedir. Ən mühümü isə qısamüddətli peşəyönümlü kursların təşkilidir. Bildiyiniz kimi, ötən ildən Azərbaycanda ”İşsizlikdən icbari sığorta haqqında" Qanun qüvvəyə minib. Həmin qanun əsasında xüsusi fond yaradılıb, ora ildə təxminən 90 milyon manat toplanır, getdikcə də bu məbləğ artmalıdır. Həmin vəsaitin bir hissəsi də peşəyönümü ilə bağlı işlərə sərf olunacaq. Bu, strategiyada da əksini tapıb. Elə adamlar var ki, 15-20 il bir yerdə işləyib, amma indi onun peşəsinə ehtiyac yoxdur deyə işsiz qalıb. Belə adamları məşğulluq orqanları öz hesabına peşəyönümü kurslara cəlb edərək işlə təmin edir. Digər məsələ, bizdə təhsili ancaq nəzəri biliklər verir. Buna görə də işəgötürənlər təhsili yeni bitirənləri təcrübələri olmadığı üçün işə götürmürlər. Bu da gənclər arasında işsizliyi artırır. Strategiyada bu məsələnin həlli də nəzərdə tutulur. Amma görək tədbirlər planında hansı mexanizm əksini tapacaq".

Məşğulluq Strategiyasında əksini tapan daha bir məsələ aktiv məşğulluqla bağlıdır: "Bizdə əlilliyi olan şəxslərin cəmi 10-12 faizi əmək fəaliyyəti ilə məşğuldur. Halbuki onların əksəriyyəti əmək qabiliyyətlidir. Sovet sistemi beləydi ki, əlillərə kiçik bir müavinət verirdilər ki, otur evində. Avropada isə aktiv dəstək proqramları işləyir. Əlilliyi olan şəxslər işlə təmin olunur, amma tam hasilat normasını  yerinə yetirmək imkanları olmadığı üçün işəgötürənlərə yük düşməsin deyə xüsusi fondlardan onlara əlavə vəsaitlər ayrılır. Strategiyaya ”Aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi" adlı xüsusi bölmə daxil edilib. Tədbirlər planında bu istiqamətdə hansı real tədbirlərin nəzərdə tutulacağı maraq doğurur. Birinci strategiyada real olmayan bir sıra tədbirlər vardı ki, icra olunmamış qaldı. Ona görə də nəzərdə tutulan hədəflərə nail olunması üçün hansı addımların atılacağı mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu sənəddə hədəflər düzgün müəyyənləşdirilib. O hədəflərə çatmaq üçün hazırlanacaq tədbirlər işlək mexanizmə malik olsa, abstrakt olmasa, tədbirlərin icrasına yaxşı nəzarət mexanizmi yaradılsa, strategiya uğurla icra ediləcək".

Oxşar xəbərlər